Allah insanı Öz surətində, kişi və qadın olaraq yaratdı

Sonra Allah dedi: “Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin.” Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı. Allah onlara xeyir-dua verərək dedi: “Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin.”

Bu səhər mən sizinlə birlikdə bu parçanın öyrətdiyi üç həqiqətdən danışmaq istəyirəm. Birincisi odur ki, Allah insanları yaratdı. İkincisi: Allah bizi Öz surətində yaratdı. Üçüncü də budur ki, Allah bizi kişi və qadın olaraq yaratdı.

Bu üç həqiqətə məsihçi olmadan da inanmaq olar. Axı bunlar yəhudi Müqəddəs Yazılarında yazılıb. Demək, Müqəddəs Yazıya inanan yaxşı yəhudi də bu həqiqətlərə inanar. Lakin siz bu həqiqətlərə məsihçi olmadan inana bilsəniz belə, bunların hamısı məsihçiliyə işarə edir. Bunlar Məsihdə tamamlanmalıdır. Mən də məhz bundan, xüsusilə üçüncü həqiqətdən – Allahın surətində kişi və qadın olaraq yaranmağımızdan danışmaq istəyirəm.

1. Allah insanları yaratdı

Birinci həqiqəti nəzərdən keçirək: insanları Allah yaratdı. Bunu izah etmək lazımdır. Allah bizi NİYƏ yaratdı? Siz nəyisə düzəldəndə, mütləq bir məqsədlə yaradırsınız. Bəs bizim gördüyümüz dünyada bu sualımız üçün müvafiq cavab tapılırmı? Əhdi-Ətiq insanın dünyanın üzərində hökmranlıq etdiyindən, insanın Allahın izzətini nümayiş etdirmək üçün yarandığından (Yeş. 43:7), yer üzünün Rəbbin izzətinin biliyi ilə dolu olduğundan bəhs edir.

Amma biz nə görürük? Dünyanın Yaradana qarşı üsyan etdiyini görürük. Tövratda yaradılışın hələ başa çatmadığını, izzətli ümidin hələ gələcəkdə olduğunu görürük. Buna görə də Tövratda nəql edildiyi kimi, Allahın insanları yaratdığına inanmaq, sadəcə olaraq, ilk addımdır, hekayənin qalan hissəsi – məsihçiliyə aid olan hissə, hələ ki qalır. Yaradılışın məqsədi təkcə Məsihdə yerinə yetirilir.

2. Allah bizi Öz surətində yaratdı

Yaxud ikinci həqiqəti misal gətirək: Allah bizi Öz surətində yaratdı. Şübhəsiz, bu həqiqətin bizim nə üçün dünyada yaşamağımıza dəxli vardır. Onun bizi yaratmasındakı məqsədin qurbağa, kərtənkələ, quş və hətta meymun olmamağımızla ecazkar bir əlaqəsi vardır. Bizdən başqa heç bir heyvan deyil, sadəcə biz Allahın surətində yaranmış insanlarıq.

Lakin biz bu heyrətamiz ləyaqətimizlə necə də hər şeyi korlamışıq! Biz Allaha bənzəyirikmi? Həm bənzəyirik, həm də bənzəmirik. Bəli, günahkar və imansız olsaq belə, Allaha bənzərliyi bir qədər saxlayırıq. Bunu biz Yar. 9:6-da Allahın Nuha "Kim insan qanı töksə, onun da qanı insan əli ilə töküləcək. Çünki Allah insanı Öz surətinə görə yaradıb" dediyindən bilirik. Başqa sözlə desək, hətta günahla (qətl kimi ciddi günahla) dolu bir dünyada belə, insanlar hələ Allahın surətini qoruyub-saxlayırlar. Onları siçan, yaxud ağcaqanad kimi öldürmək olmaz. İnsanı qətlə yetirən öz həyatından məhrum olacaq (Bax: Yaq. 3:9).

