İsa etnosentrizmə son qoymuşdur İrqi həmrəylik günü

İsa böyüdüyü Nazaret şəhərinə gəldi və adətinə görə, şənbə günü sinaqoqa getdi. O, Müqəddəs Yazılardan oxumaq üçün ayağa qalxdı. Ona Yeşaya peyğəmbərin kitabını verdilər. İsa tumarı açıb bu sözlər yazılan hissəni tapdı: “Rəbbin Ruhu üzərimdədir, çünki fəqirlərə Müjdəni bildirmək üçün O, Məni məsh etdi. Əsirlərə azadlıq, korlara gözlərinin açılmasını elan etmək üçün, məzlumları sərbəstliyə buraxmaq üçün, Rəbbin lütf ilini bəyan etmək üçün Məni göndərdi.” Sonra İsa tumarı bağladı və xidmətçiyə verib oturdu. Sinaqoqda oturanların hamısı Ona diqqətlə baxırdı. İsa onlara: “eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi” - deyə, danışmağa başladı. Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi. Onlar: “Məgər bu, Yusifin Oğlu deyilmi?” – deyirdilər. İsa onlara belə dedi: “Əlbəttə, siz Mənə: “Ey həkim, öz-özünə şəfa ver!” məsəlini xatırladacaqsınız. “Kefernahumda etdiklərin barəsində eşitmişik. Burada, Öz yurdunda da həmin işləri et!” - deyəcəksiniz.” Sonra dedi: “Sizə doğrusunu deyirəm: heç bir peyğəmbər öz yurdunda qəbul edilməz. Yenə də sizə həqiqəti deyirəm ki, İlyasın dövründə göy üç il altı ay ərzində bağlı qalıb bütün ölkədə böyük aclıq olanda İsraildə çoxlu dul qadın var idi. Amma İlyas onlardan heç birinin yanına deyil, Sidonun Sarfat şəhərində olan bir dul qadının yanına göndərildi. Elişa peyğəmbərin dövründə İsraildə çoxlu cüzamlı var idi. Ancaq onlardan heç biri deyil, yalnız Aramlı Naaman pak oldu.” Sinaqoqdakı camaatın hamısı bu sözləri eşidib hiddətləndi. Onlar ayağa durdular və İsanı şəhərin kənarına qovdular. Onu uçurumdan atmaq üçün şəhərin qurulduğu təpənin başına gətirdilər. Amma İsa onların arasından keçərək oradan çıxıb getdi.

Ötən bazar günündə mən “Şövq qurmaq” adlandırdığım görüntünü elan etmişdim. Biz bir imanlılar cəmiyyəti olaraq birləşərək 2002-ci ildə Minnesotada və ya başqa bir yerdə yeni bir cəmiyyət qura bilərikmi? Mən bunun cəmiyyətimizin görüntüsü ilə əlaqəsini göstərmək üçün buna “şövq qurmaq” deyirəm. Cəmiyyətimizin görüntüsü isə belədir: Biz bütün xalqların sevinci üçün İsa Məsih vasitəsilə Allahın hər şeydə hökmran olması şövqünü yaymaq üçün yaşayırıq. Bununla belə, mən sadəcə olaraq, bir cəmiyyət qurmaq niyyətində olmadığımızı açıqladım. Quracağımız cəmiyyətin konkret təsvirlərini təqdim etdim: Allah mərkəzli, Məsihi ucaldan, Müqəddəs Kəlamla dolu olan, missiya üçün səfərbər edən, canları qazanan, haqq-ədalət üçün mübarizə aparan və s.

Haqq-ədalət üçün mübarizə

Mən "haqq-ədalət üçün mübarizə aparan" dedikdə, ən azı iki məsələni nəzərdə tuturam: Bu gün irqi həmrəylik, gələn bazar günü isə həyatın müqəddəsliyi mövzuları diqqət mərkəzindədir. XXI əsrin əvvəlində ölkəmiz üçün irqi həmrəylikdoğulmamış körpələrin hüquqları iki son dərəcə önəmli məsələ sayılır. Mən düşünürəm ki, imanlılar cəmiyyətinin haqq-ədalət üçün mübarizə aparması ilə Allah mərkəzli olması, Məsihi ucaltması, Müqəddəs Kəlamla dolu olması arasında əlaqə vardır.

