Allahın hökmran olması üçün şövq, 1-ci hissə

Şövq 1997 konfransına gəlməyimin səbəbləri

1-ci səbəb

İlk əvvəl buraya gəlməyimin səbəblərindən danışmaq istəyirəm. 15-16 il boyunca eyni cəmiyyətin pastoru olmağın üstünlüyü budur ki, cəmiyyətin görüntüsü və pastorun görüntüsü birləşir. Təqribən bir il əvvəl biz belə bir görüntü bəyanatı yazdıq:

Biz bütün xalqların sevinci üçün İsa Məsih vasitəsilə Allahın hər şeydə hökmran olması şövqünü yaymaq üçün yaşayırıq.

Mən heç tərəddüd etmədən deyə bilərəm ki, bu, həyatımın missiyasıdır və eləcə də Bet-Lexem Baptist cəmiyyətinin missiyasıdır. Bu səbəbdən, mən bu konfransa dəvətnamə alanda "şövq" sözünü gördüm və Yeş. 26:8 – “Sənin hökmlərinin yolunda biz Sənə ümid bağlayırıq, Sənin adın, ismin ürəyimizin istəyidir” sözlərini oxudum və artıq mütləq iştirak edəcəyimi qərarlaşdırdım.

Mən sizin hamınızın bu dünyanın bütün xalqları ilə birlikdə sevinməyiniz üçün Allahın hökmran olması şövqünü yaymaq istəyirəm. Burada iştirak etməyimin birinci səbəbi budur.

2-ci səbəb

İkinci səbəb isə budur ki, mən sevincinizi alovlandıran kiçik kibrit olmaq istəyirəm. İstəyirəm ki, siz buradan ayrılanda Allaha görə sevinib cuşa gələsiniz.

3-cü səbəb

Üçüncü səbəb budur ki, mən sizə Müqəddəs Kitabdan 1-ci və 2-ci səbəblərin eyni olduğunu göstərmək istəyirəm. Bunlar, əslində, bir səbəbdir. Yəni Allahın hökmran olması üçün şövqü yaymaq və Allaha görə sevinib cuşa gəlmək, demək olar ki, eyni şeydir. Çünki siz Allahdan nə qədər məmnun olsanız, O, sizdə o qədər izzətlənər.

Bir söz var – mən bu sözə təkrar-təkrar qayıdacağam: siz Allahdan nə qədər məmnun olsanız, O, sizdə o qədər izzətlənər. Buna görə də, Allaha oxuduğumuz ilahilər və Onu arzuladığımızı ifadə etdiyimiz sözlər Ona izzət verməyin yollarıdır. Çünki biz Ondan nə qədər məmnun olsaq, Onun bulağından nə qədər çox içsək, süfrəsindən nə qədər çox yesək, Onun dəyəri və kamilliyi o qədər çox izzətlənər. Burada rəqabət yoxdur! Bu ecazkar həqiqəti, bu Müjdəni mən 1968-1970-ci illərdə dərk etdim. O illərdə Allah həyatımda lap çox fəal işləyirdi. Allahın izzətlənmək şövqü ilə sizin məmnun olmaq şövqünüzün arasında heç rəqabət, ziddiyyət yoxdur. Çünki bunlar birdir.

Burada iştirak etməyimin üçüncü səbəbini həm də belə demək olar: mən alovlu məşəllə qorxulu bir buzlağı deşməyə gəldim. Matta 24-cü fəslində. Mat. 24:12-də İsa dünyanın axırından danışarkən "Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq" – deyə, xəbərdarlıq etdi. Mən soyumaqdan son dərəcə qorxuram. Allaha, yaxud insanlara qarşı məhəbbətimin bir gün quruyacağını və ya soyuyacağını düşünməkdən diksinirəm. Lakin İsa elan edir: "Belə olacaq!" Bu gerçəklik hərəkət edən buzlaq kimi dünyanın üstünə gəlir. Buna görə mən son günlərdə qanunsuzluğun çoxalacağını və çoxlarının məhəbbətinin soyuyacağını gözləyirəm. Əlbəttə, son günləri bu şəkildə təsvir etsək, qaranlıq bir mənzərə görərik.