Bununla bərabər, Allahın yaratdığı kimi, Onun surətində olduğumuzu iddia edə bilirikmi? Bəzən bizdə olan Allahın surəti tanınmaz dərəcədə pozulmurmu? Siz lazım olduğu kimi Allaha bənzədiyinizi deyə bilirsinizmi? Bu baxımdan, biz yenə görürük ki, Allahın surətində yaranmağımız hələ kamala çatdırılmalı – daha dəqiq desək, xilasa, dəyişilməyə, bir növ yenidən yaranmağa ehtiyacımız vardır. Məsihçilik də məhz bunu gətirir. "Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. Əməllərlə deyil ki, heç kim öyünə bilməsin. Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq… əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün" (Ef. 2:8–10; 4:24). Allah bizi Öz surətində yaratdı, lakin biz Onun surətini az qala tanınmaz dərəcədə pozmuşuq və İsa bu məsələnin həllidir. O, imanla gəlir, bağışlayır, təmizləyir, bizi təqdis edərək Allaha geri qaytarır – təqdis prosesi Allahın başlanğıcdan insanlar üçün nəzərdə tutduğu izzətlə başa vurulur. Beləliklə, biz Allahın surətində yarandığımızı biliriksə, günahkar və pozulmuş halımız bir həll yolu tələb edir. Bu həll yolu İsadır.

3. Allah bizi kişi və qadın olaraq yaratdı

Bu ayələrdə öyrədilən üçüncü həqiqət budur ki, Allah bizi kişi və qadın olaraq yaratdı. Bu da bizi məsihçiliyə gətirir və Məsihdə tamamlanmalı olur. Necə? Ən azı iki yolla. Birincisi nikah sirrindən qaynaqlanır. İkincisi isə tarixdə kişilərlə qadınların arasındakı günahla dolu münasibətlərin çirkinliyindən irəli gəlir.

Nikahın sirri

Nikahın sirrini götürək. Yar. 2:24-də qadının yaranması əhvalatından dərhal sonra Musa (Yaradılış Kitabının müəllifi) deyir: "Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq." Həvari Paul bu ayəni Ef. 5:31-də sitat gətirdikdə deyir ki: "Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm." Bu “açar” ilə o, nikahın mənasını aşkara çıxarır: ərin öz arvadına sevgi ilə dolu rəhbərlik etməsi Məsihin İmanlılar Cəmiyyətinə qarşı olan məhəbbətinin rəmzidir; həmçinin, arvadın öz ərinə itaətkar münasibəti İmanlıar Cəmiyyətinin Məsihə könüllü itaətinin rəmzidir.

Həvari Yar. 2:24-ü "sirr" adlandırır, çünki Allah Yaradılış Kitabında kişi ilə qadının nikahı barəsində məqsədlərini hələ açıq-aşkar bildirməmişdi. Əhdi-Ətiqdə ər-arvad münasibətlərinin Allahla xalqının arasındakı münasibətə bənzəməsinə dair işarələr var idi. Lakin nikahın sirri yalnız Məsihin gəlməsi ilə dəqiq açıqlanmışdır. Nikah Məsihin Öz xalqı ilə Əhdi, Özünü İmanlılar Cəmiyyətinə həsr etməsini ifadə edən obraz olmalıdır.

İndi Allahın insanı yaratmasının və nikahı təyin etməsinin Məsih ilə İmanlılar Cəmiyyətinin arasındakı münasibətə necə gətirib çıxardığını görürsünüzmü? Allah insanı kişi və qadın olaraq yaratdı, sonra da kişinin ata-anasını tərk edib arvadına qovuşmasını, özünü nikah əhdinə həsr etməsini tələb etdi və bunlar bir sirdir ki, həmin sirrin açıqlanması üçün məsihçiliyə ehtiyac vardır.

Bu fikir bir çox insanlara, hətta məsihçilərə də qəribə gələr, çünki nikah yalnız məsihçi gerçəklik deyil, dünyada hüquqi baxımdan tənzimlənən münasibətlərdir. Nikah təkcə Məsihə iman edənlərə deyil, bütün dünya cəmiyyətlərinə məxsusdur. Buna görə məsihçi olmayan şəxslərin bağladıqları nikahların hamısında Məsihin İmanlılar Cəmiyyəti ilə münasibətlərinin mistik simvolunu görmək bizə çətin gəlir. Həqiqətdə isə bütün nikahlar məhz bunun simvoludur və hər nikahda kişi ilə qadının arasındakı münasibətlərdə Məsihin İmanlılar Cəmiyyəti ilə münasibətlərində tanınmaq arzusu mövcuddur. Məsihçilikdə nikah əhdini tam şəkildə dərk edə bilirik.