Biz daha çox Allah mərkəzli olmalı, Məsihi ucaltmalı, Müqəddəs Kəlamla dolu olmalıyıq

Müjdəçi imanlılar cəmiyyətinin və xüsusən “ağ” müjdəçi imanlılar cəmiyyətinin (“qara imanlılar cəmiyyəti” kimi bu ifadə də heç yaxşı deyil) doğulmamış körpələrin hüquqları üçün lazımınca mübarizə aparmamağımızın bir səbəbi budur ki, biz düşündüyümüz qədər çox Allah mərkəzli, Məsihi ucaldan, Müqəddəs Kəlamla dolu deyilik.

Biz "bütün xalqların sevinci üçün İsa Məsih vasitəsilə Allahın hər şeydə hökmran olması şövqünü yaymaq üçün yaşayırıq" deyəndə, Allahın irqlər arasındakı münasibətlərdə necə hökmran ola biləcəyini dərindən düşünmüşükmü? Məsihin irqlər arasındakı münasibətlərdə necə ucaldığını düşünmüşükmü? Təhsil, mənzil şəraiti, iqtisadiyyat, Məsihin Bədəninin tərkibi baxımından etnik münasibətlər və irqlərə dair məsələlərdə Müqəddəs Kitabın düşüncələrimizə, hisslərimizə, əməllərimizə necə təsir etməsi ilə maraqlanmışıqmı? Allahın hökmranlığı və Məsihin izzəti, və eləcə də Müqəddəs Kitabın qəti təlimi bizim düşüncələrimizi, hisslərimizi, əməllərimizi elə formalaşdırırmı ki, hər şey "bütün xalqların sevinci üçün" olsun?

Mükəmməl olmadığına görə fəaliyyətsizlik

Beləliklə, biz mükəmməl və çoxalmağa qadir olduqdan sonra cəmiyyətləri quracağımızı düşünmürük. Əgər mükəmməl olana qədər gözləməli olsaq, heç vaxt başlamayacağıq. O halda heç birimiz əsla ailə qurmaz, evli vəziyyətdə qalmaz, işə düzəlməz, iş yerində qalmaz, missiyaya getməz, missiyada qalmaz, uşaqlarının olacağını və ya xidməti açacağını qərarlaşdırmaz. Yaxşı insanların fəaliyyətsizliyinin başlıca səbəbi odur ki, onlar mükəmməl olmadıqlarını anlayırlar. Kaş Allah mənfi danışanların tənqid səslərinə qulaq asıb faydalı şeylər öyrənən, sonra isə bu tənqidi unudaraq fəal işləyən insanları yetişdirə! Biz mükəmməl olduğumuza görə cəmiyyətləri qurmuruq – görüntümüz və arzumuz olduğuna görə qururuq. Arzumuz budur ki, yeni yerdə yeni imanlılar cəmiyyəti olsun; o cəmiyyətlərin rəhbərləri Müqəddəs Kəlamdan eyni görüntü alaraq bizdən daha yaxşı işlər görsünlər.

Böyük kef üçün deyil, böyük iş üçün yaşayın

Mən “şövq qurmaq” haqqında düşünəndə özlərini böyük kef üçün deyil, böyük üçün yaşamağa həsr edən insanlardan ibarət bir icma qurmağı nəzərdə tuturam. Mənim vəzlərim belə bir şüar altında keçib: Məsihçi olmaq üçün kefə deyil, ehtiyaca baxmaq lazımdır. Səhər duranda, axşam yatanda daha çox kef etmək haqqında deyil, Allah mərkəzli işlər görmək haqqında düşünməliyik. “Şövq qurmaq” gecə-gündüz özlərini qorumaq, özlərini ucaltmaq, özlərini sevindirməklə məşğul olanların icmasını deyil, özlərindən, ailələrindən və ya toplantılarından daha böyük bir şeyə can atanların icmasını qurmaq deməkdir.

