Rifah təlimi: insanı aldadan və həlaka aparan yalan!

Article by

Founder & Teacher, desiringGod.org

Rifahı təbliğ edən məsihçi vaizlərinə reaksiyam belədir: “Mən özüm məsihçi olmasaydım, bu vaizlərin elan etdikləri məsihçiliyi istəməzdim.” Başqa sözlə, əgər İsanın öyrətdiyi budursa, çox sağ olun, istəmirəm!

İnsanı varlanmaq arzusu ilə Məsihə gətirmək cəhdi onu həm aldadır, həm də həlaka aparır. Aldadır, çünki İsa Özü bizə öyrədir ki, “sizdən hər biriniz bütün əmlakından əl çəkməsə, Mənim şagirdim ola bilməz” (Luk. 14:33). Həlaka aparır, çünki Müqəddəs Kitabda varlanmaq arzusunun “insanı məhvə və həlaka” (1Tim. 6:9) apardığı yazılır. Buna görə, Müjdəni vəz edənlərə müraciət etmək istəyirəm.

1. İnsanların cənnətə getmələrini çətinləşdirən xidmət fəlsəfəsini mənimsəməyin.

İsa dedi: “Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir!” Onun şagirdləri bu sözə məəttəl qaldılar. Müasir “rifah” hərəkətinə qatılan məsihçilər də belə sözə məəttəl qalardı. Odur ki İsa: “Dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır” – deyib onları daha da çox təəccübləndirdi. Hələ buna inana bilməyən şagirdlər: “Elə isə, kim xilas ola bilər?” – deyə, soruşduqda, İsa: “Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün yox. Çünki Allah üçün hər şey mümkündür” (Mark 10:23-27) – deyə, cavab verdi.

Rifahı təbliğ edən vaizlərə belə sual verəcəyəm: Siz niyə insanların cənnətə getmələrini çətinləşdirən bir şeyi xidmətinizin diqqət mərkəzinə qoymaq istəyirsiniz?

2. İnsanlarda onları məhvə aparan həvəsi yaradan xidmət fəlsəfəsini mənimsəməyin.

Paul dedi: “Əlindəki ilə kifayətlənərək mömin olmaqsa böyük qazanc mənbəyidir. Çünki dünyaya heç bir şey gətirməmişik və oradan heç bir şey də götürə bilmərik. Yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik.” Ondan sonra o, varlanmaq həvəsinə qarşı xəbərdarlıq etdi. Bunu etməklə o, eyni zamanda, insanların bu həvəsdən azad olmalarına deyil, daha çox varlı olmaq istəmələrinə kömək edən vaizlərə qarşı xəbərdarlıq etdi: “Zəngin olmaq istəyənlərsə, sınağa və tora düşərlər; insanı məhvə və həlaka aparan bir çox axmaq və ziyanverici ehtiraslara batırlar. Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Kimlərsə bu həvəslə imandan azıb öz-özlərinə sanki bıçaq soxmuş kimi çox əzab verdilər” (1Tim. 6:6-10).

Beləliklə, rifahı təbliğ edən vaizlərə belə sualım var: Siz niyə insanların öz-özlərinə sanki bıçaq soxmuş kimi çox əzab vermələri və məhvə və həlaka aparılmaları üçün şərait yaradan bir xidmət qurmaq istəyirsiniz?

3. Güvəyə, pasa məruz qalan xidmət fəlsəfəsini mənimsəməyin.

İsa bizə yer üzündə özümüzə xəzinələr yığmaq cəhdlərinə qarşı xəbərdarlıq edir. Yəni O, bizə yığıb saxlamaq əvəzinə, səxavətlə verməyi əmr edir. “Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər, ya da oğrular girib oğurlayar. Bunun yerinə, özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar” (Mat. 6:19).

Əlbəttə, hamımız nəyisə saxlayırıq. Lakin hamımızın tamahkarlığa meyilli olduğumuzu bilərək, niyə biz diqqətimizi İsaya deyil, tamahkarlığa səbəb olan şeylərə verək?

4. Zəhmətə var-dövləti əldə etmək üçün bir vasitə kimi yanaşan xidmət fəlsəfəsini mənimsəməyin.

Paul dedi ki, biz oğurluq etməməliyik. Bunun əvəzində, öz əllərimizlə zəhmət çəkməliyik. Lakin bunun əsas məqsədi, sadəcə olaraq, yığmaq və ya yiyələnmək deyil, “bölüşdürməyə bir şeyi” əldə etməkdir. “(İnsan) zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun” (Ef. 4:28). Bu ayə daha çox verə bilmək üçün varlı olmaq həvəsinə bəraət qazandırmaz. O, bizə daha çox verə bilmək üçün daha çox sərvət əldə edərək daha az özümüzə saxlamağı öyrədir. 200 min dollar qazanan adamın 80 min dollar qazanandan fərqli həyat tərzi olmasına heç səbəb yoxdur.1 Müharibədəki kimi həyat sürün: xərclərinizi məhdudlaşdırın, qalanı da verin, paylayın.