Mən burada sizin üçün bir mənzərə yaradıb əvvəldən heç vaxt baxmadığınız bir nöqteyi-nəzərdən təqdim edəcəyəm. Məsih təkrar yer üzünə gələcək. Mələklər dedilər ki, Onun aparıldığını necə gördünüzsə, O elə də qayıdacaq. O günü təsəvvür edin. Göylər açılır, şeypur səslənir və Bəşər Oğlu böyük qüdrət və izzətlə, günəş kimi parlayan saysız-hesabsız müqəddəs mələklərin müşayiəti ilə bulud üzərində gəlir. İsa mələkləri dünyanın dörd bucağından seçdiklərini toplamağa göndərir, Məsihdə vəfat edənləri ölümdən dirildir. Onlara Öz bədəni kimi yeni, izzətli bədənlər verir, sonra biz qalanları göz qırpımında dəyişdirib Öz izzətinə layiq eləyir.

Məsihin Gəlininin (İmanlılar Cəmiyyəti!) əsrlər boyunca hazırlanması nəhayət başa çatır və Məsih sanki onun qoluna girib ziyafət süfrəsinə aparır. Quzunun toy ziyafətinin vaxtı gəlib-çatdı. Rəbb Özü süfrənin başında ayağa qalxır və milyonlarla müqəddəslərin səsləri kəsilir, tam sükut əmələ gəlir. O, danışmağa başlayır: "Sevgilim, nikahın mənası bu idi. O, buna işarə edirdi. Buna görə mən səni kişi və qadın olaraq yaratdım və nikah əhdini təyin etdim. Bundan sonra artıq heç kəs evlənməyəcək və ərə getməyəcək, çünki son gerçəklik tamam oldu, kölgə isə keçib getdi" (Bax: Mark 12:25; Luk. 20:34–36).

İndi nə etdiyimizi yada salaq: biz üçüncü həqiqətin – Allahın bizi Öz surətində kişi və qadın olaraq yaratmasının tamamlanmış şəkildə məsihçiliyə işarə etdiyini görməyə çalışırıq. Artıq dediyim kimi, bu, iki yolla gerçəkləşir. Birincisi, nikahın sirri ilə. İnsanların kişi və qadın olaraq yaranması yaradılışda nikahın təyin olunmasına zəmin hazırlayır. İnsanlar kişi və qadın olmasaydı, nikah mümkün olmayacaqdı. Lakin Məsih ilə İmanlılar Cəmiyyətinin arasındakı münasibətlərin məsəli çərçivəsində qavranılmayan nikahın mənası tam dolğunluğuna çatmır.

Beləliklə, insanın kişi və qadın olaraq yaranması nikaha işarə edir, nikah isə Məsih ilə İmanlılar Cəmiyyətinə işarə edir. Buna görə Allahın bizi Öz surətində kişi və qadın olaraq yaratdığına iman məsihçiliyin – Məsihin və Onun İmanlılar Cəmiyyətinin xilası üçün Öz canını qurban verməsinin xaricində natamam olacaqdır.

Tarixdə kişilərlə qadınların arasındakı münasibətlərin çirkinliyi

İnsanın Allahın surətində kişi və qadın olaraq yaranmasından bəhs edərkən məsihçilikdə tamamlanmalı olan başqa bir cəhəti də qeyd etmişdim – bu, kişilərlə qadınların arasındakı münasibətlərin tarix boyunca pozulmuş halı ilə, çirkinliyi ilə bağlıdır. İndi bunu izah edəcəyəm.

Günah dünyaya daxil olanda bizim kişi-qadın münasibətlərimizə də faciəli təsiri olmuşdur. Adəm qadağan edilən meyvəni yeyəndən sonra, Allah onun yanına gəlib nə baş verdiyini soruşur. Yar. 3:12-də Adəm belə deyir: "Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim." Başqa sözlə, təqsir qadındadır (yaxud Səndədir, çünki onu mənə Sən verdin!), odur ki, meyvəni yediklərinə görə cəzalandırılmalı olan günahkar qadındır!