Ancaq Matta 24-ün davamını oxusanız, 13-cü ayədə "axıracan dözən xilas olacaq" sözlərinə rast gələcəksiniz. Deməli, dözənlər də olacaqlar. Bundan sonrakı ayə isə öyrədir ki, "Səmavi Padşahlığın bu Müjdəsi" – başqa sözlə, "Padşah İsanın hökmran olması üçün şövqünü elan edən Müjdə" – "Səmavi Padşahlığın bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək." İndi 12-ci ayəni 14-cü ayə ilə birlikdə oxuyun. Gərginliyi hiss edirsinizmi? "Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq", lakin "Səmavi Padşahlığın (Məsihin hökmranlığının) bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək."

Bu iki ayənin arasında gərginlik vardır. Bunu haradan bilirəm? Çünki Müjdəni universitetlərinizdə vəz edənlər soyuq imanlı olmayacaqlar. Müjdəni dünyanın xalqlarına yayanlar soyuq imanlı olmayacaqlar. Bunu haradan bilirəm? Çünki bir az öncə, 9-cu ayədə tamamən başqa bir peyğəmbərliyi taparsınız: "O zaman sizi əziyyətə təslim edib öldürəcəklər. Mənim adıma görə bütün millətlər sizə nifrət edəcək" – deyir İsa. Əgər bu, düzdürsə, əgər biz missiyada zəhmət çəkdiyimiz üçün bizi hakimiyyətlərə təslim etsələr, öldürsələr, getdiyimiz hər millətdə nifrət etsələr, mən bircə bunu dəqiq bilirəm ki, bu cür Müjdəni yayanlar soyuq insan ola bilməzlər. Bu işləri görən Padşah İsanın alovlu pərəstişkarları olacaqlar. Bu səbəbdən, mən Matta 24-cü fəslin 9-14-cü ayələrindən öyrənirəm ki, dünyanın sonu yaxınlaşdıqca, buz kimi soyuyanlarla bərabər, alovlu insanlar da olacaqlar. Alovlu insanlar dünyanın bütün xalqları arasında İsanın uğrunda canlarını qurban verəcəklər.

Beləliklə, Bet-Lexem Baptist cəmiyyətində xidmətimdə və buraya gəlməyimdə məqsəd bu buzlağı məşəllə deşməkdir. Bir dəfə cəmiyyətimizin toplantısında bu haqda vəz etdim və sonra 6-7 yaşlarında balaca bir qız (mən toplantıya gələn uşaqların da vəzlərimə qulaq asmaları üçün şərait yaratmağa çalışıram) mənə yaxınlaşıb: "Mən bax belə mənzərə gördüm" dedi. Qız gözəl bir buzlaq çəkmişdi; buzlağın üzərində “Minneapolis” yazılmışdı. Buzlağın altında kiçik bir adam məşəl tuturdu. Buzlağın üstündə bir deşik var idi. Deşikdən bol günəş işığı keçib yerə gəlirdi.

İndi isə sizə qısaca öz esxatoloji görüşlərimi danışacağam. İsa gələcəyi gündə universitetinizin və ya doğma yerinizin necə görünəcəyini bilmək istəyirsinizsə, bilin ki, həmin buzlaq artıq hərəkət edir, çoxları Allaha qarşı soyuyurlar – daşa, buza dönürlər, ancaq Müqəddəs Kitabda son günlərlə bağlı olan peyğəmbərliklərdə "Bet-Lexem Baptist cəmiyyəti", "Minneapolis", yaxud "Ostindəki Texas universiteti mütləq bu buzlağın altında qalacaq" deyə yazılmayıb. Yazılmayıb! Əllərində Allah üçün alovlanan məşəllər olan adamlar öz universitetləri, yerli imanlılar cəmiyyətləri və hətta şəhərləri üstündə yekə deşik aça bilərlər. Buna görə mən buraya gəldim: Mən məşəlimi yuxarı qaldırmaq istəyirəm.

