Nikah: Allahın əhdinə sadiq qalan lütfünü nümayiş etdirən “vitrin”

Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü. Allah başçıları və hakimləri tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi… 3:12 Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün. Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi, siz də bağışlayın. Bütün bunlardan əlavə, kamil birliyin bağı olan məhəbbətə bürünün. Məsihin sülhü qoy ürəklərinizdə münsiflik etsin, çünki bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Həmçinin, şükür edənlər olun! Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun. Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin. Ey qadınlar, Rəbdə olanlara layiq olduğu kimi ərlərinizə tabe olun. Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın.

Son iki həftə ərzində nikahla bağlı olaraq iki həqiqətdən bəhs etdik: təməl həqiqəti elədir ki, nikah Allahın yaratdığıdır. Tam həqiqət isə elədir ki, nikah Allahın nümayiş etdirdiyidir. Musa Yar. 2-də bu iki həqiqəti təsdiqləyir. Lakin Əhdi-Cədiddə İsa və Paul bunları daha çox açıqlayırlar.

İsa: Nikah Allahın yaratdığıdır

İsa nikahın Allah tərəfindən yaradıldığını aydın-aşkar öyrədirdi. Mark 10:6-9-da yazılıb ki, “Allah yaradılışın başlanğıcından “Onları kişi və qadın olaraq yaratdı” (Yar. 1:27). “Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq” (Yar. 2:24). Artıq onlar iki deyil, bir bədəndir. Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın.” Bu, Müqəddəs Kitabda nikahın, sadəcə olaraq, insanların işi olmadığını ən açıq şəkildə elan edən ayədir. “Allahın birləşdirdiyi” dedikdə Allahın işi nəzərdə tutulur.

Paul: Nikah Allahın nümayiş etdirdiyidir

Paul nikahın Allahın nümayiş etdirdiyini açıq-aşkar elan edir. Ef. 5:31-32-də o, Yar. 2:24-ü sitat gətirərək daxilindəki sirri açıqlayır: “Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq.” Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm.” Başqa sözlə desək, kişinin ata-anasını tərk edib arvadına qovuşması və ikisinin bir bədən olması ilə gerçəkləşdirilən nikah Məsih ilə İmanlılar Cəmiyyətinin arasındakı əhdə işarə edir. Nikahın ali məqsədi Məsih ilə İmanlılar Cəmiyyətinin arasındakı əhdə sadiq qalan məhəbbəti nümayiş etdirməkdir.

Məsih ilə İmanlılar Cəmiyyəti misalı

Həyat yoldaşım Noeldən bu gün mənim nə söyləməyimi istədiyini soruşdum. O dedi: “Nikah Məsih ilə İmanlılar Cəmiyyəti misalıdır. Bunu hər zaman xatırlatmaq lazımdır.” Məncə, o, düz dedi. Buna ən azı üç səbəb vardır: 1) Bu, ər-arvad münasibətlərini ucuz komediyaların təsvir etdiyindən təmizləyir, yüksəldir, Allahın ona verdiyi möhtəşəm mənanı qazandırır; 2) bu, nikaha lütf təməlini verir, çünki Məsih Öz gəlinini yalnız lütf ilə qazandı və saxlayır; 3) bu, ərin başçı olmasının, arvadın da itaət etməsinin önəminiölümünü (=çarmıxa çəkilərək edam edildiyini) göstərir. Yəni bunlar Məsih ilə İmanlılar Cəmiyyətini nümayiş etdirməsi ilə nikahın mənasının ayrılmaz hissəsi olur, lakin bunlar həmçinin, Məsihin çarmıxda Özündən imtina edərək etdiyi işə əsaslanır; belə ki, ərin başçılığında və arvadın itaətində nə qürur qalır, nə də alçaqlıq.

