Müqəddəs məqsəd: Müjdəni Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq

Başqa millətləri itaətə gətirmək üçün Məsihin mənim vasitəmlə söz və əməllə, əlamət və xariqələrin qüvvəti ilə, Allahın Ruhunun qüdrəti ilə etdiklərindən başqa bir şey barədə danışmağa cəsarət etmərəm. Belə ki mən Yerusəlimdən başlayıb İllirikum diyarına qədər hər tərəfdə Məsihin Müjdəsini yayıb qurtardım. Bununla birgə, Müjdəni Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq başlıca məqsədim oldu ki, bir başqasının qoyduğu təməl üzərində bina qurmayım. Amma necə ki yazılıb: “Onun haqqında xəbəri olmayanlar görəcək, eşitməyənlər anlayacaq.” Bu səbəbdən sizin yanınıza gəlmək niyyətim bir neçə dəfə əngəlləndi. İndi isə bu diyarlarda işləyəcəyim başqa bir yer qalmır, illərdir ki, yanınıza gəlməyi arzu edirdim. Buna görə İspaniyaya getmək niyyətindəyəm və ümidvaram ki, yolüstü sizi də görüm və əvvəl qısa müddət də olsa, dostluğunuzdan zövq alandan sonra məni oraya yola salasınız.

Bu parçada üç məqamı nəzərdən keçirmək istəyirəm. Bunların üçü də həyatınızla birbaşa əlaqəlidir (siz bunu bilməsəniz belə) və üçü də birbaşa Allaha və Onun XXI əsr üçün məqsədlərinə aiddir. Mən burada ilk öncə müqəddəs məqsədi, sonra hədsiz ehtiyacı, və eləcə də qlobal strategiyanı görürəm. Bunları bir-bir nəzərdən keçirərək necə bir-biri ilə əlaqəli olduqlarına və bizə, bizim bugünkü dünyamıza necə aid olduğuna baxar.

1. Müqəddəs məqsəd

Ayə 20: “Bununla birgə, Müjdəni Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq başlıca məqsədim oldu ki, bir başqasının qoyduğu təməl üzərində bina qurmayım.”

Paula müqəddəs məqsəd hökmran idi. Hökmran idi deyirəm, çünki 22-ci ayədə o, belə deyir: “Bu səbəbdən sizin yanınıza gəlmək niyyətim bir neçə dəfə əngəlləndi.” 23-cü ayənin sonunda da belə deyir: “İllərdir ki, yanınıza gəlməyi arzu edirdim.” Əgər siz illər boyunca nəyisə etmək istəyirsiniz, lakin edə bilmirsinizsə, demək, bir şey sizə hökmrandır. Paula hökmran olan, Romaya getməkdən saxlayan o idi ki, Paul Yerusəlimdən İllirikum diyarına qədər Müjdəni yaymaq məqsədinə hələ çatmamışdı. Axırda 23-cü ayədə o deyir: “İndi isə bu diyarlarda işləyəcəyim başqa bir yer qalmır.” Sonra 24-cü ayədə o, belə deyir: “İspaniyaya getmək niyyətindəyəm və ümidvaram ki, yolüstü sizi də görüm.”

Başqa sözlə desək, Müjdəni Yerusəlimdən İllirikum diyarına (bugünkü Albaniyaya) qədər İsanın adını eşitməyənlərə Müjdəni yaymaq məqsədi Paula hökmran idi və Paul bu məqsədə çatmayınca həmin məqsədindən vaz keçməzdi. İndi isə bu diyarlarda işlər başa çatıb və Paulun məqsədi onu İspaniyaya aparır. Buna görə, Paul illərlə etmək istədiyini etməyə, yəni Romadakı imanlılar cəmiyyətinə baş çəkib bir müddət onlarla ünsiyyətdə olmağa azad olur.

Müqəddəs məqsədin hökmranlığı altında olmaq yaxşıdırmı? Sizə də müqəddəs məqsəd hökmrandırmı? Mən bu məqsədə “müqəddəs” deyirəm, çünki o, müqəddəs işə xidmət edir: heç vaxt İsanın adını eşitməyən bütün millətlərdən olan insanların Ona iman etmələri, itaət edərək günahlarından və Allahın qəzəbindən xilas olmaları. Mən bu məqsədə həm də ona görə “müqəddəs” deyirəm ki, o, bir az sonra görəcəyimiz kimi, Allahdan və müqəddəs Kəlamından irəli gəlir. Müqəddəs məqsədin hökmranlığı altında olmaq düzgün və yaxşıdır.

