Allahın hökmran olması üçün şövq, 2-ci hissə

Allahın hökmran olması üçün şövq, 1-ci hissənin təkrarı

Allah Özü Allah mərkəzlidir

Dünən buzlağı məşəl ilə deşib bütün xalqların sevinci üçün Allahın hər şeydə hökmran olması şövqünü yaymaq cəhdimdə Allahın hər şeyi Öz adının izzəti naminə etdiyini demişdim. Allah Özü Allahı ucaldır. Bütün kainatda Allaha görə ən çox şövqə gələn ürək Allahın ürəyidir. Əsas mövzum bu idi. Şövq 1997, başa düşdüyüm qədər, Allahın Özünün Allaha görə şövqü ilə bağlı bir konfransdır. Allah yaradılışdan son məqsədə qədər hər şeyi Öz adının izzətini nümayiş etdirmək və ucaltmaq üçün edir.

Allahın Allah mərkəzli olması sevən olmaması mənasına gəlmir

Dünənki vəzimin ikinci məqamı ondan ibarət idi ki, bu həqiqət Allahın sevən olmaması mənasına gəlmir. Allah Özünü bu cür ucaldırsa, bu, o demək deyil ki, O, bizi sevmir; çünki insanın səadəti Allahı tanımaqda, Allaha həmd etməkdədir: "Mənə həyat yolunu öyrədirsən, doyunca sevinc Sənin hüzurundadır, sağ əlində hər zaman səadət var" (Zəb. 16:11). Beləliklə, əgər Allahın Özünü ucaltması bizim Onu olduğu kimi görməyimizə yol açır və ruhumuzu şad edirsə, onda Allah bütün kainatda yeganə Varlıqdır ki, Özünü ucaltması ən yüksək məziyyət və əsl məhəbbətin əlamətidir.

Bu cəhətdən insan Allah kimi davranmağa çalışmamalıdır. Siz başqa insanların sevinci üçün özünüzü ucaltsanız, sevgi ilə deyil, nifrətlə hərəkət edərsiniz, çünki onları insanlara səadət verə biləcək yeganə Varlıqdan uzaqlaşdırarsınız. Buna görə biz Allahın “Allahlıq” sifətlərində Ona oxşamağa çalışmamalıyıq. Allah bütün kainatda yeganə və tamamilə unikal bir Varlıqdır ki, Özünü ucaltması əsl məhəbbətin əlamətidir. Allahın təbiəti bunu tələb edir.

Ola bilsin ki, biz Allahın insan kimi bizi sevməsini – birinci yerə Özünü deyil, başqalarını qoymasını istəyirik, lakin O, Allah kimi bunu edə bilməz. O Özü hədsiz dərəcədə dəyərlidir. Allahdan başqası, Onun kimisi yoxdur. Buna görə də Onun əzəmətli, izzətli, heç nəyə və heç kəsə ehtiyacı olmayan, uca olması labüddür. Lütfün təməli budur. Siz lütfün mərkəzinə özünüzü qoymağa çalışsanız, lütf qurtarar. Allah mərkəzli lütf Müqəddəs Kitaba uyğun gəlir.

Mənim səadətim o deyil ki, Allah məni kainatın mərkəzi eləsin. Səadətim odur ki, Allah Özü əbədi olaraq kainatın mərkəzi olsun və məni Onunla ünsiyyətə, şərikliyə cəlb eləsin, belə ki mən əbədi olaraq Onu görüm, tanıyım, qiymətləndirim, Ondan zövq alım və məmnun olum.

Dünənki vəzimin xülasəsi elədir.

Allahın Allah mərkəzli olmasının bəşəriyyət üçün əhəmiyyəti

Bu gün... indiyə qədər dediyim hər şey düz olubsa, Müqəddəs Kitaba uyğun olubsa, sizin həyatınız üçün xüsusi əhəmiyyət kəsb edir. Siz bu konfransdan öz evinizə, cəmiyyətinizə, universitetinizə qayıdandan sonra mümkün qədər çox sevincli olmağı qarşınıza məqsəd qoyarsınız, lakin Allaha görə sevincli...

Beləliklə, bu gün mən sizi Külli-İxtiyar Allahın adı ilə çağırıram ki, Allahın ürəyinizi ilhamlandırdığı kimi var qüvvənizlə öz səadətinizin ardınca getməyi əbədi çağırışınız kimi qəbul edəsiniz.