Biz əvvəlki iki toplantıda bu səbəblərin birincisini nəzərdən keçirmişik: nikahın təməli Allahın əhd bağladığı kəslərə qarşı məhəbbət göstərməsidir. Nikah kişi ilə qadının arasında bağlanan əhddir; nikah bağlayan kişi və qadın bir bədən olaraq birləşərkən ömür boyunca bir-birinə ər-arvad kimi sadiq qalacaqlarına söz verirlər. Ciddi vədlər və cinsi əlaqə ilə möhürlənən nikah əhdi Allahın əhdinə sadiq qalan lütfünü nümayiş etdirmək üçün nəzərdə tutulmuşdur.

Lütfdə möhkəm təməl

Bugünkü mövzumuz budur: “Nikah: Allahın əhdinə sadiq qalan lütfünü nümayiş etdirən "vitrin"”. İndi biz ikinci səbəbə - Noelin haqlı olaraq hər zaman xatırladılmasını lazım bildiyi Məsih ilə İmanlılar Cəmiyyəti misalına keçirik: nikah lütfə əsaslanan təməldir, çünki Məsih Öz gəlinini yalnız lütf ilə qazandı və saxlayır.

Başqa sözlərlə desək, bu gün deyəcəyim əsas fikir odur ki, Məsihin Öz Cəmiyyəti ilə bağladığı Yeni Əhd Onun qanı bahasına əldə edildiyinə və saxlandığına görə, insanların bağladıqları nikahlar da bu Yeni Əhddəki lütfü nümayiş etdirməlidir. Nikah Allahın lütfünə əsaslanmalı və insanın Allahla şaquli münasibətləri həyat yoldaşı ilə üfuqi münasibətlərində əks olunmalıdır. Başqa sözlərlə, mömin ər-arvad hər saat Allahın onları bağışlamasına, saleh saymasına, vəd etdiyi gələcək lütfə qovuşduracağına güvənərək yaşamalı və bu onların həyat yoldaşı ilə münasibətlərində hər saat əks olunmalıdır – Allah onu bağışladığı, saleh saydığı, ona kömək edəcəyini vəd etdiyi kimi, o da öz həyat yoldaşı ilə bu cür rəftar etməlidir. Bu gün əsas mövzumuz bundan ibarətdir.

Bağışlayan, saleh sayan lütfün mərkəzi yeri

Mən bilirəm ki, bu sözlər bütün məsihçilərə (təkcə evli olanlara deyil) aiddir: onlar hər saat Allahın onları bağışlayan, saleh sayan, saxlayan lütf ilə yaşamalı və bunu başqaları ilə münasibətlərində əks etdirməlidirlər. İsa deyir ki, həyatımız, ümumiyyətlə, Allahın izzətini nümayiş etdirən “vitrin” kimi olmalıdır (Mat. 5:16). Bununla belə, nikah Allahın əhdə sadiq qalan lütfünü unikal şəkildə nümayiş etdirir, çünki insanlar arasındakı başqa münasibətlərdən fərqli olaraq, nikahda ər və arvad bu həyatda ən yaxın münasibətdə birləşirlər. Unikal başçılıq və itaət rolları vardır, lakin bundan biz daha sonra danışarıq. Bu gün mövzumuz başqadır. Bu gün mən ər-arvad dedikdə məsihçiləri nəzərdə tuturam, baş-bədən analogiyasını vermirəm. Kişi və qadın başçılıq və itaət rollarını Müqəddəs Kitaba uyğun şəkildə, lütfkarcasına yerinə yetirməyi öyrənməzdən əvvəl, Allahla şaquli münasibətlərində bağışlanma, saleh sayılma, vəd olunan köməyə arxalanma əsasında həyatlarını qurmağın mənasını dərk etməlidirlər; sonra onlar bunu üfuqi münasibətlərində - öz həyat yoldaşı ilə münasibətində əks etdirərək tətbiq edə biləcəklər. Bu gün əsas mövzumuz elə bu olacaq.