Sizin müqəddəs məqsədiniz varmı? Hamının Paul kimi məqsədi olmalı deyildir. Biri əkir, başqası sulayır (1Kor. 3:6-8). Hər kəsin öz ənamı var (1Kor 7:7). Hər kəs öz Ağası qarşısında durur, yaxud yıxılır (Rom. 14:4). Lakin mən düşünürəm ki, Allahın hər bir övladının müqəddəs bir məqsədi olması Onun xoşuna gələrdi.

Qızlar və oğlanlar üçün müqəddəs məqsəd

Ey balaca uşaqlar, bir dəqiqə mənə diqqətlə qulaq asın. Mən bilirəm ki, “müqəddəs məqsəd” qeyri-adi səslənir, siz bu söz birləşməsini hər günkü nitqinizdə işlətmirsiniz. “Müqəddəs məqsəd” sizin həqiqətən etməyə can atdığınız, Allahın etməyinizi istədiyi bir işdir. Bu, elə bir işdir ki, onu etmək arzunuz o qədərdir ki, ondan ötrü çox istədiyiniz başqa işlərdən belə imtina edirsiniz. Paul həqiqətən neçə il idi ki, Romaya getmək istəyirdi. Lakin onun daha çox istədiyi bir şey olduğuna görə, o, Romaya gedə bilmirdi. Paul əhalisinin İsadan heç xəbəri olmayan Asiya və Yunanıstanda Müjdəni yaymaq istəyirdi. O, bunu həqiqətən, həqiqətən lap çox istəyirdi. Onun bu arzusu sözün əsl mənasında məqsəd idi. Allahın arzusundan qaynaqlanan bu cür arzuya biz “müqəddəs məqsəd” deyirik.

Sizin də belə bir məqsədiniz varmı? Yəqin ki, hələ yoxdur. Siz hələ uşaqsınız. Uşaq olmağınız təbiidir. Ancaq bir gün siz artıq uşaq olmayacaqsınız. Ruhani uşaqlıq ilə böyüklüyün arasındakı fərqlərdən biri budur ki, məsihçi böyüdükcə onun müqəddəs məqsədi olur. Balaca qızların əksəriyyəti, o cümlədən mənim qızım Talita istəyirlər ki, kuklaları olsun və kuklalarla oynasınlar. Bu, yaxşıdır. Lakin qulaq asın, balaca qızlar, vaxt gələr ki, siz kuklalarla oynamaqdan artıq zövq almayacaqsınız, həqiqi körpələrə baxmaqdan daha böyük və gerçək sevinc əldə edəcəksiniz. Bəlkə də, bir gün siz uzaq bir yerdə ac qalan körpələrin və ya anaları-ataları olmayan tənha uşaqların qayğısına qalmaq üçün xidmət qurarsınız. Bəziləriniz üçün bu, müqəddəs məqsəd olar. Başqalarınızın müqəddəs məqsədləri fərqli olar.

İndi isə, siz qulaq asın, oğlanlar. Siz mənim kimisinizsə, indi istədiyiniz şeylər topdur, maşındır, tapançadır, bir də oyun yoldaşıdır. Doğruçu bir tapançam heç vaxt olmayıb, amma mən Matt Dilson tapançamla və oyuncaq tüfəngimlə çox pis adamları vurmuşam! Dostlarımla futbol oynamağı, yük maşınım üçün torpaqda yollar düzəltməyi və tapançamı göz qırpımında çıxartmağı xoşlayırdım. Bundan ləzzət alırdım. Bu, yaxşı idi.

Ancaq bir gün siz artıq balaca oğlanlar olmayacaqsınız. Balaca oğlan olmaq ilə böyüməyin arasındakı fərqlərdən biri budur ki, siz məsihçi kimi böyüdükcə, müqəddəs məqsədiniz olur. Tapança, maşın, top və digər oyuncaqlardan aldığınız zövq azalır, haqq-ədalət və xilas uğrunda mübarizə aparmaq sizə sevinc verir. Böyüyən imanlının Ruhun qılıncı ilə vuruşmaq, ehtiyac içində olanlara dolu-dolu yük maşınlarıyla məhəbbət göndərmək və İsanın adı ilə şeytanın istehkamlarına hücum etmək kimi müqəddəs məqsədləri olur.