Təqribən yüz il bundan əvvəl məşhur ingilis vaizi Spercen Metropolitan məbədində vəz edərkən belə dedi: "İnsanlar mənim alovlandığıma baxmağa gəlirlər." Onlar güclə yanan kiçik məşəllərini mənim məşəlimə toxunduraraq bir həftə İsanın yolunda alovlanmaq üçün gəlirlər. Siz bu səhər güclə yanan məşəlinizi gətirib mənim məşəlimə toxundurub odumdan alovlandırsanız, xoşbəxt olaram. Mən elə bunun üçün gəldim.

Bu vəzimin məqsədi: təməl qoymaq

Mənim etmək istədiyim işin təməli olmalıdır. Mən burada Allahın izzəti üçün yaşamaqdan, Allahın izzətinin şövqündə olmaqdan danışmalıyam. İki dəfə vəz edəcəyəm: bu səhər və sabah səhər. Bu səhər təməli qoyacağıq, sabah isə tətbiq edəcəyik.

Təməl belədir: Allahın hər şeydə hökmran olması üçün şövqünüz birbaşa Allahın Özünün hər şeydə hökmran olması üçün şövqünə əsaslanır. Sizin Allah mərkəzli mövqeyiniz (davamlı olacaqsa) Allahın Allah mərkəzli mövqeyinə əsaslanmalıdır. Əgər siz həyatınızda Allahın hökmran olmasını istəyirsinizsə, Allahın həyatında Allahın hökmran olması həqiqətini görməli, inanmalı, sevməlisiniz. Allahın xəzinəniz olmasını istəyirsinizsə (bir az öncə ilahidə oxuduğumuz kimi), Allahı hər şeydən çox dəyərləndirmək istəyirsinizsə, Allahın xəzinəsinin Allah olduğunu, Allahın Allahı hər şeydən çox dəyərləndirdiyini dərk etməli və buna inanmalısınız. Biz Allahı kainatda ən böyük ləzzətdən – Allaha ibadətdən məhrum etməməliyik. Qoyacağımız təməl budur; bu gün mən bundan danışmaq istəyirəm.

Sabah isə insanın Allahda sevinc tapmağa can atmasından bəhs edəcəyəm; Allahın sizin həyatınızda izzətlənmək istəməsi sizi mütləq Onda sevinc tapmaq arzusuna gətirəcəkdir.

Allah Öz izzətinin şövqündədir

Balaca bir əhvalatdan başlayım. 8-9 il bundan əvvəl mən “alma mater”im (bitirdiyim məktəb) olan Uiton kollecdə çıxış etdim. O böyük, çil-çıraqlı, gözəl məbəddə ilk dəfə vəz etdim. Mən kürsüdə durub: "Allahın ali məqsədi Allahı izzətləndirmək və əbədi olaraq Ondan zövq almaqdır" - deyə, başladım. Balkonda oturan bütün dostlarım təşvişə düşdülər: "Ay aman, o, öz "alma mater"ində 20 ildən sonra ilk dəfə tələbələrə vəz etməyə gəlir və Uestminster katexizisindən sitat gətirərkən bu qədər ciddi səhvə yol verir! Axı orada 'Allahın ali məqsədi' deyil, 'İnsanın ali məqsədi Allahı izzətləndirmək və əbədi olaraq Ondan zövq almaqdır' yazılıb". O zaman mən onları sakitləşdirdim: "Mən qəsdən belə dedim." Həqiqətən də, bu səhər mən yenə ciddi deyirəm ki, Allahın ali məqsədi Allahı izzətləndirmək və əbədi olaraq Ondan zövq almaqdır.