İnsanların səxavətlə verə bilmələri üçün niyə var-dövləti əldə etməli olacaqlarına inandırırsınız? Ondan da səxavətlə verə bilmələri üçün onları daha sadə həyat sürməyə niyə çağırmırsınız? Belə olsa, onların səxavətlərindən əlavə, güclü bir şəhadətləri olacaq ki, onların xəzinəsi mal-mülkləri, pulları deyil, Məsihdir.

5. Allahın Özünün, pulun əsla ola bilməyəcəyi bir xəzinəmiz olacağına dair vədlərinə imanın əskikliyi üçün şərait yaradan xidmət fəlsəfəsini mənimsəməyin.

İbranilərə Məktubun müəllifinin bizə əlimizdə olana qane olmağı öyrətməyinin səbəbi budur ki, əks hal Allahın vədlərinə imanımızın əskikliyini göstərir. O deyir ki, “həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: “Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm.” Buna görə, biz arxayınlıqla deyirik: “Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?”” (İbr. 13:5-6).

Əgər Müqəddəs Kitab əlimizdə olana qane olaraq Allahın bizi heç vaxt atmayacağına dair vədini şərəfləndirdiyimizi təsdiq edirsə, onda biz insanlara varlanmaq istəməyi niyə öyrədək?

6. İnsanların boğulub ölmələrinə şərait yaradan xidmət fəlsəfəsini mənimsəməyin.

İsa xəbərdarlıq edir ki, bizə həyat bəxş etmək üçün nəzərdə tutulan Allahın Kəlamı var-dövlətdən boğulub təsirini itirə bilər. O deyir ki, Kəlam tikanların boğub öldürdüyü toxum kimidir: “Tikanlar arasına düşənlərsə bunlardır: kəlamı eşidirlər, amma get-gedə bu həyatın… var-dövlətindən… boğulur və yaxşı bəhrə vermirlər” (Luk. 8:14).

Niyə biz istəyək ki, insanlar İsanın bizi boğub öldürəcəyindən xəbərdarlıq etdiyi şeylərin həvəsinə düşsünlər?

7. Duzun dadını itirməsinə, çırağın qabın altına qoyulmasına səbəb olan xidmət fəlsəfəsini mənimsəməyin.

Məsihçiləri yer üzünün duzu, dünyanın nuru edən nədir? Var-dövlətləri deyildir. Var-dövlət arzusu, həvəsi dünya kimi görünür, dünya kimi dadır. Bu dünyaya artıq inandığından fərqli bir şey vermir. Rifah təliminin böyük faciəsi budur ki, onu mənimsəmək üçün ruhən oyanmaq tələb edilmir; sadəcə olaraq, tamahkar olmaq kifayətdir. İsanın adı ilə varlı olmaq ideyası yer üzünün duzu və ya dünyanın nuru deyildir. Dünya bu ideyada özünün bir surətini görür. Əgər bu yolla varlı olmaq mümkündürsə, dünya buna razı olacaq.

İsanın bu sözlərinin kontekstindən duz və nur dedikdə nəyi nəzərdə tutduğunu anlayırıq. Bunlar həvəslə Məsihə görə əziyyət çəkməyə hazır olmaq deməkdir. İsa burada belə deyir: “İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər. Siz yer üzünün duzusunuz… Siz dünyanın nurusunuz” (Mat. 5:11-14).

Dünyanın Məsihi bizdə dadması (duz) və görməsi (nur) üçün şərt, onlar kimi var-dövləti sevməyimiz deyil, əksinə, əziyyət çəkə-çəkə bir-birimizi sevməyimiz və cənnətdə İsanın yanında alacağımız mükafata görə sevinməyimizdir. Bu, insanlar üçün dərkedilməz, qeyri-təbii bir şeydir. Halbuki insanları rifah vədləri ilə cəlb etmək tamamilə təbiidir. İsanın öyrətdiyi bu deyildi və İsa bunun üçün ölmədi.

1ABŞ-da əmək haqqı illik olaraq hesablanır. Beləliklə, 200 min maaşı ayda 6-7 minə, 80 min maaşı ayda 16-17 min dollara bərabərdir (tərcüməçinin qeydi).