Əziyyətə və sevincə dəvət: Məsihin çəkdiyi əziyyətlərin məqsədinə çatmaq üçün

İndi sizin üçün əzab çəkdiyimə sevinirəm və Məsihin Öz bədəni olan imanlılar cəmiyyəti uğrunda çəkdiyi əziyyətlərin qalanını canıma cəfa verərək tamamlayıram. Allahın sizin üçün mənə verdiyi vəzifəyə görə mən bu cəmiyyətin xidmətçisi oldum ki, Allahın kəlamını, yəni əsrlərdən və nəsillərdən gizlədilən, indi isə Onun müqəddəslərinə açılan sirrini tam bəyan edim. Allah millətlər arasında bu sirrin izzətinin necə zəngin olduğunu müqəddəslərə bildirmək istədi. Bu sirr sizdə olan Məsihdir. O, sizə izzətə qovuşmaq ümidini verir. Hər bir insanı Məsihdə kamilləşmiş olaraq Allaha təqdim etmək üçün hamıya tam müdrikliklə nəsihət və təlim verərək Məsihi bəyan edirik. Bu məqsədlə də zəhmət çəkirəm və Onun məndə qüdrətlə fəaliyyət göstərən qüvvəsi ilə mübarizə aparıram.

24-cü ayə və Paulun "Məsihin… çəkdiyi əziyyətlərin qalanını… tamamlamağı" üzərində düşünməyimizi istərdim. Məsihin əziyyətlərində nə əskiklik ola bilər? Onun bizim uğrumuzda çəkdiyi əziyyətlər, daddığı ölüm tam kifayət olmayıbmı? Bəs 24-cü ayədə deyilənlərin mənası nədir və bizə necə aid olur?

Bu parçanın yekunu

Ancaq 24-cü ayəni düzgün anlamaq üçün o, yanındakı ayələrlə əlaqəsində nəzərdən keçirilməlidir. 29-cu ayədən başlayaraq geriyə qayıdaq və Paulun bu parçada nə dediyini yekunlaşdıraq.

Ayə 29: Paul zəhmət çəkməyinin məqsədindən danışır. Onun zəhmətində göstərdiyi səy, mübarizə, əzab-əziyyət üçün aldığı enerji onun öz qüvvəsindən deyil, onda qüdrətlə fəaliyyət göstərən Məsihin qüvvəsindən qaynaqlanırdı.

28-ci ayə Paulun zəhmət çəkdiyi məqsədi göstərir – onun məqsədi, müraciət etdiyi hər insanı "Məsihdə kamilləşmiş olaraq" təqdim etmək idi. O, Məsihi elan edərək, hər kəsə nəsihət verərək, hər kəsi öyrədərək bunu edir. Paulun Məsihdən qüvvə alaraq durmadan çəkdiyi zəhmət budur.

26-27-ci ayələr Paulun nə elan etdiyini və nə öyrətdiyini daha çox açıqlayır. 26-cı ayədə o, "sirr" adlandırılır. Sirr başa düşülməyən deyil, əsrlər boyunca gizli qaldıqdan sonra müqəddəslərə aşkar olan bir həqiqət mənasına gəlir. 27-ci ayə bu sirrin izzətinin necə zəngin olduğundan bəhs edir. Bu sirr, "sizdə (millətlərdə) olan Məsih, izzətə qovuşmaq ümidi"dir. Keçmişdə tam aşkar olmamış sirr bu idi ki, yəhudi Məsihi axırda yəhudi olmayan millətlərə vəz ediləcək, onların arasında yaşayacaq, İbrahimə vəd olunanı – Allahın Padşahlığında bütün müqəddəslərlə birlikdə izzətə qovuşmaq ümidini onlara verəcək.

İndi isə bu sirr açılır və Paul hər yerdə Məsihi elan edərək, Məsihin Ona iman edən hər kəsdə yaşadığını və izzətə qovuşmaq ümidi olduğunu öyrədir (1:4, 23).