Yaxud keçən həftənin söhbətindəki sözlərlə desək: ər-arvad utanmalı olduqları bir çox işlərinin olmağına baxmayaraq, çılpaq olub utanmaya da bilirlər (Yar. 2:25); buna əsas, Allahın “şaquli” bağışlayan, saleh sayan lütfünü dərk etmələri və bir-biri ilə “üfuqi” münasibətlərində əks etdirərək dünyaya nümayiş etdirmələridir.

Allahın gələcək qəzəbi

Gəlin bu həqiqətin əsasını qısaca nəzərdən keçirək. Kolosselilərə Məktub 3:6 ilə başlayaq: “Bunlara görə Allahın qəzəbi itaətsizlərin üzərinə gəlir.” Əgər siz: “Problemlərlə dolu ailə həyatımda elə bircə Allahın qəzəbindən danışmaq çatmırdı” deyirsinizsə, sözləriniz İndoneziyanın qərb sahilində 26 dekabr 2004-cü ildə kefi pozulmuş bir balıqçının sunami xəbərdarlığına verdiyi reaksiyaya oxşayır: “Problemlərlə dolu balıqçı işimdə elə bircə sunamidən danışmaq çatmırdı.” Bir çox ər-arvadların ehtiyacı Allahın qəzəbini dərk etmək və ondan qorxmaqdır. Allahın qəzəbini dərk etməsək, Müjdəni yalnız insanlar arasındakı münasibətlər kimi qəbul edəcəyik, Müjdənin Müqəddəs Kitabdakı ehtişamı yoxa çıxacaq. İnsan qəzəbindən qat-qat böyük olan qəzəbin – Allahın günahkar insana qarşı qəzəbinin lütf ilə necə məğlub edildiyini dərk etməmisinizsə, öz qəzəbinizin – həyat yoldaşınıza qarşı hirsinizin məğlub edilməz dərəcədə böyük olduğuna inana bilərsiniz.

Allahın qəzəbinin ləğv edilməsi

Beləliklə, biz Allahın qəzəbindən və onun ləğv edilməsindən başlayırıq. İndi isə Kolosselilərə Məktuba qayıdaq. Kol. 2:13-14: “Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü.”

Bu son sözlər ən mühümdür. Bizim əleyhimizə və zərərimizə olan bu borc sənədini Allah Özü çarmıxa mıxlayaraq qarşımızdan götürdü. Bu, nə vaxt baş verdi? İki min il əvvəl. Bu hadisə sizin daxilinizdə olmayıb və sizin buna heç bir köməyiniz dəyməyib. Siz hələ doğulmamışdan qabaq Allah bunu sizin üçün və sizdən asılı olmayaraq etmişdir. Xilasımızın hədsiz qərəzsizliyi bundadır.

Çarmıxda ləğv edilən borc sənədi

Bu gözəl və heyrətamiz həqiqəti dərk etdiyinizə əmin olun: Allah sizi Onun qəzəbinə düçar edən, borclu olduğunuzu sübut edən, bütün günahlarınızı sadalayan borc sənədini götürdü (günahlar Allaha qarşı hörmətsizliyi ifadə edən işlər olaraq Allahın qəzəbinə səbəb olur) və həmin sənədi gözünüzə soxub sizi cəhənnəmə atmaq əvəzində, onu Öz Oğlunun əllərinə qoyub mıxla deşdi.

Kimin günahları çarmıxa mıxlandı? Kimin günahlarının cəzası çarmıxda verildi? Cavab budur: Mənim günahlarım. Həm həyat yoldaşım Noelin günahları, həm də mənim günahlarım, hətta özlərini xilas etməkdən məyus olub yalnız Məsihə güvənən hər kəsin günahları. Kimin əlləri çarmıxa mıxlandı? Kim çarmıxda cəzalandırıldı? İsa. İsa bizi əvəz etdi. Allah mənim günahımı Məsihin cismi ilə məhkum etdi (Rom. 8:3). Ey ərlər, siz buna nə qədər çox inansanız, o qədər yaxşıdır. Ey arvadlar, siz də buna nə qədər çox inansanız, o qədər yaxşıdır.