Ataların və anaların, subayların, gənclərin və yaşlıların – bütün məsihçilərin müqəddəs məqsədləri, Allahın izzəti üçün həqiqətən bütün qəlbləri ilə etməyə can atdıqları şeylər olmalıdır. Bu cür məqsəd imanlıya hökmrandır, Romaya hələ getməmək qərarına gəlməyə kömək edir, onun həyatına əbədi hədəf və həvəs verir.

Müqəddəs məqsədin mənbəyi

Müqəddəs məqsəd haradan gəlir? Bu sualın cavabının mühüm bir hissəsi ayə 20 ilə 21 arasındakı bağlantıda yer alır: “Bununla birgə, Müjdəni Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq başlıca məqsədim oldu ki, bir başqasının qoyduğu təməl üzərində bina qurmayım. Amma necə ki yazılıb (burada Paul Yeş. 52:15-i sitat gətirir): ‘Onun haqqında xəbəri olmayanlar görəcək, eşitməyənlər anlayacaq.’”

Burada heyrətverici və bizə aidiyyatı olan bir şey vardır. Həvarilərin İşləri 9, 22 və 26-dan bildiyimiz kimi, dirilmiş Məsih Paulu Dəməşq yolunda çağırdı. İsa Paula missiyasını bildirdi. Bu haqda biz Həv. 26:18-də oxuyuruq: “(Səni o millətlərin yanına göndərirəm ki,) onların gözlərini açıb qaranlıqdan işığa, Şeytanın hakimiyyətindən Allaha tərəf döndərəsən. Belə ki onlar günahlarının bağışlanmasına və Mənə iman etməklə təqdis olunanlar arasında irsə nail olsun.” Beləliklə, Paul birbaşa dirilmiş, yaşayan, hər şeyə hökmran İsa Məsihdən başqa millətlərə işıq olmaq çağırışını aldı.

Lakin Rom. 15:21-də Paul belə demir. O demir ki, “İsa məni Dəməşq yolunda çağırdığına görə məqsədim odur ki, Məsihi tanımayan millətlərə işıq olum”. Paul belə deyir: “Müjdəni Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq arzusu mənə hökmrandır; mənim bu məqsədim Yeş. 52:15-də yazılan sözlərə görədir: ‘Onun haqqında xəbəri olmayanlar görəcək, eşitməyənlər anlayacaq.’

Siz bunu necə izah edirsiniz? Mən belə izah edirəm: İsa Paulu Dəməşq yolunda hələ Müjdəni eşitməmiş millətlərə Müjdəni yaymağa çağıranda, Paul Əhdi-Ətiqi araşdırıb, bu çağırışın ümumiliklə Allahın planında yerini anlaya bilmək üçün Yazıda təsdiqini və izahını axtarıb tapdı. Bizə görə Paul bu cür danışır. Axı biz bunu onun kimi birbaşa İsadan eşitmirik, buna görə də o, Dəməşq yolundakı təcrübəsinə istinad etmir. Paul bizim də əlimizdə olan Allahın yazılı Kəlamına istinad edir və öz məqsədini bu Kəlama əsaslandırır.

Beləliklə, Sizin müqəddəs məqsədiniz haradan gəlir? sualına cavabım budur: yaşayan Məsihlə şəxsi təcrübənizdən (Dəməşq yolundakı əhvalat kimi dramatik olmalı deyildir), lakin həmin təcrübəniz Allahın yazılı Kəlamına əsaslanmalı, Kəlama görə uyğunlaşdırılmalı və Kəlamla qüvvətləndirilməlidir. Siz Rəbbin qanununu gecə-gündüz düşündükcə (Zəb. 1:2), Allahın Kəlamına “qərq” olduqca, O gəlib bu Kəlamdakı bir həqiqəti ürəyinizdə alovlandırır ki, həmin Kəlam müqəddəs məqsədinizə dönsün. Əgər bu, hələ baş verməyibsə, Allahın Kəlamını əsaslı surətdə araşdırın və Allahdan bunu istəyin.

2. Hədsiz ehtiyac

Allah bizi ömrümüzün axırında peşman olacağımız mənasız məqsədlərə yönəltməz. Müqəddəs məqsəd mütləq bir ehtiyacı – Allahda deyil, dünyada olan bir ehtiyacı təmin etməlidir. Müqəddəs məqsədlər insanın özünü ucaltması üçün deyildir. Bunlarda həmişə məhəbbətin bir forması əks olunur. Bunlar həmişə kiminsə ehtiyacını təmin edir.