25-ci ayədə, sadəcə olaraq, deyilir ki, Allahdan Onun kəlamını vəz etmək vəzifəsini alan Paul Məsihi elan etmək vəzifəsini də aldı. O, İmanlılar Cəmiyyətinin xidmətçisi və Allahın idarəçisidir. Onun vəzifəsi Allahın Kəlamını millətlərə yaymaq, onları izzətə qovuşmaq ümidinə və imana çağırmaqdır. Beləliklə, Paul Allahın müxtəlif millətlərdə seçdiklərini axtararaq, onları Məsihdə kamilləşmiş olaraq təqdim etmək üçün öyrədərək İmanlılar Cəmiyyətinə xidmət edir.

24-cü ayədə deyilir ki, bütün millətlərə Məsihin sirrini açmaq, Allahın izzətinə ümidi elan etmək və onları öyrətməkdən ibarət olan xidmət əziyyətlərlə gerçəkləşir. "İndi sizin üçün əzab çəkdiyimə sevinirəm və Məsihin Öz bədəni olan imanlılar cəmiyyəti uğrunda çəkdiyi əziyyətlərin qalanını canıma cəfa verərək tamamlayıram."

Əziyyətlərin "qalanını tamamlamaq" nə mənaya gəlir?

Paul getdikcə daha çox insanın izzətə qovuşmaq ümidi olması üçün çalışaraq, onlara Məsihin sirrini öyrədərək, İmanlılar Cəmiyyəti üçün əziyyət çəkdiyi zaman "Məsihin çəkdiyi əziyyətlərin qalanını tamamlayıram" dedikdə, nəyi nəzərdə tutur? Şübhəsiz ki, tam və kamil olan bu əziyyətlərin “qalanını tamamlamaq” necə mümkündür?

Məna kontekstdən bəlli olur

Məncə, təzəcə nəzərdən keçirdiyimiz kontekst göstərir ki, Paulun çəkdiyi əziyyətlər Məsihin əziyyətlərinin dəyərini artırmaz, lakin onlardan faydalanmalı olan insanlara yayılmasını təmin edər. Məsihin əziyyətlərinin “əskikliyi” dəyərində deyildir, çünki Məsihin əziyyətləri iman edən hər kəsin bütün günahlarının bağışlanması üçün kifayətdir. “Qalan” hissəsi odur ki, Məsihin əziyyətlərinin hədsiz dəyəri dünyada tanınmır. Bunlar əksər insanlar üçün hələ də sirr olaraq qalır. Allah bu sirrin bütün millətlərə açılmasını, yayılmasını nəzərdə tutdu. Deməli, Məsihin əziyyətləri millətlərdə tanınmadığı üçün “əskik” adlandırılır. Bunları yaymaq Kəlamın xidmətçilərinin işidir. Həmin Kəlamın xidmətçiləri Məsihin əziyyətlərini başqalarına yayaraq qalanını tamamlayırlar.

Fil. 2:30-da bənzər sözlər

Fil. 2:30-da bənzər sözlərin işlənməsi bunu təsdiq edir. Filipidəki İmanlılar Cəmiyyətində Epafrodit adında bir adam var idi. O Cəmiyyət Paul üçün yardım topladı (yəqin ki, pul, lazım olan əşyalar, yaxud kitablar) və bu yardımı Romada olan Paula çatdırmağı Epafroditə tapşırmaq qərarına gəldi. Epafrodit bu yardımı apararkən yolda az qala öləcəkdi. 27-ci ayədə yazılıb ki, o, elə xəstələnmişdi ki, az qala ölsün, lakin Allahın ona rəhmi gəldi.

Sonra 29-cu ayədə Paul Filipidəki İmanlılar Cəmiyyətinə müraciət edib deyir ki, Epafrodit qayıdanda onu təqdir etsinlər, 30-cu ayədə isə o, bunun səbəbini açıqlayır. Həmin ayədə Kol. 1:24-ə bənzər sözlər işlənir: "Çünki o, Məsihin işi uğrunda az qala öləcəkdi. Sizin mənə edə bilmədiyiniz köməyi (yəni əziyyətlərin qalanı) etmək üçün canını təhlükəyə atdı (yəni tamamladı)". Orijinalda "sizin mənə edə bilmədiyiniz köməyi etmək" ibarəsi Kol. 1:24-dəki Məsihin çəkdiyi əziyyətlərin "qalanını tamamlamaq" ilə, demək olar ki, eynidir.

Bəs filipililərin Paula xidməti nə mənada "əskik" idi və Epafrodit onların xidmətinin qalanını necə "tamamladı"? Yüz il əvvəl Müqəddəs Kitab şərhçisi Marvin Vinsent bunu, məncə, lap düzgün söylədi.