Bu dünyada problemimiz bu deyil ki, biz “borc”umuzu yerinə yetirmək əvəzində öz səadətimizi axtarırıq. Nə mən, nə Allah, nə də Müqəddəs Kitab problemimizi bu şəkildə müəyyən etməz. Klayv Lyuis "Böyük və əbədi izzət" adında həyat dəyişdirən qüvvətli vəzində haqlı olaraq demişdir ki, əsl problemimiz odur ki, xırda şeylər bizi tez məmnun edir, halbuki biz əsl dolğun məmnunluğu, səadəti dadmaq üçün çox səy göstərməliyik. O deyib ki, biz xarabalıqda palçıqla oynayan və dəniz kənarında istirahətin nə olduğunu bilməyən uşaqlara oxşayırıq; problemimiz odur ki, biz, önümüzdə qızıl gerçəklik ola-ola, tənəkə bütlərimizdən bərk yapışırıq. Bu cür boş şeylər bizi necə də asanlqıla məmnun edir! Dünyanın problemi hedonizm deyildir (hedonizm, səadəti həyatda ən ali məqsəd kimi qəbul edən dünyagörüşüdür – tərcüməçinin qeydi), hedonizmin əsl səadət verənə yönəlməməsidir. Bu gün əsas mövzum bu olacaqdır.

Bu, düzdürsə, siz səhər duranda, Corc Müller hər dəfə bir iş görməyə getmədən öncə dediyi kimi, "ürəyim Allaha görə sevinməlidir, yoxsa mən heç kimə faydalı olmayacağam, lakin arzularımı təmin etmək və boşluğumu dordurmaq üçün onlardan istifadə etməyə çalışacağam" – deməlisiniz. Əgər siz öz canınızı başqalarının uğrunda fəda etmək üçün azad, sevən insan olmaq istəyirsinizsə, Allaha görə sevinməyi qarşınıza məqsəd qoymalısınız. Bugünkü mövzum budur: boş şeylər bizi lap asanlıqla məmnun edir.

Biz o dərəcədə xırda, beş günlük, qeyri-münasib, əsl məmnuniyyət verməyən ləzzətlərin ardınca getmişik ki, əsl sevinclə sevinmə qabiliyyətimiz azalıb, və biz möminliyi sevincsiz dindarlığa, cansıxıcı borcumuza döndərdik və bu yolla Allah qarşısında bağlı, dəyişilməmiş ürəklərimizi gizlətdik. Bu cür yanaşmanın necə də gerçəklikdən qaçmaqdan ibarət olduğunu anlayırsınızmı? Bu gün mən stoiklərin və xüsusilə maarifçilik dövrü filosofu İmmanuel Kantın görüşlərinə qarşı mübarizə aparıram. Kant dedi ki, insan mənəvi bir hərəkətində nə qədər öz xeyri üçün çalışırsa, bir o qədər bu hərəkətin mənəvi məziyyətini azaldır. Bu kimi düşüncə Müqəddəs Kitabda yoxdur... o hər yerdə Allah mərkəzli ibadətə, məziyyətə, cəsarətə mane olar, yalnız insanı – Allahın onun ruhunu məmnun etməsinə əhəmiyyət vermədən öz borcunu yerinə yetirən “məziyyətli” insanı ucaldar. Bu, əsl rəzalətdir! Qoy bu fikir bizdən uzaq olsun!

Mən müjdəçi məsihçilərin üzərində hakim olan dünyagörüşünə qarşı mübarizə aparıram. 25 ildir ki, bu mübarizəni davam etdirirəm, bu mübarizədə öz ailəmi yetişdirirəm, cəmiyyətimi qururam, bu mövzuda kitablar yazıram, bununla yaşamağa çalışıram. Yavaş-yavaş etirazlar gəlir. Bu şəkildə biz böyüyürük. Bir neçə nəfər mənə dedi ki, bu konfransda sanki dünya alt-üst olur. Əvvəlcədən yaranmış qənaətlər sarsıdılır. Kopernikin inqilabı baş verir, yalnız bu yolla insan dəyişilir. Bəlkə 15 il lazım olar... etirazlar arası kəsilmədən səslənər. 1968-ci ildə mən Dan Fuller, Klayv Lyuis və Conatan Eduardzın əsərlərində, habelə Padşah Davud, Həvari Paul və İsa Məsihin sözlərində bu həqiqətləri görməyə başladım. Mənim ağlım belə işləyir: etirazlar bir-birinin ardınca gələndə, mən narahat oluram, onda Müqəddəs Kitabı araşdırıram, ağlayıb yaş tökürəm, özümlə vuruşuram, dua edirəm, yalvarıram və danışıram. Sonra etirazlar tədricən görüntümü aydınlaşdırır.