Bəs siz hansı böyük iş üçün yaşayırsınız? Bu gün və gələn bazar günü bu sualı verəcəyəm: Sizin bəziləriniz (hətta aranızda yüzlərlə adamlar) "Həyatımın böyük işi Allah mərkəzli, Müqəddəs Kitabla dolu olan irqi ədalət və irqi həmrəylik vasitəsilə İsa Məsihi ucaltmaqdır" deyəcəksinizmi? Yaxud kim deyəcək ki: "Həyatımın böyük işi Allah mərkəzli, Müqəddəs Kitabla dolu olan doğulmamış körpələrin hüquqları üçün mübarizə vasitəsilə İsa Məsihi ucaltmaqdır"? Kaş Allah imanlıların bütün xudbinlik, qısa müddətli məsuliyyətlər və intizamsız həsr olunmalarına baxmayaraq, adrenalindən deyil, ürəkdən böyük iş üçün yaşayan kişiləri və qadınları yetişdirə! Adrenalin hərdənbir bədənə enerji axınını təmin edir. Ürək isə hər zaman – yaxşı və pis vaxtlarda, qışda və yayda, kədərdə və sevincdə, güclü və zəif, xəstə və sağlam vəziyyətdə bədənə həyat verir! Kaş irqi ədalət işində adrenalin kimi qısa müddət işləyən məsihçilərdən daha çox, tac arteriyalar kimi davamlı məsihçilər olsun!

Bizə çoxlu Uilyam Uilberforslar lazımdır

Aranızda dövrünün Uilyam Uilberforsu kimdir? Uilyam Uilberfors ömrünün axırına kimi İngiltərədə irqi ədalət işi üçün canlı şövqlə və dərin imanla dolu müjdəçi məsihçi idi. 28 oktyabr 1787-ci ildə 28 yaşında olan Uilyam gündəliyində belə yazmışdır: "Külli-İxtiyar Allah qarşımda iki böyük məqsəd qoyub: qul alverini basdırmaq və mənəviyyatı islah etmək" (Con Pollokun “Uilberfors” əsərindən (John Pollock, Wilberforce) səh. 69). Afrikalı qul alveri ölkənin maliyyə mənafelərinə dərin kök saldığına görə, Uilyam parlamentdə apardığı mübarizədə dəfələrlə məğlubiyyətə uğramışdır. Lakin o, heç vaxt təslim olmadı və boş oturmadı. O, “adrenalin” deyil, “tac arteriya” kimi bir məsihçi idi. 24 fevral 1807-ci ildə səhər saat 4-də, gündəliyindəki qeyddən iyirmi il sonra həlledici səsvermə gerçəkləşdi və qul alveri qanunsuz elan edildi. Lakin 20 il zəhmət ilə bu iş hələ tam başa çatmamışdı. Bəs quldarlıq özü necə oldu? 16 il sonra, 26 iyul 1833-cü ildə, Uilberforsun öldüyü gündən üç gün əvvəl baş verən səsvermədə quldarlıq ümumilikdə həm İngiltərədə, həm də müstəmləkələrində qadağan olunmuşdur.

Beləliklə, mən “şövq qurmaq”dan danışanda bu cür şövqü – adrenalin deyil, tac arteriya kimi şövqü əmələ gətirmək haqqında düşünürəm. Özünü Allah mərkəzli, Məsihi ucaldan, Müqəddəs Kəlamla dolu, ədalət üçün mübarizə aparan, heç vaxt təslim olmayan bir şəkildə kefə deyil, böyük İşə həsr etməyi nəzərdə tuturam.

Deməli, əgər biz Allahın mərkəzdə olmasını, Məsihin ucalmasını, Müqəddəs Kitabla dolu olmağı arzu ediriksə, onda İncili açıb İsaya qulaq asaq və İsanın etnosentrizmə son qoyduğuna baxaq. İnsanın öz etnik qrupunun daha böyük və üstün olduğuna inanmasına və ya belə hiss etməsinə etnosentrizm deyilir.