Bəs Paul burada hansı hədsiz ehtiyacdan bəhs edir? Ayə 20: “Bununla birgə, Müjdəni Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq başlıca məqsədim oldu…” Bu, o deməkdir ki, Paul Müjdəni Məsih haqqında eşitməyənlərə yaymağa özünü həsr etmişdi. O insanlar hələ İsanın adını da bilmirdilər.

Millətlər üzrsüzdürlər

Burada belə sual doğur: Əgər bu insanlar İsanın adını bilmirlərsə, onlar xilas olmaq üçün İsaya iman etmədiklərinə görə cavab verməli olacaqlarmı? Əgər olmayacaqlarsa, bəlkə onları cahilliklərində buraxmaq daha yaxşı olar? Onlar İsa haqqında eşitmədiklərinə görə Allah onlara mərhəmət etməzmi, onlar xilas olmazlarmı? Bəs niyə Paul İsanın adını eşitməyənlərə Müjdəni yaymaqdan ötəri bu qədər əziyyət çəkirdi?

Paulun cavabı Rom. 1:18-23-dədir. Gəlin bu parçanı yavaş-yavaş diqqətlə oxuyaq və Paulla birlikdə bu ağır yükü hiss etməyə çalışaq. Bu sözlər İsanın adını eşitməyən millətlər haqqındadır; Paulun müqəddəs məqsədi onu Müjdəni bu millətlərə yaymağa vadar edirdi.

Həqiqətə haqsızlıqla əngəl törədən adamların hər cür allahsızlığı və haqsızlığı ucbatından Allahın qəzəbi göydən aşkar olur. Çünki Allah haqqında məlum olan şeylər onlara aşkardır, Allah Özü bunu onlara aşkar edib. Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır. Buna görə də onlar üzrsüzdür (bu faciəli sözlər Paulun gördüyü hədsiz ehtiyacı ifadə edir – heç vaxt İsa haqqında eşitməyən xalqlar hökm günündə üzrsüz olacaqlar). Adamlar Allahı tanıdıqları halda, Ona nə Allah kimi izzət verdilər, nə də şükür etdilər. Əksinə, boş düşüncələrə uydular və axmaq ürəklərini qaranlıq bürüdü. Müdrik olduqlarını iddia etdikləri halda, ağılsız olub, fani olmayan Allahın izzətini fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər.

Rom. 2:12-də Paul deyir: “Qanunu bilmədən günah edənlərin hamısı Qanunu bilməsələr də, həlak olacaqlar. Qanunu bilərək günah edənlərin də hamısı Qanunla mühakimə olunacaq.” Hər kəs nə qədər eşidə bildiyinə görə mühakimə olunacaq. Müjdəni eşitməyənlər həlak olacaqlar, çünki hər kəs bildiyi həqiqəti rədd edir və Allahı saymadan ömür sürür. Yeganə ümidləri İsa Məsihin Müjdəsini eşidib iman etməklərindədir.

İsanın adını tanımayan millətlərin ehtiyacı hədsizdir. Düşünə biləcəyimiz ən böyük ehtiyac millətlərin İsa Məsihin Müjdəsini eşidib iman etməyə ehtiyaclarıdır. Çünki İsanın Müjdəsi “iman edən hər kəsin – əvvəlcə yəhudinin, sonra da yunanın xilası üçün Allahın qüdrətidir” (Rom. 1:16). Onsuz heç kim xilas olmaz.

Sizin hər biriniz Paul kimi gedib xidmət etməyə çağırılmamısınız. Lakin sizdə bir zərrə qədər sevgi varsa, siz mütləq həyatınızın bu ehtiyacı təmin etməyə xidmət etməsini istəyərsiniz.

3. Qlobal strategiya

Bununla belə, Allah bəzinizi bu qlobal strategiyada şəxsən Paul kimi tam vaxtlı xidmətçi olaraq iştirak etməyə çağırır. Bu strategiya heyrətamizdir. Biz cəmiyyətimizdə missiyanı belə başa düşürük. Paulun bəzi gözəl sözlərinə diqqətlə baxaq:

Birincisi, ayə 19b: “Mən Yerusəlimdən başlayıb İllirikum diyarına qədər hər tərəfdə Məsihin Müjdəsini yayıb qurtardım.” Bu “marşrut” Yerusəlimdən Suriyaya qədər gedir, sonra Kiçik Asiyanı (Türkiyə) keçərək Yunanıstanın şərq tərəfinə çatır və oradan bugünkü Albaniyanın yerləşdiyi yerdə - İtaliyanın şimalında sona çatır. Paul Müjdəni oralarda yayıb qurtardığını söyləyir. O, 23-cü ayədə bu inanılmaz iddianı təkrarlayır: “İndi isə bu diyarlarda işləyəcəyim başqa bir yer qalmır.” Sonra 24-cü ayədə: “İspaniyaya getmək niyyətindəyəm” deyir.