Etirazlar

  1. Müqəddəs Kitab həqiqətən bütün ürəyimlə, canımla, qüvvətimlə öz səadətimin ardınca getməyi öyrədirmi? Yoxsa Con Payper ağıllı şəkildə vəzini quraşdırıb bunu öyrətməyə çalışır?
  2. Bəs özündən imtina etmək necə olacaq? İsa: "Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin" deməyibmi?
  3. Bəs bu, həddindən artıq hisslərə əhəmiyyət verməzmi? Məsihçilik əsasən özünü həsr etmə, qərar, iradə ilə bağlı deyildirmi?
  4. Bəs insana çətin, arzu olunmaz gəldikdə belə, Allaha xidmət etmək seçimi necə olur?
  5. Bu cür yanaşma mərkəzi yerə Allahı deyil, məni qoymazmı?

Etirazlara cavablar

1. Müqəddəs Kitab həqiqətən insana öz səadətinin ardınca getməyi öyrədirmi?

Mən müsbət cavabı verirəm. Bəli, bunun ən azı dörd yolu var:

a) Müqəddəs Kitabdakı əmrlər.

Zəb. 37:4-ü düşünün: "Rəbdən zövq al." Bu, təklif deyil, əmrdir. Əgər siz "Zina etmə" əmrinə itaət etməli olacağınıza inanırsınızsa, onda "Rəbdən zövq al" əmrinə də itaət edəcəksiniz.

Bundan əlavə, Zəb. 32:11: "Ey salehlər, fərəhlənin, Rəbbə görə sevinin! Ey ürəyidüz olanlar, Onu mədh edin!" və ya Zəb. 100: "Sevinclə Rəbbə qulluq edin". Bu da bir əmrdir: "Sevinclə Rəbbə qulluq edin!" Allaha sevinclə, yaxud sevincsiz xidmət etdiyinizə xor baxırsınızsa, Allahın Özünə də xor baxırsınız, deməkdir. O, sizə sevinclə Rəbbə qulluq etməyi buyurub. Yaxud Fil. 4:4-ə baxaq: "Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin!"

Bu cür əmrlərə Müqəddəs Kitabın hər yerində rast gəlinir. Müqəddəs Kitab bu həqiqəti ilk növbədə əmrlərlə öyrədir.

b) Müqəddəs Kitabdakı xəbərdarlıqlar.

Ceremi Teylor demişdir: "Biz sevincli deyiliksə, Allah bizə dəhşətli xəbərdarlıqlar verir". Bu sözü ilk dəfə eşidəndə, Teylorun özünü ağıllı göstərməyə çalışdığını düşündüm. Ancaq söhbət özünü ağıllı göstərməkdən getmir... bu sözlər Qanun. 28:47-yə istinad edir. Bu ayə həqiqətən qorxuncdur: "Madam ki bolluq vaxtında Allahınız Rəbbə sevinclə və xoşluqla itaət etmədiniz, Rəbbin sizə qarşı göndərdiyi düşmənlərə… qulluq edəcəksiniz". Allah bizə xəbərdarlıq edir ki, biz Ona görə sevinməsək, bizi dəhşətlər gözləyir. Bu, hedonizm üçün əsas deyildirmi? Həyatınızın birinci məqsədinin var qüvvənizlə Allaha görə sevinmək olması üçün əsas deyildirmi?

c) Xilas edən imanın Allahın bizə İsada verdiyi hər şeydən zövq almağımız olaraq təqdim edilməsi.

Məsələn, İbr. 11:6-da "İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O, var və Onu axtaranlara mükafat verir" – deyə, yazılmışdır. Allahı razı salmaq üçün imanımız olmalıdır. Bəs iman nədir? Var Olanın yanına gəlib gəldiyimizə görə bizə mükafat verəcəyinə əmin olmağımızdır. Biz buna əmin olmasaq və ya hər hansı başqa bir məqsədlə Allaha yaxınlaşsaq, Allahı razı salmarıq.