Mən müjdəçinin ailəsində böyümüşəm. Atam Bill Payper balacalığımdan mənə 1Kor. 10:31-i öyrətdi: "Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin". Bununla belə, Allahın Özünün hər şeyi Allahın izzəti üçün etdiyini mən heç vaxt eşitməmişdim. Allahın izzəti üçün yaşamağımın Allahın Öz izzəti üçün yaşamağına əsaslandığını da eşitməmişdim.

Bizə bazar günü məktəbində heç vaxt öyrətməmişdilər ki, "Allah sizi sevdiyindən də çox Özünü sevir; Onun sizi layiq olmadığınız halda sevməsi üçün yeganə ümid bu həqiqətdədir." Bunu heç vaxt bazar günü məktəbindəki materiallarda görməmişəm, elə buna görə də biz indi Bet-Lexem Baptist cəmiyyəti üçün yeni proqram yazırıq. Çoxlarımız elə ailələrdə və cəmiyyətlərdə böyümüşük ki, Allahın bundan məmnun olduğuna görə məsihçi olmaqdan məmnun idik, amma Allah mərkəzli Allaha görə sevinib cuşa gəlmirdik.

Ən böyük dəyər özünəqiymət sayılan bu insan mərkəzli dünyada Allahın köməyi olmadan onsuz da nail ola bilməyəcəyinizi əldə etmək üçün məsihçi olmaq asandır. Belə olduqda məsihçi olmağı kim istəməz ki? Əslində, siz Allah mərkəzli Allahın gözəlliyini görməmisinzsə, amma bunu görmədən də sevə biləcəyiniz bir şeyi sevirsinizsə, əsl məsihçi deyilsiniz. Əgər Allah, sadəcə olaraq, sizin öz tərəqqiniz, yüksəlməyiniz üçün vəsitədirsə, əgər Allahın Özündə hədsiz dərəcədə izzətli olan şeyləri – xüsusilə Onun Öz izzətini nümayiş etdirmək arzusunu görmürsünüzsə, həqiqətən iman gətirib-gətirmədiyinizi yoxlamalısınız. Bu gün burada, Ostində, Şövq 1997 konfransında bu gerçəkliyi yoxlamalıyıq. Mənə Müqəddəs Kitabda gördüyüm bu həqiqəti – Allahın məni Öz izzəti üçün seçdiyini söyləyən və ya göstərən çox az insan olmuşdur.

1976-cı ildə Bet-El kollecində Efeslilərə 1-ci fəsil üzərində dərs verdiyimi xatırlayıram. Efeslilərə Məktubun ilk 14 ayəsini müntəzəm sutərdə nəzərdən keçirərkən sanki qarşımda böyük sirr açıldı. Çünki orada üç dəfə: 6-cı, 12-ci və 14-cü ayələrdə deyilir ki, O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi və əvvəlcədən təyin etdi ki, biz Onun övladı olaq və lütfünün izzətini mədh edək.

O, sizi seçdi. Nə üçün? Onun izzətinin və lütfünün mədh edilməsi, ucaldılması üçün. Sizin xilasınız Allahı izzətləndirmək üçündür. Seçilməyiniz Allahı izzətləndirmək üçündür. Yenidən doğulmağınız Allahı izzətləndirmək üçün idi. Saleh sayılmağınız Allahı izzətləndirmək üçün idi. Təqdis olunmanız Allahı izzətləndirmək üçündür. Bir gün izzətlənməyiniz Allahın izzətinə qərq olmağınız olacaqdır!

Siz Allahın izzəti üçün yaranmısınız.

Yeş. 43:6: "Oğullarımı uzaqlardan, qızlarımı dünyanın ucqar yerlərindən gətir. Mənim adımla çağırılan hər insanı, İzzətim üçün yaratdığım… hər bir adamı gətir."

Allah İsrail xalqını Öz izzəti üçün qurtardı.

"Misirdə olanda ata-babamız Sənin xariqələrini anlamadı, bol məhəbbətini yada salmadı, dəniz kənarında, Qırmızı dənizdə Sənə qarşı üsyankar oldu. Amma Rəbb qüdrətini göstərmək üçün Onları ismi naminə qurtardı" (Zəb. 106:6).