Paula göndərilən hədiyyə cəmiyyətin bir bədən olaraq göndərdiyi hədiyyə idi, məhəbbətdən gələn fədakar təqdim idi. Əskik olan və həm Paul, həm də cəmiyyət üçün ən yaxşısı o olardı ki, cəmiyyət ona bu hədiyyəni şəxsən təqdim etsin. Bu, mümkün deyildi və Paul Epafroditin səy və qeyrətlə dolu xidməti ilə bu əskikliyi tamamladığını söyləyir (Filipililərə və Filimona Məktublar, ICC, səh. 78).

Biz necə Məsihin çəkdiyi əziyyətlərin "qalanını tamamlayırıq"

Məncə, Kol. 1:24-dəki bu sözlər məhz belə mənaya gəlir. Məsih günahkarlar uğrunda əziyyət çəkib ölərək, dünya üçün məhəbbət hədiyyəsini hazırladı. Bu hədiyyə tam kamildir, heç bir əskikliyi yoxdur, yalnız bir şey qalır: Məsihin dünya millətlərinə və sizin iş yoldaşlarınıza təqdim edilməsi. Allah bu əskikliyə cavabən Məsihin xalqını (Paul kimi insanları) çağırır ki, Məsihin əziyyətlərini dünyaya göstərsinlər, bunları Yerusəlimdən dünyanın qurtaracağınadək yaysınlar.

Bu yolla biz "Məsihin çəkdiyi əziyyətlərin qalanını tamamlayırıq". Biz Məsihin əziyyətlərinin məqsədini – həmin əziyyətləri, onların hədsiz dəyərindən xəbərsiz olan insanlara, bütün dünyaya yayaraq yerinə yetiririk.

Paulun 24-cü ayədə bu fikri necə söylədiyinə diqqət yetirin: Paul deyir ki, o, bədəndə əziyyət çəkərək Məsihin çəkdiyi əziyyətlərin qalanını tamamlayır. Beləliklə, Paul öz əziyyətləri ilə Məsihin əziyyətlərinin arasında sıx əlaqə görür. Mən fikirləşirəm ki, bunun mənası belədir: Allah Məsihin çəkdiyi əziyyətlərin Onun xalqının çəkdiyi əziyyətlər vasitəsilə bu dünyaya elan edilməsini nəzərdə tutdu. Allah istəyir ki, Məsihin Bədəni olan İmanlılar Cəmiyyəti Məsihin çəkdiyi bəzi əziyyətləri çəksin; belə ki, biz insanlara çarmıxa çəkilən İsanı təqdim edərkən, insanlar bizdə çarmıxa çəkilən İsanı görsünlər. Məsihin çəkdiyi əziyyətlər bizim əziyyətlərimizdə, Məsih kimi məhəbbətlə yaşamağımızda insanlar üçün gerçəklik olaraq təqdim olunacaqdır.

"İndi sizin üçün əzab çəkdiyimə sevinirəm və Məsihin… çəkdiyi əziyyətlərin qalanını… tamamlayıram". Məsih çəkdiyi əziyyətlərin bu dünyada konkret insanlar vasitəsilə təqdim edilməsini istəyir. O, Özünü dünya uğrunda əzab-əziyyət çəkən Xilaskar kimi dünyaya tanıtmaq istəyir, həm də eynən Özü kimi dünya uğrunda əziyyət çəkməyə hazır olan insanlar vasitəsilə tanıtmaq istəyir. Onun çəkdiyi əziyyətlər bizim əziyyətlərimizdə tamamlanır, çünki dünya Onun əziyyətlərini bizim əziyyətlərimizdə görür və bizim əziyyətlər insanlara təsir edir. Məsihin günahkarlar uğrunda əzab-əziyyət çəkən məhəbbəti Onun xalqının günahkarlar uğrunda əziyyət çəkən məhəbbəti vasitəsilə nümayiş etdirilir.