Yaxud Yəh. 6:35-i oxuyaq: İsa dedi: "Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz". Diqqət yetirin: Mənə iman edən heç vaxt susamaz. Bunun imanla əlaqəsi nədir? İman nədir? Yəhyanın təliminə görə, iman İsadan başqa heç nəyin məmnun edə bilməyəcəyi ruhumuzu məmnun etmək üçün İsanın yanına gəlməkdir. Bu, imandır. İman, bəhs etdiyimizdən başqa bir şey deyildir. Mən əsas məsihçi imanını sizin öyrəşmədiyiniz dillə açıqlayıram.

d) Günahın Allahda səadətin ardınca getməkdən imtina etməyin ağılsızlığı olaraq müəyyən edilməsi.

Günah ağılsızlıqdır, Allahda səadətin ardınca getməkdən imtina etməyin ağılsızlığıdır. Bu ayələri oxuyaq: Yer. 2:12-13: "“Ey göylər, siz buna heyrət edib tir-tir əsin və dəhşətə gəlin” Rəbb belə bəyan edir. “Çünki xalqım iki pis əməl etdi: Məni – axar suların mənbəyini atıb özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər". Pis əməlin nə olduğunu siz mənə deyin. Kainatı heyrətə gətirən, mələklərin “Xeyr! Ola bilməz!” demələrinə səbəb olan bu şər nədir? Allaha, insanı məmnun edən həyat suyunun mənbəyinə baxıb "Yox, sağ ol" deyə, üzünü televizora, cinsi əxlaqsızlığa, keflərə, əyləncələrə, pullara, ad-sana, villaya, istirahətə, yeni kompyuter proqramına çevirib "Hə!" demək ağılsızlıq, əsl dəlilikdir! Yer. 2:12-yə əsasən, bu dəlilik bütün göyləri dəhşətə gətirir.

Ən azı bu dörd yol ilə Müqəddəs Kitab təsdiq edir ki, Con Payper bu gün sizə həyatınızı Allahda səadətin ardınca getməyə həsr etməyi söylədiyi zaman həqiqəti öyrədir. 1-ci etiraz bununla aradan qalxır.

2. Bəs özündən imtina etmək necə olacaq?

İsa Mark 8:35-də "Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin" – demədimi? Çarmıx edam alətidir, buna görə də çarmıxda ölmək lazım gəlir. Bu “çarmıx” əsəbi qayınana, pis xasiyyətli qonşu, yaxud sümüyünüzdəki xəstəlik deyil, mənliyinizin ölməyidir. Bu səbəbdən, qulaq as, Payper, sən həyatımızın ali məqsədi kimi bizi öz ruhumuzun səadətinin ardınca getməyə çağırdığın üçün yalançısan. Mən də bu cür hiss etdim, amma... sonra mən növbəti ayəni oxudum (arada konteksti oxumaq faydalı olur!): "Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək". Burada nə cür məntiq var? İsanın bu ayələrdə məntiqi nədir?

Məntiqi belədir:

--"Ey şagirdlərim, canınızı itirməyin. Öz canınızı itirməyin. Canınızı xilas edin! Öz canınızı xilas edin!"

--"Bəs necə?... necə, ey İsa?"

--"Canınızı itirməklə."

--"Başa düşmədim... Ey İsa, mən bunu başa düşmədim."

--"Dediyim budur, əziz şagirdlərim, sevimlilərim: canınızı o mənada itirin ki, Məndən başqa hər şeyi itirin. 'Əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir'. Dünya üçün ölün. Ad-san üçün, var-dövlət üçün, cinsi əxlaqsızlıq üçün ölün, irəli getməkdən ötəri yalan danışmaq üçün, insanların sizi bəyənmələrinə ehtiyacınız üçün ölün. Ölün və Məni əldə edəcəksiniz."

Mən özündən imtinaya inanıram. Tənəkədən imtina edib qızılı əldə etməyə inanıram. Qumdan imtina edib qayanın üzərində yaşamağa inanıram. Şor sudan imtina edib şərabı əldə etməyə inanıram. Tam mənada özündən imtina yoxdur, İsa heç vaxt belə bir imtinanı öyrətməyib. Mən özümdən imtinaya inanıram. Mən İsanın İsa haqqında dediyi bu sözə inanıram: Mat. 13:44: "Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı." Siz özündən imtina buna deyirsinizmi? Bəli! O, bütün varını satdı, Məsihi qazanmaq üçün hər şeyi zibil və tullantı saydı.