Paul Yerusəlimdən İllirikuma qədər uzanan ərazilərdə işləyəcəyi başqa yer qalmadığını dedikdə, görəsən, nəyi nəzərdə tuturdu? O diyarlarda on minlərlə insanın hələ Müjdəni eşitmədiyini söyləmək doğru olar. Paulun Timoteyə yazdığı sözlər də bunu təsdiq edir. Həvari o diyarlarda yerləşən Efes şəhərində xidmət edən Timoteyə “müjdəçilik işini yerinə yetir” (2Tim. 4:5) deyə yazırdı. Başqa sözlə desək, orada hələ Müjdəni eşitməyən insanlar olmalarına baxmayaraq, Paul o yerlərdə işini başa çatdırdığını deyirdi.

Biz bunu belə başa düşürük: Paul yerli müjdəçi deyildir; o “yeni ərazilərin” müjdəçisi, “ilk yolaçan” müjdəçi. Yəni onun çağırışı və məqsədi imanlılar cəmiyyətinin qurulmuş olduğu yerlərdə müjdəçilik işini yerinə yetirməkdən ibarət deyildir. Bunu imanlılar cəmiyyəti etməlidir. Paulun çağırışı və məqsədi müjdəçiliklə məşğul olan bir cəmiyyətin olmadığı yerlərdə Müjdəni yaymaq idi. Belə yerlərdə heç məsihçilər də yoxdur. Orada İsanın adını tanıyan heç yoxdur.

Missiya, müjdəçilik və müqəddəs məqsəd

Bu xidmətləri necə adlandırmağımız heç o qədər də önəmli deyildir. Önəmli olan budur ki, biz bu xidmətləri qarışdırmayaq. Yeni ərazilərə gedən “ilk yolaçan” missionerlər var, həm də yerli müjdəçilər var. Missionerlər mədəniyyətlərdən keçir, dilləri öyrənirlər. “Yeni ərazilərdə” müjdəçilik işini yerinə yetirən missionerlər “söz və əməllə, əlamət və xariqələrin qüvvəti ilə, Allahın Ruhunun qüdrəti ilə” fəaliyyət göstərərək, əsrlər boyunca kök salmış qaranlığa, Şeytanın hakimiyyətinə zərbə endirərək, Padşahların Padşahını, dünyanın Xilaskarını tanımayan insanları azad edirlər.

Paulun məqsədi bu idi. Bütün millətləri İsanın şagirdi etmək tapşırığı hələ də qüvvədə olduğuna və bu gün hələ də Müjdəni bilməyən xalqlar olduğuna görə, hər imanlılar cəmiyyəti Allahın “yeni ərazilərə” gedən çoxlu missionerləri yetişdirməsi və hamımızı müjdəçi etməsi üçün dua etməlidir.

Mən təsəvvürümə gətirirəm ki, bu gün dua etdiyim kimi, on ildən sonra bəziləriniz, bəlkə on nəfər İsanın adının tanınmadığı yerlərdən evə məktub göndərərsiniz və orada belə yazarsınız: “Mən Müjdəni heç eşitməyən xalqlara Müjdəni yaymaq üçün buraya gəldim. Rom. 15:20-də yazıldığı kimi: ‘Müjdəni Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq başlıca məqsədim oldu ki, bir başqasının qoyduğu təməl üzərində bina qurmayım.’ Bet-Lexem Baptist Cəmiyyətində vəzə qulaq asanda Allah bu sözü mənim ürəyimdə alovlandırdı və müqəddəs məqsədə döndərdi. Avqust 2006-cı il.”

Ya Rəbb, Sən bunu elə! Amin.

©2014 Desiring God Foundation. Used by Permission.

Permissions: You are permitted and encouraged to reproduce and distribute this material in physical form, in its entirety or in unaltered excerpts, as long as you do not charge a fee. For posting online, please use only unaltered excerpts (not the content in its entirety) and provide a hyperlink to this page. For videos, please embed from the original source. Any exceptions to the above must be approved by Desiring God.

Please include the following statement on any distributed copy: By John Piper. ©2014 Desiring God Foundation. Website: desiringGod.org