Başqa sözlərlə desək, O, Qırmızı dənizin sularını ayıraraq üsyankar xalqını qurtardı ki, Öz uca qüdrətini nümayiş etdirsin. Bu xəbər Yerixoya qədər çatdı və bir fahişənin xilasına səbəb oldu; İsrail xalqı Yerixoya yaxınlaşıb şeypur çalmağa hazırlaşanda, həmin fahişə yenidən doğuldu, çünki belə dedi: "Sizin adınızı və şöhrətinizi eşitdik." Bir qadın ailəsi ilə birlikdə Allah mərkəzli Allaha iman gətirib ölümdən xilas oldu.

Allah Öz izzəti naminə səhrada İsrailə rəhm etdi.

Allah səhrada İsraili dönə-dönə ölümdən qurtarırdı. "İsrail nəsli səhrada Mənə qarşı üsyankar oldu", – deyə, Yezekel Peyğəmbər Allahın nitqini bizə çatdırır, – "Ancaq Mən Öz adım naminə elə etdim ki, millətlərin gözündə adım ləkələnməsin." Nəhayət, Allah onları cəzalandıraraq Babilə sürgünə göndərir, 70 il sonra isə onlara mərhəmət göstərir. O, nikah bağladığı "arvadını" boşamaz – xalqı öz torpağına geri gətirər. Amma nə üçün? Allahın ürəyində Onu bu cür etməyə vadar edən nə idi?

Yeş. 48-dən bir parçaya qulaq asın: "Adım naminə qəzəbimi saxlayırdım, şöhrətim naminə qeyzimin qabağını alırdım ki, sizi məhv etməyim. Budur, Mən sizi gümüş kimi olmasa da, təmizlədim, sizi iztirab ocağında çəkdim. Öz xatirimə, Öz xatirimə bunu edirəm. Axı niyə Mənim adım küfrlə çəkilsin? Mən Öz izzətimi heç kimə vermərəm." Mərhəmət üçün Allah mərkəzli səbəb budur.

İsa Allahın izzəti üçün dünyaya gəldi və çarmıxda öldü.

İsa nə məqsədlə dünyaya gəldi? Biz Yəh. 3:16-nı tez-tez sitat gətiririk. Bu ayə izzətli bir həqiqətdir. Ancaq bu gün, yaxud sabah bu toplantılar qurtarandan sonra siz görəcəksiniz ki, bu gün danışdığımız mövzu illər boyu tanıdığınız Yəh. 3:16-ya zidd gəlmir.

Amma O, nə üçün gəldi? İsa niyə gəldi? Rom. 15:8 gəlişinin səbəbini belə açıqlayır: "Məsih Allahın haqlı olduğunu göstərmək üçün sünnətlilərin xidmətçisi oldu ki, əcdadlara verilən vədləri yerinə yetirsin; beləcə, başqa millətlər də Allahın mərhəmətinə görə Onu izzətləndirsinlər." Məsih Atasının mərhəmətinə görə Onu izzətləndirəsiniz deyə, insan bədənində yer üzünə gəldi və öldü. O, Öz Atasının xatirinə gəldi. Gəlməyinin əsas səbəbi bu idi – Atasının izzəti idi. Onun izzəti bol mərhəmətində zirvəsinə çatır.