Beləliklə, biz özümüzdən imtina etməliyik, ancaq eyni zamanda imtina etməməliyik. Bir “özümüz” – mənliyimiz var ki, çarmıxa çəkilməlidir: dünyanı sevən mənliyimiz. Lakin yeni mənliyimiz – Məsihi hər şeydən çox qiymətləndirən, Ondan zövq alan mənliyimizi öldürməməliyik. Bu, yeni yaradılışdır. Onu Allah ilə doyunca qidalandırmalıyıq.

Bəli, mən özümdən imtina etməli olduğuma inanıram. İsa varlı gəncə öyrətdiyi, lakin gəncin o vaxt başa düşə bilmədiyi özündən imtinaya inanıram:

"Get, nəyin varsa, satıb yoxsullara payla. Onda göydə xəzinən olacaq." Varlı gənc bunu etmək istəmədi. O zaman İsa şagirdlərinə dedi: "Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir! Dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır." Şagirdlər bunu eşitdikdə mat qaldılar: "Elə isə, kim xilas ola bilər?" İsa onlara: "Bu, insanlar üçün qeyri-mümkündür" dedi. Mənim tələb etdiyim ürək heç kimdə öz-özlüyündən ola bilməz. "Amma Allah üçün yox" – İsa davam edib dedi, – "Allah üçün hər şey mümkündür". Bu dəmdə Peter dilləndi: "Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik." Bəs biz necə olacağıq? Biz həqiqətən hər şeyi qurban verdik. İsa ona belə cavab verdi (kaş ki, Onun səsinin tonunu da biləydik): "Peter, Mənimlə Müjdə uğrunda ya evini, ya qardaşlarını, ya bacılarını, ya anasını, ya atasını, ya uşaqlarını və yaxud tarlalarını atan elə bir kəs yoxdur ki, indi bu dövrdə çəkdiyi əzab-əziyyətlə birgə bundan yüz qat artıq evlər, qardaşlar, bacılar, analar, uşaqlar, tarlalar, gələcək dövrdə isə əbədi həyat almasın." Mənim yolumda boynunuz vurulanda özünüzə yazığınız gəlməsin! (Bax: Mark 10:17-31).

Bəli, mən özündən imtinaya inanıram. Allahdan tam kamil şəkildə məmnun olmağıma mane olan hər şeydən imtina etməyə inanıram və Müqəddəs Kitabda “özündən imtina etsin” sözlərini də məhz bu mənada başa düşürəm. Devid Livinqston və Hadson Teylor kimi böyük missionerlərin ömürlərinin son illərində arvadlarını, sağlamlıqlarını, bircə şeydən başqa hər şeyi itirəndən sonra Kembric universitetində tələbələr önündə "Mən heç bir fədakarlıq etməmişəm" deməkdə haqlı olduqlarına inanıram. Düzdür! Onların nə nəzərdə tutduqlarını mən bilirəm, siz də bilirsiniz. Gənc yaşlarında canını qurban vermiş Cim Elliotun "Əsla itirə bilməyəcəyini əldə etmək üçün əsla saxlaya bilməyəcəyini əldən verən adam ağılsız deyildir" deməkdə haqlı olduğunu da bilirəm. Mən özündən imtina haqqında belə düşünürəm. Deməli, bununla 2-ci etiraz da aradan qalxmışdır.

3. Bəs siz hisslərə həddindən artıq əhəmiyyət vermirsinizmi?

Məsihçilik əsasən qərardan, iradədən ibarət deyildirmi? Hisslər, sadəcə olaraq, əlavə, qeyri-məcburi, əsas yeməyin üstündə desert kimi deyildirmi? Qulaq as, Payper, məncə, sən məsihçilikdə hisslərin yeri haqqında danışanda həddini aşırsan. Sən hissləri Müqəddəs Kitabda olduğundan daha yüksək yerə ucaldırsan.