Luka 4:16-30: Səmavi Padşahlıq etnik baxımdan sizin düşündüyünüz kimi deyildir

Biz Luka 4:16-30-dan başlayacağıq. Burada biz Kefernahumda şöhrət qazanandan sonra Öz doğma şəhəri Nazaretə qayıdan gənc adamı görürük. O, şənbə günü sinaqoqa girir, böyük bir izdiham Ona qulaq asmağa gəlir. O, danışanda inanılmaz bir iş edir. Az qala bir qiyamın qalxmasına səbəb olur. Özü də bunu bilə-bilə edir. Birinci Ona Yeşaya Peyğəmbərin Kitabını verirlər, O da 61-ci fəsli seçir. Orada gələcək Xilaskar haqqında yazılmışdır. Xilaskarın məzlumları buraxmağa, Rəbbin lütf ilini elan etməyə gələcəyi haqqında yazılmışdır (ayə 18b-19); İsa bu sözlərin bu gün yerinə yetdiyini iddia edir. 21-ci ayə: "İsa onlara: “eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi” - deyə, danışmağa başladı." Bu, heyrətamiz idi. Başlıqlar: "Həmvətənimiz Məsih olduğunu iddia edir." Ancaq bu, hələ qiyama səbəb olmazdı. Ayə 22: "Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi." Bu, hələ o qədər də pis deyildi.

Ancaq baxın, O, sonra nə deyir. Tamamilə gözlənilməz bir şey! Siz yalnız ardıcıl yığmaq istəyirsinizsə, üzrsüzsünüz. Yalnız cəmiyyətin artmasını istəyirsinizsə, üzrsüzsünüz. İsa vətəninin etnosentrizminə meydan oxumaq üçün Əhdi-Ətiqdən iki əhvalat danışmaq qərarına gəlir. Bundan da çox xalqı büdrətməsi mümkün olmazdı. İsa onların necə reaksiya verəcəklərini bilirdi, çünki 24-cü ayədə O deyir: "Sizə doğrusunu deyirəm: heç bir peyğəmbər öz yurdunda qəbul edilməz." Başqa sözlərlə desək: “Bəli, indi Məsih və Onun Padşahlığı haqqında düşündüyünüzə uyğun gəldiyim üçün, Mənə pis baxmırsınız (ayə 22). Ancaq gözləyin, Mən sizə nə edəcəyimi və Padşahlığımın necə olacağını deyim, sonra Mənə necə baxarsınız?

İsa onlara birinci əhvalatı danışır. 25-26-cı ayələrdə O, 1-ci Padşahlar 17-ci fəsildən bəhs edir: "Yenə də sizə həqiqəti deyirəm ki, İlyasın dövründə göy üç il altı ay ərzində bağlı qalıb bütün ölkədə böyük aclıq olanda İsraildə çoxlu dul qadın var idi. Amma İlyas onlardan heç birinin yanına deyil, Sidonun Sarfat şəhərində olan bir dul qadının yanına göndərildi." Birdən-birə İsa Allahın bütün etnik ibranilərdən imtina edib yadelli bir adama, Sidon (Finikiya) ölkəsindən gəlmiş bir bütpərəst adama necə xeyir-dua verdiyini yada salır. O, bunu utanmadan, çəkinmədən, var qüvvəsi ilə, izahını yumşaltmadan danışır: İsraildə çoxlu dullar var idi, amma Allah yadelliyə xeyir-dua verdi.

Hələ bu da çatmırmış kimi, İsa 27-ci ayədə ikinci əhvalatı danışır – 2-ci Padşahlar 5-ci fəsildən: "Elişa peyğəmbərin dövründə İsraildə çoxlu cüzamlı var idi. Ancaq onlardan heç biri deyil, yalnız Aramlı Naaman pak oldu." Yenə də əsas fikir budur ki, Allah çox cüzamlıya şəfa verə bilərdi, lakin yəhudiyə deyil, suriyalıya şəfa verməyi qərara aldı.