Rom. 3-də yazılanlara diqqət yetirin: “Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi.” İsanın nə üçün öldüyünü görürsünüzmü? Davudun işlətdiyi zina və qətl günahlarından keçən Allahın salehliyini göstərmək üçün öldü. Allahın Davudun bu günahlarından keçməsi və Davudun padşah olaraq qalması sizi heç narahat edibmi? Paulu çox narahat edirdi ki, Allah insanların günahlarından keçərək haqsızlığa yol vermiş olar. Söhbət təkcə Davuddan getmir. O, Əhdi-Ətiqdə və bizim dövrümüzdə minlərlə möminlərin günahlarını yaddan çıxardır, əfv edir. Paul nida edirdi: "Madam ki Sən Allahsan, bunu necə edə bilirsən? Saleh ola-ola buna necə yol verə bilirsən? Ədalətli ola-ola buna necə yol verə bilirsən? İbadətə layiq ola-ola bunu necə edə bilirsən?" Burada, Ostin şəhərində hər hansı bir hakim bunu etsəydi – uşağı zorlayanları, qatilləri əfv edib buraxsaydı, dərhal məhkəmədəki vəzifəsindən azad ediləcəkdi, "Sən isə hər gün belə davranırsan, bəs onda Sən necə Allahsan?"

Çarmıx Allahın Allah olmaqla bərabər günahları bağışlaya bilməsi kimi nəhəng teoloji müəmmanı həll edir. Məsih Allahın sənin kimi insanları xilas etməkdə haqlı və saleh olduğunu göstərmək üçün gəldi. Xilas Allah mərkəzli, izzətli və əzəmətli bir olaydır.

*İsa izzət almaq üçün qayıdır. *

İsa təkrar gəlir, O qayıdır! Bəs niyə O qayıdır? İcazə verin, bu sualın cavabını verim və O, gələcəyi zaman sizin hazır olmağınız üçün nə edə biləcəyinizi söyləyim.

2Sal. 1:9: "(Müjdəyə itaət etməyənlər) Onlara Rəbbin hüzurundan və qüdrətinin izzətindən məhrum qalıb əbədi olaraq məhv edilmə cəzası veriləcək. Bunlar Rəbbin Öz müqəddəsləri arasında izzət qazanmaq və bütün imanlıları heyrətə gətirmək üçün gəldiyi gün baş verəcək." Bu iki həqiqəti görürsünüzmü? İsa Öz müqəddəsləri arasında izzət qazanmaq və imanlıları heyrətə gətirmək üçün gəlir. Siz indidən Ona heyran olaraq Onu izzətləndirməyə başlamırsınızsa, O gələndə də bunu edə bilməyəcəksiniz.

Bu konfrans Padşah İsanı qarşılamağa hazır olasınız deyə sizin bütün varlığınızı: zehninizi, ürəyinizi alovlandırmaq üçün təşkil olunmuşdur. O zaman siz Onun əzəli məqsədinə görə, Ona əbədi olaraq heyran olacaq və Onu ucaldacaqsınız.

Teleskop böyütdüyü kimi Allahı ucaltmalıyıq

Onu ucaldın, ancaq mikroskop kimi deyil. Böyütmənin iki növü arasındakı fərqi bilirsiniz, elə deyil? Teleskop bir cür böyüdür, mikroskop isə başqa cür. Allahı mikroskop kimi "böyütmək" küfrdür. Mikroskop çox kiçik bir şeyi böyük göstərir. Allahı bu cür "böyütsəniz", küfr etmiş olarsınız. Teleskop isə təsviredilməz dərəcədə böyük bir obyetki tutur və insanın onun necə olduğunu görməsinə kömək edir. Teleskopun funksiyası belədir.

Gecə sayrışan ulduzlar xırdaca nöqtələr kimi görünür. Həqiqətdə isə bunlar xırda deyildir. Siz bunu yaxşı bilirsiniz, axı siz universitetdə oxuyursunuz, düzdür? Ulduzlar nəhəngdir. Lap lap nəhəngdir, özü də istidir! İnsan bunu heç bilməzdi, amma günlərin birində kimsə teleskop icad etdi, teleskopa baxıb düşündü: "Ulduzlar yer kürəsindən böyük imiş, milyonlarca qat böyük imiş!" Allah da belədir. Sizin həyatınız Allahın izzətini universitetinizə teleskop kimi böyüdərək göstərmək üçündür. Bu, böyük çağırışdır. Sabah mən bundan daha ərtaflı danışacağam.