Bu etirazlara görə Müqəddəs Kitabı araşdırdım (kimsə sizinlə mübahisə edəndə Müqəddəs Kitabı araşdırmaq faydalıdır) və bu sözləri kəşf etdim:

  • Bizə sevinc hissi əmr olunub: Fil. 4:4, "Rəbdə həmişə sevinin."
  • Bizə ümid hissi əmr olunub: Zəb. 42:5, "Ümidini Allaha bağla."
  • Bizə qorxu hissi əmr olunub: Luk. 12:5, "Adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan Allahdan qorxun."
  • Bizə sülh hissi əmr olunub: "Məsihin sülhü qoy ürəklərinizdə münsiflik etsin" (Kol. 3:15).
  • Bizə səy hissi əmr olunub: Rom. 12:11, "Səyiniz azalmasın (sözbəsöz tərcümə: “qaynasın”!), ruhunuz alovlu olsun". Sizə bunu yeməkdən sonra desert kimi seçmək təklif olunmayıb. Bu, sizə əmr olunub! "Ruhunuz alovlu olsun!"
  • Bizə kədər hissi əmr olunub: Rom. 12:15, "Ağlayanlarla ağlayın." Seçiminiz yoxdur. Ağlayanlarla ağlamalısınız və ağlamaq üçün kədəri hiss etməlisiniz.
  • Bizə susamaq hissi əmr olunub: 1Pet. 2:2, "Pak ruhani südə susayın." Bu da seçiminizdən asılı deyildir. "Mən özümü susamağa məcbur edə bilmirəm, bəs bu əmrə necə itaət edim? Yəqin ki, bu, əmr deyildir" – deyə, düşünə bilməzsiniz. Olmaz! Əlbəttə, siz istədiyiniz vaxt özünüzü susamağa məcbur edə bilməzsiniz. Lakin bu, hələ də sizin borcunuzdur. Dünən bəhs etdiyimiz ümidsiz halımız burada üzə çıxır.

    Siz bu saat sizə əmr olunan hər şeyi öz iradənizlə, yaxud qərarınızla edə bilməzsiniz. Siz bunu yalnız möcüzə ilə edə bilərsiniz. Siz ümidsiz halda deyilsinizmi? Allah-Taala sizə edə bilməyəcəyinizi əmr edirsə, bu, ümidsiz deyilmi? Ürəyiniz düz olsaydı, bunu edərdiniz. Bizə rəhm hissi əmr olunub: "bir-birinizə qarşı xeyirxah, rəhmli olun", amma biz rəhm edə bilmirik. Axı bağışlamaq yalnız "Bağışla!" deməkdən ibadət deyildir. Bunu hiss etmək lazımdır.
  • Bizə minnətdarlıq hissi əmr olunub. Uşaq Milad bayramında nənəsindən hədiyyə alır, açıb görür ki... qara corab imiş! Ey… bu, nədir!... Heç bir uşaq Milad bayramına corab, özü də qara corab hədiyyə almaq istəməz. Siz uşağınıza deyirsiniz: "Nənəyə sağ ol de". Uşaq, "Coraba görə sağ ol, nənə" deyir. Müqəddəs Kitab şükür etməkdən bəhs etdikdə, bu cür minnətdarlıq nəzərdə tutulmur. Uşaq iradə gücü ilə “Sağ ol” deyə bilər. Ancaq öz iradə gücü ilə o, corab üçün minnətdarlıq hiss edə bilməz. Siz də Ef. 5:20-dəki "hər şeyə görə şükür edin" əmrinə öz iradə gücünüzlə itaət edə bilməzsiniz. Deməli, Allah-Taala bir iş görməsə, biz ümidsiz vəziyyətdə qalarıq.

3-cü etiraza nə deyim? Mən onu qəbul edə bilmirəm. Hissləri Müqəddəs Kitabda olduğundan daha çox yüksəltdiyimə inanmıram. Mən düşünürəm ki, “hər şeyə qadirəm” şüarı ilə qərarlılığa, iradə gücünə əsaslanan Amerika dini insanın öz hisslərini idarə edə bilmədiyinə görə, hissləri əhəmiyyətsiz elan edib, mən isə, sadəcə olaraq, hisslərin yerini bərpa etməyə çalışıram.

4. Allaha xidmət etmək seçimi necə olur?

Allaha xidmət borcumuz deyilmi? Bəs sən, Payper, məsihçilikdən elə danışırsan ki, Allaha xidmətə heç oxşamır. Mənəvi borcdan irəli gələn, çətin gələndə belə yerinə yetirilən xidmətə oxşamır.

Bu etiraza belə cavab verməyi öyrəndim: "Müqəddəs Kitabdan qulluq metaforasının işləndiyi bir sıra parçaları nəzərdən keçirək." Allahla münasibətinizə aid olan bütün metaforalar: qul, oğul, yaxud qız, dost və s. çoxlu elementlərdən ibarətdir və bəzi elementlərini vurğulayanda mənası düzgün əks olunmur. Metaforalarda vurğulandıqda düzgün məna verən elementlər də vardır. Qulluq analogiyasının hansı elementləri səhv, hansıları düzdür?