Bu iki əhvalat etnosentrist Nazaretdə bir partlayış törətdi. 28-ci ayə: "Sinaqoqdakı camaatın hamısı bu sözləri eşidib hiddətləndi. Onlar ayağa durdular və İsanı şəhərin kənarına qovdular. Onu uçurumdan atmaq üçün şəhərin qurulduğu təpənin başına gətirdilər. Amma İsa onların arasından keçərək oradan çıxıb getdi." Onlar Onun dediyini başa düşdülər və xoşlamadılar.

Bəs əhvalatın mənası nədir? Mənası budur: İsa deyir ki, Mənim gətirdiyim Padşahlıq etnik baxımdan düşündüyünüzdən fərqlidir. Siz İsrail kimi seçilməyinizə baxmayaraq, təvazökar və mərhəmətli deyil, qürurlu və lovğasınız. İsa etnosentrizmə son qoydu. Mənə baxın, - deyir İsa, - Məndən öyrənin, Mən yalnız bir, yaxud bir neçə millətdən deyil, hər etnik qrupdan insanları satın almağa gəldim. Vay başınıza, çünki siz Allahın ədalətində, mərhəmətində bütün xalqlardan kahinlər və dostlar padşahlığı toplamaq arzusunu görə bilmədiniz.

Matta 8:5-13: İsaya iman etnik mənsubiyyətə üstün gəlir

Mən Nazaret əhlinə “vay başınıza” deməklə həddi aşmışammı? Başqa bir əhvalata baxaq və siz özünüz qərara gələrsiniz. Bu dəfə Mat. 8:5-13-u oxuyacağıq. İsa Mat. 5-7-də Dağüstü Vəzini bitirdikdən sonra, Mat. 8:1-4-də cüzamlıya toxunaraq şəfa verir. Cüzamlılar İsraildə ən çox təhqir edilən və qovulan insanlar idi. Bunun ardından Mat. 8:5-də İsa Kefernahuma girir və orada cüzamlılardan sonra ən çox təhqir edilən insanın – Romalı yüzbaşının yanına gəlir. Taliban mücahidi üçün amerikalı əsgər nədirsə, bir yəhudi üçün də romalı yüzbaşı o idi. Matta bu yüzbaşının yəhudilərin hörmətini qazanmasından heç nə demir (Luk. 7:3-5). Bu, onun məqsədi üçün heç önəmli deyildir. O adam yəhudi deyildi, yad adam idi. Matta əsas bu faktı vurğulamağa çalışır.

Bu əhvalatın mənası nə olacaq? Yüzbaşı İsaya yalvarır: "Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir." İsa heç bir sual vermədən, tərəddüd etmədən 7-ci ayədə "Mən gəlib ona şəfa verəcəyəm" deyir. O zaman yüzbaşı İsanı heyrətə gətirən bir şey söyləyir. 8-ci ayə: "Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. (9) Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir."

10-cu ayədə yazılıb ki, İsa bunu eşidəndə heyrət edir. Hamı bu əhvalatın şəfa, qüvvə, səlahiyyət haqqında olduğunu düşünür, lakin İsa bəhsi tamamilə başqa bir mövzuya çevirir – O, Səmavi Padşahlığın yadellilərdən ibarət olacağını öyrədir və öz etnik mənsubiyyətinə görə xeyir-dua alacağını düşünənlərin səhvini üzə çıxarır. Ayə 10b: "Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim. (11) Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək…" Şərqdən və qərbdən! Haralardan söhbət gedir? Finikiya (Qəzzə zolağı), Misir, Yunanıstan, Ərəbistan, Fars dünyası (İordaniya, İran, İraq, Əfqanıstan, Pakistan, Hindistan, Çin). Bu yadelli adamlar – sünnətsiz, koşer olmayan (=haram) adətləri və görünüşləri ilə gələcəkləri zaman nə baş verəcək? Ayə 11b: "…və (onlar) Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq (12). Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq."