Mən düşünürəm ki, biz Kol. 1:24-də İsanın bu sözlərinin həyata keçdiyini görürük: "Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək" (Mark 8:35). Xilas yolu, "Müjdə uğrunda canını itirməyin" yoludur. Bu sözlərin əsas mənası budur ki, insanlara (ofisdəki əməkdaşımıza və ya uzaq bir ölkədə yaşayanlara) Müjdəni çatdırmaq üçün insan canını qurban verməli, əziyyət çəkməli, özünü inkar etməli və canından imtina etməli olacaqdır. Bu yolla Məsih dünyanı xilas etmək üçün çəkdiyi əziyyətlərin Onun xalqının çəkdiyi əziyyətlər vasitəsilə dünyaya çatdırılmasını nəzərdə tutmuşdur.

Paulun bu çağırışda sevinci

Paul buna sevindiyini etiraf edir. 24-cü ayə: "İndi sizin üçün əzab çəkdiyimə sevinirəm". Çarmıx yolu əzablı, əziyyətli olsa da, son dərəcə sevincli və xoşbəxt həyat yoludur. Rahat və təhlükəsiz həyat sürmək ümidi ilə missiyada, müjdəçilikdə, xidmətdə, məhəbbətdə canımızı itirib əziyyət çəkməkdən qaçanda biz öz sevincimizi əldən buraxmağı qərara alırıq. Axar suların mənbəyini atıb, özümüzə hovuzlar, su saxlamayan çatlı hovuzlar seçirik (Yeş. 58:11).

Məsihin sirrini tanıyanlar, Məsihin onlarda olduğunu və onlara izzətə qovuşmaq ümidini verdiyini bilənlər dünyada ən xoşbəxt insanlardır. Belə insanların ən dərin arzuları, Məsihin çəkdiyi əziyyətləri dünyaya çatdırmaq üçün özlərinin əziyyət çəkməkləridir.

Allah bizi bu ayələrlə Müjdə uğrunda yaşamağa və bu yolda əziyyət çəkməyə çağırır. Məsih əziyyəti seçdi, Onun əziyyətləri mexaniki olaraq baş vermədi. Məsih İmanlılar Cəmiyyətini qurmaq və kamilləşdirmək yolu olaraq əziyyətlər seçdi. İndi O, bizi də əziyyət çəkməyə dəvət edir. O, çarmıxımızı götürüb, özümüzdən imtina etməyə, çarmıx yolu ilə Onun ardınca getməyə, çəkdiyi əziyyətləri dünyaya tanıtmaq və Onun Cəmiyyətinə xidmət etmək yolunda canımızı qurban verməyə bizi çağırır.

Rumıniyalı pastor və missiya rəhbəri Yosef Tson bu yaxınlarda bu fikri çox əla sözlərlə ifadə etmişdir: "Məsihin çarmıxı barışdırmaq üçün idi; bizimki isə yaymaq üçündür". Yəni Məsih xilası tamamlamaq üçün əziyyət çəkdi, biz isə xilası yaymaq üçün əziyyət çəkirik. Biz başqalarının uğrunda əziyyətlərə dözməyə razıyıqsa, bizim çəkdiyimiz əziyyətlər Məsihin əziyyətlərini başqalarına çatdırıb nümayiş etdirərək, onları tamamlayır.

Yerli hindi müjdəçisinin əhvalatı

Mən may ayında “Millətlər sevinsin” kitabımı yazmaqla məşğul olarkən, Osuald Sandersin nitqinə qulaq asmağa imkan tapdım. O, əziyyətlər mövzusunda danışırdı. Sandersin 89 yaşı var və o, hələ də çox səyahət edir və dünyanın müxtəlif yerlərində danışır. Onun 70 yaşı tamam olandan bəri o, hər il bir kitab yazır! Mən bunu o məna ilə deyirəm ki, bu insan özünü Müjdəyə o qədər həsr etdi ki, 65 yaşından qəbrə qədər öz zövqlərini axtarmaq heç ağlına belə gəlməzdi.

Sanders Hindistanda kənddən kəndə yalınayaq gedib Müjdəni yayan yerli bir müjdəçinin həyatından danışdı. Onun çoxlu əziyyətləri var idi. Günlərin birində uzun yol getməkdən taqətdən düşən müjdəçi bir kəndə girib Müjdəni danışmağa çalışdı, amma onu rədd etdilər, qovdular. O, ruhdan düşmüş halda kəndin kənarına gedib bir ağacın altında uzanıb yatdı.