Rəbbə xidmət edərkən küfr etməməyiniz üçün bunların arasında ayırd etməyinizə kömək edən parçalardan biri Həv. 17:25-dir: "İnsan əli ilə edilən xidmətə Onun ehtiyacı yoxdur, çünki hər kəsə həyat, nəfəs və hər şeyi verən Odur!" Görürsünüzmü, Allaha xidmət edilməz. Ehtiyatlı olun. Onun sizə, yaxud xidmətinizə ehtiyacı var imiş kimi, Ona xidmət edilməz. Onun heç ehtiyacı yoxdur. Yaxud Mark 10:45 kimi bir ayəni nəzərdən keçirək: "Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin." Diqqətli olun! Diqqətli olun! Ona xidmət etməyə çalışırsınızsa, Onun məqsədini pozacaqsınız! Bu, qəribə bir şeydir, elə deyilmi? Paul, demək olar ki, hər Məktubunda özünü Rəbbin qulu adlandırır. Burada isə - Həv. 17:25 və Mark 10:45-də deyilir ki, Allaha xidmət edilməz və Bəşər Oğlu xidmət etmək üçün gəlmədi. Deməli, pis növdən xidmət olmalıdır, həm də yaxşı növdən xidmət olmalıdır. Yaxşı növdən xidmət hansıdır?

Yaxşı xidmət 1Pet. 4:11-dədir: "Kim danışırsa, Allahın sözlərini danışan kimi danışsın. Kim xidmət edirsə, Allahın verdiyi qüvvətlə xidmət etsin. Beləcə, Allah hər şeydə İsa Məsih vasitəsilə izzətlənəcək." Allahın insan əli ilə edilən xidmətə ehtiyacı yoxdur. Siz həmişə ibadət edəndə, məktub yazanda, mühazirələrə qulaq asanda, maşın sürəndə, uşağın pampersini dəyişəndə, vəz edəndə - hər işinizdə “alan tərəf” olaraq hərəkət etməlisiniz. Çünki “verən tərəf” izzətlənir, alan tərəf isə məmnun olur. Biz Həv. 17:25 "İnsan əli ilə edilən xidmətə Onun ehtiyacı yoxdur (sanki O, alan tərəfdir)" ayəsini pozduqda küfr edirik.

Dünən mən bu konfransın rəhbərliyinə Mat. 6:24-ü misal gətirdim: "Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək, ya da birinə bağlı qalıb o birisinə isə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz." İndi biz xidmətdən danışırıq. İnsan sərvətə, pula necə xidmət edir? Pula xidmət edən, pulun ehtiyaclarını ödəməz axı. Əksinə, o, bütün enerjisini, vaxtını, gücünü puldan faydalanmağa sərf edər. Ağlınız daim az maya qoyub çox pul almaq, ən yaxşı imkanlardan istifadə etmək, qazanmaq yollarını axtarar, siz puldan mənfəət əldə etməyi qarşınızda məqsəd qoymusunuz, çünki pul sizin mənbəyinizdir.

Əgər pula xidmət etmək budursa, onda Allaha xidmət etmək nə deməkdir? Eyni şeydir: siz Allahın xeyir-dua şəlaləsi altında qalmaq üçün həyatınızı, enerjinizi, səyinizi, vaxtınızı Ona sərf edirsiniz, belə ki, O, mənbə olaraq qalır, siz də boş qab kimi Ondan alırsınız. Siz alan tərəfsiniz, O isə verən tərəfdir; siz acsınız, O, çörəyinizdir; siz susuzsunuz, O, suyunuzdur. Siz küfr edib Allahla rolları dəyişməyə cəhd etmirsiniz. Biz Allahın təmin etdiyi qüvvə ilə xidmət etmək üçün yol tapmağa çalışmalıyıq. Mən xidmət etdiyim zaman, alan tərəf olaraq qalıram. Əks halda, Allahı “alan tərəf” vəziyyətinə salıram; guya Allah mənəm, O isə məndən “alan” tərəfdir. Dünyada bu kimi dinlər çoxdur. Burada 4-cü etiraz da aradan qalxmalıdır.