Saleh sayılmaq bağışlanmaqdan daha dərin mənalıdır

Əgər biz yenə Romalılara Məktubu araşdırıb saleh sayılmanı daha yaxşı dərk etsək, onda daha dərinə gedə bilərik. Saleh sayılmaq bağışlanmaqdan daha dərin mənalıdır. Biz Məsihə görə nəinki bağışlandıq, həm də Allah bizi Məsihə görə saleh elan etdi. Allahın bizdən iki tələbi vardır: günahlarımızın cəzalandırılması və həyatımızın kamilləşdirilməsi. Günahlarımız bağışlanmalı və həyatımız saleh olmalıdır. Lakin biz öz cəzamızı çəkə bilmərik (Zəb. 49:7-8) və öz salehliyimizi göstərə bilmərik. Saleh adam yoxdur, bircə nəfər belə yoxdur (Rom. 3:10).

Bu səbəbdən Allah bizi sevdiyi hədsiz məhəbbətinə görə bu tələblərin ikisini də yerinə yetirməsi üçün Öz Oğlunu göndərdi. Məsih cəzamızı çəkdi və salehliyimizi yerinə yetirdi. Biz Məsihi qəbul edəndə (Yəh. 1:12), Onun çəkdiyi cəza və yerinə yetirdiyi salehlik tamamilə bizə aid edilir (Rom. 4:4-6; 5:19; 5:1; 8:1; 10:4; Fil. 3:8-9; 2Kor. 5:21).

Saleh sayılmanın əks olunması

Nikahımızın Allahın əhd bağlayan və əhdə sadiq qalan lütfünü nümayiş etdirməsi üçün bu şaquli gerçəklik üfüqi istiqamətdə əks olunmalıdır. Bunu Kol. 3:12-13-də görmək olar: “Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün. Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi, siz də bağışlayın.”

“Rəbb sizi bağışladığı kimi siz də…” – həyat yoldaşınızı bağışlayın. Rəbb sizə dözdüyü kimi, siz də həyat yoldaşınıza dözməlisiniz. Rəbb sizə hər gün dözür, çünki siz hər gün Onun iradəsini tam yerinə yetirə bilmirsiniz. Əslində, siz Məsihin tələb etdiyi kamillikdən o qədər uzaqsınız ki, ona nisbətən sizin həyat yoldaşınızın ondan tələb etdiyinizi yerinə yetirməsi kamil kimi görünür. Məsih həmişə bizdən daha çox bağışlayır və dözür. Həyat yoldaşınızın imanlı, yaxud imansız olmağından asılı olmayaraq, Rəbb sizi bağışladığı kimi siz də həyat yoldaşınızı bağışlayın. Rəbb sizə dözdüyü kimi, siz də həyat yoldaşınıza dözün. Məsihin çarmıxında sizə bəxş edilən İlahi lütfün ölçüsü ilə həyat yoldaşınıza lütf göstərin.

Əgər həyat yoldaşınız imanlıdırsa, bunu də əlavə edə bilərsiniz: işləriniz və münasibətiniz saleh olmadığı halda, Rəbb sizi Məsihdə saleh saymışdır; siz də belə həyat yoldaşınızı saleh sayın, baxmayaraq ki, onun hərəkətləri saleh deyildir. Başqa sözlərlə, Kol. 3-də deyildiyi kimi, şaquli bağışlanma və saleh sayılma lütfünü həyat yoldaşınızla münasibətlərinizdə əks etdirin. Nikahın ali məqsədi elə budur – Məsihin əhdə sadiq qalan lütfünü nümayiş etdirməkdir.