Bu, lap partlayış törətdi! Siz bunun qüvvətini hiss etməlisiniz. İsa burada seçilmiş israillilərə deyir ki, ilk öncə bu iman edən yüzbaşı, sonra da hər cür “murdar” millətlər Səmavi Padşahlığa girəcəklər, siz "bu padşahlığın əsl övladları" isə qaranlıq çölə atılacaqsınız. Seçilmiş irq haqqında bu cür danışmaq ağlasığmazdır. Bu, nə deməkdir? Bu, o deməkdir ki, İsa etnosentrizmə son qoydu.

Bunu müsbət şəkildə belə ifadə etmək olar: İsa dünyaya gələndə Allahın xalqını iman edənlər olaraq müəyyən etmişdir. İsaya iman etnik mənsubiyyətə üstün gəlir. Bunu Müjdələrdə təkrar-təkrar görə bilirik:

  1. Xeyirxah samariyalı məsəli – mərhəmət göstərən qəhrəman yadellidir (Luk. 10:33).
  2. On nəfər cüzamlı şəfa tapır, yalnız biri qayıdır; kim idi o bir nəfər? Yenə də samariyalı idi. Həlim xasiyyət göstərən yadellidir (Luk. 17:16).
  3. Suriya Finikiyasında doğulmuş bir qadının qızının şəfa tapması (Mark 7:26).
  4. Şərqdən, çox güman ki, İran, yaxud Ərəbistandan gəlmiş müdrik adamlar İsaya səcdə etməyə gəlirlər (Mat. 2:1).
  5. Nəhayət, İsa Öz ölümü və dirilməsi haqqında üzüm bağı məsəlini danışdı (Mat. 21:33-43). Bağ sahibi öz xalqından meyvə yığması üçün Oğlunu göndərir. Onlar Oğlunu öldürürlər. O zaman İsa soruşur: "Bağın sahibi nə edəcək?" Allahın Oğlu Onun seçdiyi xalq tərəfindən rədd edildikdə Allah nə edəcək? 43-cü ayədə bu sualın cavabı verilir: "Buna görə sizə deyirəm: Allahın Padşahlığı sizdən alınıb onun məhsullarını yetişdirəcək bir millətə veriləcək."

Dərinin rəngi deyil, Məsihə iman

Martin Lüter Kinq ən məşhur nitqində məhz bunu vurğuladı: "Mənim bir arzum var, arzum odur ki, gün gələcək, mənim dörd balaca uşağım dərilərinin rənginə görə deyil, öz xəsiyyəti ilə mühakimə ediləcəkləri bir ölkədə yaşayacaqlar."

İsa etnosentrizmə son qoydu. Səmavi Padşahlığın nişanəsi dərinin rəngi deyil, Məsihə imandır. Dünən mən həyat yoldaşım Noel ilə telefonda Çikaqoda olan oğlumuz Bencamin ilə danışarkən keçmiş xatirələrə daldıq. Urbana 1967-ci il konfransını yada saldıq. Uorren Uebsterə 15 min nəfər tələbə qarşısında sual verdilər: Siz burada xidmət edərkən qızınız pakistanlı bir adama ərə getməyi qərara alsaydı, nə edərdiniz? Onun verdiyi cavab hələ də qulağımdadır və mən ümid edirəm ki, mənim bugünkü vəzim sizin yadınızda qalar. Kasıb pakistanlı məsihçi varlı ağ imansız amerikalı bankirdən yaxşıdır. Başqa sözlə desək, mühüm olan dərinin rəngi deyil, Məsihdir. İsa etnosentrizmə son qoydu.

Əgər biz Allah mərkəzli, Məsihi ucaldan, Müqəddəs Kəlamla dolu olan və haqq-ədalət üçün mübarizə aparan imanlılar cəmiyyəti qurmaq istəyiriksə, onda biz də gərək buna son qoyaq. İrqçiliyə son qoyulanda və hər tayfadan, hər irqdən hər xalqdan olan insanlar Məsihi birlikdə ucaldanda, necə də gözəl olur! Ya Rəbb, qoy belə olsun!