Allah Allah mərkəzli olsa, necə sevən Allah ola bilər?

Bu, son dərəcə vacib sualdır və mən bugünkü vəzimi buna cavab verərək başa çatdıracağam, çünki bilirəm ki, indi dinləyicilərim artıq bu sualı verməyə başladılar. Mən dedim ki, Allahımız Allah mərkəzlidir və mənim Allah mərkəzli mövqeyim Allahın Allah mərkəzli mövqeyinə əsaslanır. Bu, həqiqətdir. Mən iyirmi ildir bunu hamıya deyirəm və belə sual doğur: "Bu, məhəbbətə oxşamır, çünki 1Kor. 13:5-də 'Məhəbbət öz xeyrini güdməz' – deyə, yazılıb. Bəs sən bizə artıq on beş dəqiqədir deyirsən ki, Allah daim yalnız Öz xeyrini güdər. Belə halda ya Allah sevən deyil, ya da sən yalan danışırsan." Bunda böyük məsələ vardır. İcazə verin, sizə izah edim ki, Allah necə Özünü ucaldaraq Öz xeyrini güdməsi ilə sevəndir.

Klayv Lyuisin köməyi

Cavabı Klayv Lyuisin yazılarında tapmışam. Lyuis iyirmi yaşlarına qədər bütpərəst idi və Allahın "şöhrətpərəstliyinə" nifrət edirdi. Zəburda hər dəfə "Rəbbə həmd edin! Rəbbə həmd edin!" sözlərini oxuyanda, - məsihçi təlimini o, yaxşı bilirdi, Zəburun Allahdan ilham almış Yazı olduğunu da bilirdi, - buna görə də Allahın burada "Mənə həmd edin! Mənə həmd edin!" dediyini anlayırdı. Bu, Lyuisə iltifat eşitməyə can atan bir qarını xatırladırdı. Lyuis bu haqda Zəbur üzərində düşüncələr adlı əsərində yazmışdır. Lakin bir gün Allah birdən-birə Klayv Lyuisin həyatına gəldi. O zaman Lyuis belə yazdı:

İstər Allaha həmd, istər insana iltifat şəklində olur-olsun, təriflə bağlı məlum bir gerçəklik, qəribə olsa da, məndən yan keçmişdi. Mən tərifi iltifat, bəyənmə, şərəfləndirmə olaraq nəzərdən keçirmişdim. Heç vaxt fərqinə varmamışdım ki, adam onu sevindirən şeyləri istər-istəməz tərifləyər – işin unatacaq tərəfi yoxdursa, sevinən adamdan təriflər aşıb-daşar. Bütün dünyada təriflər yayılar: aşiq olan kişilər öz sevgililərini, ədəbiyyatı oxuyanlar ən çox sevdikləri şeirləri, təbiətə gəzməyə gedənlər təbiəti, oyun oynayanlar ən çox sevdikləri oyunları tərifləyər; insanlar havanı, şərabları, yeməkləri, aktyorları, atları, məktəbləri, ölkələri, tarixi şəxsiyyətləri, uşaqları, gülləri, dağları, nadir markaları, nadir böcəkləri, hətta arada siyasətçiləri və alimləri də tərifləyərlər. Allaha həmd etməyə gəlincə, onunla bağlı olaraq, ümumiyyətlə, çəkdiyim çətinlik ondan ibarət idi ki, biz başqa şeylərlə həmişə etdiyimiz, hətta "etməyə bilmədiyimiz" bu işi əsassız və ağılsız olaraq inkar edirik.

Bundan sonra Lyuis ən vacib fikri söyləyir:

Məncə, sevinc ifadə edilmədikcə kamil ola bilmədiyi üçün, bizi sevindirən şeyləri tərifləməkdən bu qədər xoşlayırıq. Məncə, sevgililər bir-birinə iltifat xatirinə “sən necə gözəlsən” deməzlər. Sevinc ifadə edilmədikcə kamil deyildir.