Bütün ailə davaları, qadına qarşı zülm, zorlama və cinsi zorakılıq olayları, Allahın Öz surətində yaratdığı qadının alçaldılması məhz bu əhvalatdan başlayır.

Yar. 3:16-da günaha batmış kişi ilə qadın lənətə gələndə, Allah qadına deyir: "Hamilə olanda sənə çox əziyyət verəcəyəm, uşaqlarını ağrı içində doğacaqsan. Ərinə meyilli olacaqsan, o, sənə ağalıq edəcək." Başqa sözlə desək, günahın nəticəsi və nəslimizin lənəti cinslərin arasındakı münaqişədir. Bu ayə arzu olunan vəziyyəti deyil, günahın hökm sürdüyü yerdə lənətə gəlmiş vəziyyəti təsvir edir. Ağalıq edən kişilər və yoldan çıxardan qadınlar. Allahın surətində kişi ilə qadın heç belə deyildir. Bu, günahın çirkinliyidir.

Bəs bu çirkinlik məsihçiliyə necə işarə edir? Məsələ orasındadır ki, məsihçilik kişilərlə qadınların arasındakı münasibətlərə şəfa verən yoldur. Allah bizi Öz surətində KİŞİ VƏ QADIN OLARAQ yaratdığına görə, elə nəticə çıxarmaq olar ki, hər iki cinsin ləyaqət bərabərliyi, bir-birinə hörməti, dostluğu, həmrəyliyi, bir-birini tamamlaması, birgə taleyi olmalıdır. Ancaq dünyanın tarixində bunları harada görə bilirik? Bu, İsanın verdiyi şəfa deyilmi?

İsanın verdiyi şəfa barəsində iki mülahizə

Bu haqda çox danışmaq olar. Lakin mən yalnız iki məqama toxunmaq istəyirəm.

3.1. Kişi və qadın olaraq yaranan bəşərin taleyi

Birincisi, 1Pet. 3:7-də deyilir ki, məsihçi ər və arvad "birlikdə Allahın lütf etdiyi həyatı irs olaraq alacaqlar." Bu, nə deməkdir? O deməkdir ki, insanlar Allahın surətində kişi və qadın olaraq yarandıqlarının tam mənasını Məsihdə dərk edib həyata keçirirlər. O deməkdir ki, onlar kişi və qadın olaraq, Allahın izzətini nümayiş etdirərək ortaq mirasçılar olaraq birlikdə Allahın izzətini irs almalıdırlar.

Allahın surətində kişi və qadın olaraq yaranmağımız (günahla birlikdə nəzərdən keçirildikdə) indi Məsihin pozulmuş vəziyyəti dəyişdirərək verdiyi şəfanı və günahkarlar üçün satın aldığı irsi tələb edir. Məsih kişilərlə qadınların İlahi lütfün bəxş etdiyi həyatı birgə irs almaqlarını bərpa edir.

3.2. Kişi və qadın olaraq subaylığın mənası

Məsihin hər şeyi dəyişdirib münaqişəmizin çirkinliyini aradan götürdüyü, Allahın surətində kişi və qadın olaraq yarandığımızdan irəli gələn taleyimizi yerinə yetirdiyi daha bir yolu 1Kor. 7-də görə bilirik. Bu fəsildə Paul öz dövrü üçün inanılmaz bir şey deyir: "Evli olmayanlara və dul qadınlara isə bunu deyirəm: mənim kimi qalsalar, onlar üçün yaxşı olar… subay kişi Rəbbi necə razı salmaq barəsində düşünüb Rəbbin işlərinin qayğısına qalır… Ərsiz qadın, yaxud qız da Rəbbin işlərinin qayğısına qalır ki, həm bədəndə, həm də ruhən müqəddəs olsun… Bunu azadlığınızı məhdudlaşdırmaq üçün yox, ancaq sizin xeyrinizə deyirəm ki, …özünüzü Rəbbə həsr edəsiniz" (1Kor. 7:8, 32–35).