Yuxudan oyananda gördü ki, insanlar onun başının üstündə durublar, bütün kənd əhalisi onun sözlərinə qulaq asmaq arzusu ilə ətrafında toplanıb. Kəndin başçısı başa saldı ki, onlar onu yatdığı vəziyyətdə diqqətlə öyrənməyə gəlmişdilər. Suluqlarla dolu ayaqlarını görəndə onlar düşünmüşdülər ki, bu, müqəddəs adamdır və onlar belə adamı rədd etməklə böyük pislik ediblər. Kəndlilər üzr istəyərək onun sözünə qulaq asmaq istəyirdilər, çünki bu sözü onlara danışmaq üçün o, bu qədər çox əziyyətlərə razı olub.

Beləcə, müjdəçi gözəl suluqlu ayaqları ilə İsanın çəkdiyi əziyyətlərin qalanını tamamladı.

Yosef adında massay döyüşçüsünün əhvalatı

Billi Qrem qurumu tərəfindən maliyyələşdirilən müjdəçilər konfransında Yosef adında bir massay döyüşçüsünün iştirak edəcəyini heç kim gözləməzdi. Lakin onun başına gələn əhvalata görə doktor Qrem onunla şəxsən özü görüşdü. Maykl Kard bu əhvalatı belə nəql etdi: 1

Günlərin birində Yosef isti, çirkli Afrika yollarının birində gedərkən, bir nəfərə rast gəldi, o da ona İsa Məsihin Müjdəsini danışdı. Yosef o saat İsanı Rəbb və Xilaskar kimi qəbul etdi, Müqəddəs Ruhun qüvvəsi həyatını dəyişdirdi; o, elə böyük həvəs və secinclə doldu ki, öz kəndinə qayıdıb Müjdəni tayfasının üzvləri ilə paylaşmaq üçün az qalırdı ürəyi partlasın.

Yosef evdən evə gedib hər kəsə İsanın Çarmıxından [əziyyət!] və xilasdan danışmağa başladı. O gözləyirdi ki, onlar da sevincdən coşacaqlar. Lakin kəndlilər heç də sevinməyəndə, hətta ona qarşı qəzəblənəndə, o, çox təəccübləndi. Kəndli kişilər onu tutub yerə yıxdılar, qadınlar da tikanlı məftillərlə döydülər. Onu kənddən kənara aparıb bir kolluğa atdılar ki, orada qalıb ölsün.

Yosef bir təhər son qüvvəsini toplayıb bulağa qədər sürünə bildi. Bulağın yanında tez-tez huşunu itirə-itirə uzanmış vəziyyətdə qaldı. Günlər keçəndən sonra o, ayağa qalxmağa qüvvət tapdı. Ömrü boyunca tanıdığı bu adamların ona qarşı qəzəbini düşünərək çox təəccüblənən Yosef bəlkə İsanın hekayəsini düzgün danışmadığından və ya vacib bir şey buraxdığından şübhələndi. Eşitdiyi Müjdəni düzgün və tam şəkildə danışmaq üçün məşq edəndən sonra o, kəndə qayıdıb imanını bir daha paylaşmaq qərarına gəldi.

Yosef axsaya-axsaya komaların arasına girib İsanı elan etməyə başladı: "O, sizə görə öldü, belə ki, siz bağışlanasınız, yaşayan Allahı tanıyasınız". Yenə adamlar gəldilər, kişilər onu tutdular, qadınlar isə döydülər və təzəcə sağalmağa başlayan yaraları açıldı. Onu bir daha kənddən kənara aparıb atdılar. O, huşsuz halda idi və hamı onun öləcəyini gözləyirdi.

Yosefin birinci dəfə döyüldükdən sonra sağ qalması qeyri-adi iş idi. İkinci dəfədən sonra sağ qalması isə əsl möcüzə idi. Yenə də günlər sonra Yosef çöldə özünə gəldi, yaralı, ağrılı halda qayıtmaq qərarına gəldi.

O, təkrar bu balaca kəndə qayıdanda, adamlar ona ağzını açmağa belə imkan verməmiş hücum etdilər. Onlar üçüncü və yəqin ki, axırıncı dəfə Yosefi döyməyə başladılar, lakin o, onlara Rəbb İsa Məsihdən danışdı. O, huşunu itirməzdən əvvəl ən son yadında qalan bu idi ki, onu döyən bəzi qadınlar birdən ağlamağa başladılar.