5. Məgər siz mərkəzi yerə özünüzü qoymursunuzmu?

"Sən öz sevincinin, öz səadətinin ardınca getməkdən danışırsan. Sən xidmət borcundan bizim öyrəşdiyimiz kimi deyil, başqa cür danışırsan, xidmətə görə diqqətli olmalı olduğumuzu deyirsən. Mənə elə gəlir ki, sən Müqəddəs Kitabdan sui-istifadə edərək özünü mərkəzə qoyursan". Bundan daha qorxunc tənqid ola bilərmi?

Cavabım belədir: Mən 28 ildir ki evliyəm, dekabrın 21-də toyumuzun ildönümüdür. Noeli çox sevirəm. Onunla birgə həm çətin, həm də həqiqətən yaxşı günlərim olub. Uşaqlarımız yeniyetmə olanda son dərəcə çətin illər yaşamışdıq. Oğullarımı və balaca qızımı düşünəndə tez kövrəlib ağlayıram. Təsəvvür edin ki, dekabrın 21-də mən kürəyimin arxasında 28 uzun qırmızı qızılgül tutaraq evimin qapısına yaxınlaşıb zəngə basmışam. Noel qapıya gəlir, qapını açarımla açmaq əvəzində zəngə basdığıma təəccüblənir, o dəmdə mən qızılgülləri ona uzadıb "İldönümümüz münasibətilə təbrik edirəm, Noel" deyirəm. O deyir: "Conni, bunlar nə gözəldir! Niyə aldın?" Mən də ona, "Borcumdur" – deyirəm.

Cavab səhvdir. Yenə əvvəldən başlayaq:

[Zəng səsi]

--"İldönümümüz münasibətilə təbrik edirəm, Noel!"

--"Conni, bunlar nə gözəldir! Niyə aldın?"

--"Sənə gül almaqdan ləzzət alıram. İndi isə paltarını dəyiş, çünki bu axşam başqa adam uşaqlara baxacaq, mən xüsusi bir şey təşkil etdim, bu axşamı səninlə keçirmək ən böyük arzumdur".

Bu, düzgün cavabdır.

Niyə? Arvadım niyə demədi ki, "Sənin kimi xudbin imanlı hedonist hələ görməmişəm! Sən həmişə ancaq özünü sevindirən şeyləri düşünürsən!" Burada nə baş verir? Niyə “borcumdur” səhv, “ləzzət alıram… arzumdur” isə düz cavabdır? Aydındırmı?

Bu, sizə aydındırsa, bugünkü vəzimin mövzusu da tamamilə aydın olar və mən Minneapolisə qayıdıb Allaha şükür edə bilirəm. Mən arvadımdan nə qədər məmnun olsam, o, məndə o qədər izzətlənər. Əgər mən münasibətlərimizi qul-ağa münasibətlərinə döndərməyə çalışsam, ondan məmnun olmağa, ləzzət almağa, ona görə sevinməyə çalışmasam, o, alçalmış olar... Allah da həmçinin. Siz göylərə gələndə Ata sizə baxıb: "Nə üçün buraya gəldin? Niyə Mənim yolumda canını fəda etdin?" – deyə, sual versə, siz Ona: "Buraya gəlmək borcum idi, çünki mən məsihçiyəm" deməyəcəksiniz. Əksinə, siz belə deyəcəksiniz: "Mən buradan başqa heç yerə getmək istəməzdim. Səndən başqa heç kəslə olmaq istəməzdim, çünki Sən ürəyimin istəyisən!" Bu konfrans da məhz buna görə təşkil olunub. Bu konfrans Yeşaya 26:8-də dəhs edilən, “268 nəsli”ndə birləşən iki böyük şövqün üzərində qurulmuşdur: Allahın Öz adına, şöhrətinə olan şövqü və bütün arzularımda sevinmək üçün ürəyimdə olan şövq. Bunlar kainatda sarsılmaz olan iki təməldir. Mən ümidvaram ki, siz bunların bir olduğunu dərk etmisiniz, çünki mən Allahdan nə qədər məmnun olsam, Allah, Onun adı və şöhrəti məndə o qədər izzətlənər.

©2014 Desiring God Foundation. Used by Permission.

Permissions: You are permitted and encouraged to reproduce and distribute this material in physical form, in its entirety or in unaltered excerpts, as long as you do not charge a fee. For posting online, please use only unaltered excerpts (not the content in its entirety) and provide a hyperlink to this page. For videos, please embed from the original source. Any exceptions to the above must be approved by Desiring God.

Please include the following statement on any distributed copy: By John Piper. ©2014 Desiring God Foundation. Website: desiringGod.org