Bu, Allahın sevən və eyni zamanda bütün işlərində Özünü ucaldan olmasının sirrini anlamağıma çox kömək etdi. İndi mən sizə bunu daha ətraflı izah edəcəyəm.

Sualın cavabı

Allah sizi sevirsə, O, sizə nə verəcək? Sizin üçün ən yaxşı olanı verəcək. Bütün kainatda ən yaxşı olan Allahın Özüdür. Əgər O, sizə sağlamlığı, ən yaxşı işi, ən yaxşı həyat yoldaşı, ən yaxşı kompyuteri, ən yaxşı istirahəti, hər işinizdə ən böyük müvəffəqiyyəti versə, ancaq Özünü verməsə, bu, o deməkdir ki, O, sizi sevmir. Lakin O, sizə Özünü – Allahı, təkcə Allahı versə və daha heç nə verməsə belə, bu, o deməkdir ki, O, sizi hədsiz dərəcədə çox sevir.

Allah məni həqiqətən sevirsə, onda mən Allaha görə sevinməliyəm. Lyuis burada deyir ki, Allaha görə əbədi olaraq sevinəsiniz deyə, Allah sizə Özünü versə, siz bu sevincinizi həmd edərək ifadə etməyincə, sevinciniz kamil olmaz. Buna görə də, Allah sizi həqiqətən sevirsə, Ona həmd edərək sevincinizi kamil hala gətirməyinizə əsla laqeyd yanaşa bilməz. Beləliklə, Allahın sevgisini dadmaq istəyirsinizsə, Ona həmd etməyi arzulamalısınız. Bunu başa düşürsünüzmü? Deyəsən, mən sizə bu həqiqəti təzədən izah etməyə çalışmalıyam. Bu, həyatımın mənasıdır. Mən düşünürəm ki, bu, həmçinin Müqəddəs Kitabın mənasıdır.

O, sizə məhəbbətini göstərmək üçün sizə ən yaxşı olanı verməlidir. Sizin üçün ən yaxşı olan isə Allah Özüdür. "Mənə həyat yolunu öyrədirsən, doyunca sevinc Sənin hüzurundadır, sağ əlində hər zaman səadət var" (Zəb. 16:11). Allah sevincimiz (səadətimiz) üçün bizə Özünü verir. Lyuis mənə göstərdi ki, bu sevinc, yaxud səadət Allaha həmd etməklə ifadə edilməsə, natamam olacaqdır. Allah sizin sevincinizin azalmasını və ya hər hansı yolla məhdudlaşmasını istəmədiyinə görə belə deyir: "Mənə həmd et. Hər nə etsən, mənə həmd et. Hər nə etsən, məni ucalt. Hər nə etsən, Mənim hökmran olmağıma şövq göstər." Bu, o deməkdir ki, Allahın izzətlənmək şövqü və sizin sevinmək və məmnun olmaq şövqünüz bir-birinə zidd deyildir; bunlar birləşir. Siz Allahdan nə qədər məmnun olsanız, O, sizdə o qədər izzətlənər.

Bu səhər sözümü burada bitirirəm. Sabah nədən bəhs edəcəyimizi qısaca deyim ki, buna görə dua edəsiniz və gəlib davamına qulaq asasınız. Çünki mən hələ qurtarmadım, hələ deyəcəyim sözlər var. Əgər həqiqətən də "Allahdan nə qədər məmnun olsanız, O, sizdə o qədər izzətlənər" doğru sözdürsə, və əgər Allahın sizdə izzətlənməsi ilə sizin Onda sevinməyinizin arasında heç ziddiyyət yoxdursa, onda həyatınızın məqsədi bu kamil sevincə nail olmaqdır. Mən bunu “məsihçi hedonizm” adlandırıram. Sabah mən sizinlə bu haqda danışacağam, bunu necə edəcəyinizdən, bunun sizin münasibətlərinizi, universitetinizi, ibadətinizi və əbədiyyətinizi necə dəyişdirəcəyindən danışacağam.