Sözün canını görürsünüzmü? İsanın Allahın surətində yaranmış kişilər ilə qadınlara verdiyi şəfa nikahdan asılı deyildir. Əslində, Paulun subaylıq təcrübəsi (İsanın subaylığından nümunə alaraq) ona göstərdi ki, subay kişi, yaxud qadının özünü Rəbbə həsr etmək imkanı evli möminlər üçün həmişə əlçatmaz olacaqdır.

Başqa sözlərlə belə deyə bilərik: nikah bu dövr üçün təyin olunan, ölülərin dirilməsinə qədər davam edən münasibətdir. Nikahın əsas mənası və məqsədi Məsihin İmanlılar Cəmiyyəti ilə münasibətini təmsil etməkdən ibarətdir. Gerçəklik gələndə isə bizim tanıdığımız bu təmsil aradan qaldırılacaqdır. Gələcək dövrdə evlənmək, ərə getmək mümkün olmayacaqdır. Bu dünyada subay qalıb özlərini Rəbbə həsr edənlər Quzunun toy ziyafətində İlahi lütfün bəxş etdiyi həyatı birgə irs alan mirasçılar olaraq oturacaqlar. O zaman onlar Rəbbə sadiq qaldıqları dərəcədə, fədakarlıqlarına görə ağlagəlməz məhəbbət, gözəl münasibət və sevinclə mükafatlandırılacaqlar.

Yekun

Öyrəndiklərimizi yekunlaşdıraq.

  1. Allah insanları yaratdı. Əhdi-Ətiq başa çatdıqdan sonra Allahın bu heyrətamiz məxluqu nə məqsədlə yaratdığını anlamaq üçün hekayənin davamı – məsihçilik yolu lazım gəlir. Allahın bizi yaratmasındakı məqsəd yalnız Məsihin işi ilə kamala çatır.
  2. Allah bizi ÖZ SURƏTİNDƏ yaratdı. Biz isə Onun surətini tanınmaz dərəcədə çox pozmuşuq. Bu həqiqəti anlamaq üçün də məsihçilik lazımdır, çünki Məsih həlak olanı xilas etməyə gəldi. Buna "Məsihdə yeni yaradılış" deyilir. Allahın surəti salehlikdə və müqəddəslikdə bərpa olunur.
  3. Allah bizi Öz surətində KİŞİ VƏ QADIN OLARAQ yaratdı. Bunun tamamlanması da məsihçilik həqiqətini tələb edir. Nikahın Məsih ilə İmanlılar Cəmiyyətini təmsil etmək üçün nəzərdə tutulduğunu anlamadan heç kəs kişi və qadın olmağın mənasını dərk edə bilməz. Habelə, kişilərlə qadınların birlikdə Allahın lütf etdiyi həyatı irs olaraq alacaqlarını bilmədən heç kəs Allahın surətində kişi və qadın olmaqdan qaynaqlanan əsl taleyini dərk edə bilməz. Nəhayət, gələcək dövrdə evlənmək, ərə getmək mümkün olmayacağını və buna görə Allahın surətində kişi və qadın olaraq izzətli taleyinin nikahdan deyil, Rəbbə sadiq qalmaqdan asılı olacağını Məsihdən öyrənmədən heç kəs Allahın surətində kişi və qadın olaraq subaylığın tam mənasını dərk edə bilməz.

Buna görə, bu həqiqətləri düşünün: Allah sizi yaratdı; O, sizi Öz surətində yaratdı; O, sizi kişi və qadın olaraq yaratdı ki, siz tam şəkildə özünüzü Rəbbə həsr edəsiniz

©2014 Desiring God Foundation. Used by Permission.

Permissions: You are permitted and encouraged to reproduce and distribute this material in physical form, in its entirety or in unaltered excerpts, as long as you do not charge a fee. For posting online, please use only unaltered excerpts (not the content in its entirety) and provide a hyperlink to this page. For videos, please embed from the original source. Any exceptions to the above must be approved by Desiring God.

Please include the following statement on any distributed copy: By John Piper. ©2014 Desiring God Foundation. Website: desiringGod.org