Bu dəfə o, öz yatağında oyandı. Əvvəllər onu vəhşicəsinə döyən adamlar indi həyatını xilas etməyə çalışırdılar. Bütün kənd Məsihə iman etdi.

Bu əhvalatda Paulun "Məsihin Öz bədəni olan imanlılar cəmiyyəti uğrunda çəkdiyi əziyyətlərin qalanını tamamlayıram" sözlərinin mənası canlı şəkildə üzə çıxmışdır.

Məsihin bizi Müjdə uğrunda özümüzü qurban verməyə çağırdığını bilməyimizdə son dərəcə dərin, azadlıq və sabitlik verən bir məna vardır. Bizə əziyyət gələndə, o, bizi sabitləşdirir. Məhəbbət bizi özümüzü qurban verməyə çağıranda, o, bizə bunu seçmək azadlığını bəxş edir. O, bizi həmçinin, Amerika rifahının inanılmaz dərəcədə qüvvətli aldadıcılığından azad etməyə başlayır.

Haitidə fədakarcasına pul verən adamın əhvalatı

İsa yoxsul dul qadını təriflədi: "kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi" (Luk. 21:4). Amerikalılar İsanın bu tərifi ilə heç cür razılaşa bilmirlər. İsa həqiqətən onu təriflədi. Məsuliyyətsizlikdə günahlandırmadı. Allah yolunda hər şeyi qurban verdiyinə görə təriflədi. Bunu anlaya bilmək üçün biz Amerikadan çıxıb başqa bir yerə getməliyik. Stenford Kelli Haitidən bir misal gətirir. 2

İmanlılar Cəmiyyəti şükür bayramını keçirirdi və hər məsihçi “məhəbbət təqdimi” verməyə dəvət edildi. Edmund adında bir haitili kişi zərf qoydu. Zərfin içində 13 ABŞ dolları var idi. Bu məbləğ Haitidə bir işçinin üç aylıq əmək haqqına bərabər idi. Kellinin təəccübü hədsiz idi, ABŞ-da 6 min dollar nəğd pul təqdim edən adam bu qədər təəccüb doğura bilərdi. Kelli Edmundu axtardı, amma tapa bilmədi.

Bir müddət sonra Kelli Edmundu kənddə görüb sorğu-suala tutdu. Edmund Müjdə uğrunda Allaha 13 dollar təqdim etməkdən ötəri öz atını satdığını etiraf etdi. Bəs o özü niyə bayrama gəlməmişdi? Edmund bu sualdan qaçırdı, cavab vermək istəmirdi.

Axırda etiraf etdi: "Çünki köynəyim yox idi."

Biz bu həftə görürük ki, Allah bizi əziyyət çəkməyə hazırlaşmağa çağırır… əziyyət çəkməyimiz yalnız mənəvi baxımdan təmizlənmək üçün deyil; yalnız Allaha yaxınlaşmaq, İsa ilə dərin ünsiyyətdə olmaq və Onu daha yaxşı tanımaq üçün deyil; lakin həmçinin, Məsihin çəkdiyi əziyyətlərin qalanını tamamlamaq üçündür. Allah Öz xalqının məhəbbətlə çəkdiyi əziyyətlər vasitəsilə Məsihin məhəbbətlə çəkdiyi əziyyətləri göstərmək və dünyaya elan etmək istəyir.


1Maykl Kard, “Dostlarının evində yaralanan” (Michael Card, "Wounded in the House of Friends," Virtue, March/April, 1991, pp. 28–29, 69).

2Norm Lyuis, “Birinci üstünlük: Allahın istədiyi” (Norm Lewis, Priority One: What God Wants (Orange, California: Promise Publishing, 1988), p. 120).

©2014 Desiring God Foundation. Used by Permission.

Permissions: You are permitted and encouraged to reproduce and distribute this material in its entirety or in unaltered excerpts, as long as you do not charge a fee. For Internet posting, please use only unaltered excerpts (not the content in its entirety) and provide a hyperlink to this page. Any exceptions to the above must be approved by Desiring God.

Please include the following statement on any distributed copy: By John Piper. ©2014 Desiring God Foundation. Website: desiringGod.org