Müjdəyə əsaslanan müdrikliyin vacibliyi

Burada yüzlərlə mürəkkəb vəziyyətlər yarana bilər və hər ayrı vəziyyətdə Müjdənin bu həqiqətinə, habelə əziyyət və sədaqətlə yaşanmış illərin tərcübəsinə əsaslanan dərin ruhani müdriklik lazım olur. Başqa sözlə, bugünkü vəzim heç də hər kəsin konkret ehtiyacına tətbiq edilə bilməz. Vəzlərdən başqa bizə Müqəddəs Ruh lazımdır, dua lazımdır, Kəlamı oxuyub düşünmək lazımdır, başqa müdrik adamların kitablarını oxumaq lazımdır, əziyyətlərdən keçmiş müdrik dostların məsləhətləri lazımdır, hər şey alt-üst olanda imanlılar cəmiyyətinin dəstəyi lazımdır. Mən heç güman etmirəm ki, sizə kömək etmək üçün lazım olan hər şeyi söylədim.

Şaquli həyatımızın üfuqi münasibətlərimizdə əks olunması

Axırda mən əhdə sadiq qalan məhəbbəti başqa insanı bağışlamaq və saleh saymaqdan ibarət olduğunu vurğulamağımın bir neçə səbəbini açıqlamaq istəyirəm. Məgər mən başqa insandan zövq almağıma inanmırammı? Sözsüz ki, inanıram. Həm öz təcrübəmə, həm də Müqəddəs Kəlama görə inanıram. Əlbəttə ki, Məsih Öz gəlini ilə, İmanlılar Cəmiyyəti ilə nikah bağlayıb; və şübhəsiz ki, Rəbbi razı salmaq mümkündür və yaxşıdır (Kol. 1:10). Həm də Rəbbimiz Ondan zövq almağımıza tamamilə layiqdir. Nikahda ideal münasibətlər belədir: iki nəfər Allah qarşısında özünü alçaldaraq Allaha və bir-birinə xoş olduğu kimi dəyişilməyə çalışır, bir-birinin fiziki və emosional ehtiyaclarını artıqlaması ilə təmin etməyə çalışırlar. Bəli, Məsih ilə İmanlılar Cəmiyyətinin arasındakı münasibətlərdə bütün bunlar vardır.

Lakin mən bir neçə səbəbə görə sizin Allahın lütfü ilə yaşayıb, sonra bu lütfü üfüqi münasibətlərinizdə əks etdirərək, həyat yoldaşınızı bağışlayıb saleh saymanızdan danışıram: 1) çünki günaha və qəribəliyə görə münaqişə labüddür (siz nəyin günah, nəyin qəribəlik olduğu barəsində belə öz aranızda razılığa gələ bilməyəcəksiniz); 2) çünki sevgi ölmüş kimi görünəndə ər-arvadın zəhmət çəkərək bir-birinə dözməsi və bir-birini bağışlaması sevgini dirildir və artırır; 3) çünki iki fərqli və nöqsanlı insan əziyyətlərində Məsihə güvənərək həyat boyu bir-birinə sadiq olanda Allah izzətlənir.

Allah sizi – və həmçinin, həyat yoldaşınızı Məsihdə bağışladı

Burada mən vəzimi başa çatdırıram, gələn dəfə isə Noel ilə mənin kəşf etdiyimiz bir həqiqəti sizinlə bölüşəcəyəm. İndidən görürəm ki, gələn dəfə vəzimin adı “kompost yığını vəzi” olacaqdır.

O vaxta qədər isə sizə üz tutub deyirəm, ey ərlər və arvadlar: bütün problemlərdən çox-çox daha böyük olan bu həqiqət ağlınızda qalsın – Allah “bütün təqsirlərimizi bağışlayıb tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü.” Bütün ürəyinizlə buna inanın və bu həqiqəti həyat yoldaşınızla münasibətlərinizdə əks etdirin.