Ölümü qazanc sayan missiya Uiton kolleci

(Bu mətn audioyazıdan köçürülüb redaktə edilmişdir.)

Mənim öz həyat missiyam və cəmiyyətimin missiyası belədir:

Biz bütün xalqların sevinci üçün İsa Məsih vasitəsilə Allahın hər şeydə hökmran olması şövqünü yaymaq üçün yaşayırıq.

Bir çox səbəblərə görə bu missiyamızı sevirəm. Bir səbəb odur ki, belə missiyanın uğursuz ola bilməyəcəyini bilirəm. Allahın vədi olduğu üçün uğursuz ola bilməz. Mat. 24:14-də “Səmavi Padşahlığın bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək” – deyə, yazılıb ("Millət" dedikdə, siyasi dövlət deyil, etnik qrup nəzərdə tutulduğunu, yəqin ki, bilirsiniz.). Biz tamamilə əmin ola bilərik ki, Müjdə hər millətdə yayılacaq və hər yerdə fəal şəhadət gerçəkləşəcək.

İndi mən sizə buna əmin olmanın bir neçə səbəbini deyəcəyəm.

Bu vəd həqiqətdir

Bu vədin həqiqət olmasına bir neçə səbəb var:

1) İsa əsla yalan danışmaz. “Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək”. Mat. 24:14-ü deyən mən deyiləm, İsadır.

Bizim hal-hazırda yerinə yetirdiyimiz bu missiya bir gün sona yetəcək. Bu missiya tamamlanacaq və siz ya ona qoşulub gələcək zəfərdə iştirak edə bilərsiniz, ya da kənara çəkilib həyatınızı puç edə bilərsiniz. Sizin yalnız bu iki seçiminiz var, başqa variant yoxdur. “Bəlkə bu, baş verməyəcək, o zaman bu işə qoşulmasam, mənim üçün daha yaxşı olar” deyə bilməzsiniz. Belə iş mümkün deyildir.

2) Bütün millətlərdə olan insanlar artıq satın alınmışdır. Vəhy 5:9-10-da yazılıb ki: “Sən tumarı götürüb onun möhürlərini qırmağa layiqsən. Çünki Sən kəsildin və hər tayfadan, dildən, xalqdan və millətdən olanları Allah üçün Öz qanın bahasına satın aldın.” O insanlar üçün qiymət ödənilib və Allah Oğlunun ödədiyi bu qiymətin boşa çıxmasına yol verməyəcəkdir.

Moraviya cəmiyyətinin tarixçəsi çox xoşuma gəlir. Bir dəfə o cəmiyyətdən iki məsihçi şimali Almaniyadan gəmi ilə Karib adalarına gedirdilər. Onlar orada özlərini qul kimi satmaq və artıq heç vaxt vətənlərinə qayıtmamaq niyyətində idilər. Gəmi sahildən uzaqlaşarkən onlar əllərini göyə uzadıb: “Qoy Allahın Quzusu çəkdiyi əziyyətlərin mükafatını alsın!” – deyə, nida etdilər. Onlar Məsihin artıq o insanları satın aldığını, özlərinin də hər kəsə Müjdəni yayaraq Rəbbin seçdiklərini tapacaqlarını nəzərdə tuturdular. Onlar inanırdılar ki, Müjdə vasitəsilə Müqəddəs Ruh onları Özünə tərəf çağıracaqdır.

Mən də bilirəm ki, bu vəd əsla boş qalmaz, çünki bütün dünyada Allahın xalqı üçün qiymət ödənildi. İsanın söylədiyi kimi, bütün dünyada səpələnmiş olan bu itmiş qoyunlar Müjdənin vəz edilməsi vasitəsilə Atanın onları çağırdığını eşidərək Onun yanına mütləq gələcəklər.

3) Məqsəd Allahın izzətidir. Bundan bəhs edən ayələr çoxdur. Mən yalnız birini oxuyacağam: Rom. 15:8-9, “Məsih Allahın haqlı olduğunu göstərmək üçün sünnətlilərin xidmətçisi oldu ki, əcdadlara verilən vədləri yerinə yetirsin (əmin və ya etibarlı eləsin); beləcə, başqa millətlər də Allahın mərhəmətinə görə Onu izzətləndirsinlər.” Allahın bəşər olmasının məqsədi, Atanın millətlərə qarşı mərhəmətini nümayiş etdirərək izzətləndirmək idi.

İsanın Böyük tapşırığının məqsədi də Allahın izzətidir. 1983-cü ildə Bet-Lexem Baptist cəmiyyətində mən və 17 ildir yaxın dostum olan Tom Steller – hər ikimiz heyrətamiz şəkildə Allahın işlərini gördük. Tom gecə yata bilmədi, durub Con Maykl Talbotun mahnısını qoşdu, sonra divana uzandı və bizim teologiyanın missiyaya çevrildiyini eşitdi (Biz Allahın izzətinə görə yaşayan məsihçiyik, amma biz hələ lazım olduğu kimi missiyanın mənasını anlamamışıq.). Con Maykl Talbot Allahın izzətinin sular dənizi bürüdüyü kimi dünyanı dolduracağını oxuyurdu, Tom buna qulaq asandan sonra bir saat ağladı. Eyni zamanda, Allah mənə və həyat yoldaşım Noelə təsir etməyə başladı. Biz “Buranı missiyaların “atıldığı tramplin” etmək üçün nə edə bilərik?” – deyə, soruşurduq. Buna görə imanlılar cəmiyyətimizin həyatında elektrik gərginliyi kimi bir atmosfer əmələ gəldi və bu “cərəyan” Allahın izzətinin zahir olması şövqündən axırdı.

4) Allah hökmrandır. Allah hökmrandır! Mən bir neçə həftə əvvəl İbranilərə Məktubun hamısını nəzərdən keçirərək vəz edirdim. Biz 6-cı fəslə çatdıq. Bildiyiniz kimi, bu, çox çətin fəsildir, orada imandan uzaqlaşanlardan söhbət gedir. İmandan uzaqlaşanların məsihçi olub-olmadıqları sualı üstündə mübahisələr gedir. 1-3-cü ayələrdə heyrətverici sözlər yazılıb (bunlar, Müqəddəs Kitabda kalvinist mövqeyinə tapdığım bir çox sübutların kiçik bir parçasıdır. Buna görə, mən kalvinistəm!). Orada belə yazılıb: “Bunun üçün… kamilliyə doğru irəliləyək… Allah izin verərsə, bunlara da əməl edəcəyik.” Biz bunu nəzərdən keçirəndə toplantıya böyük sükut çökdü, çünki biz bunun mənasını anlamışdıq. “Yəni sizcə, Allah imanlılar cəmiyyətinin kamilliyə doğru irəliləməsinə yol verməyə də bilər?”

Allah hökmrandır! O, imanlılar cəmiyyətinə də, millətlərə də hökmrandır! “Christianity Today” jurnalının son buraxılışında Cim Elliot, Nate Seynt, Pit Yuderyan və Ed Makkallinin başlarına gələn əhvalat nəql edilir. Stiv Seynt öz atasının Ekvadordakı avka hindiləri tərəfindən nizə ilə vurulub öldürüldüyündən danışırdı. O, atasını öldürən avka tayfasında meydana gəlmiş intriqa haqqında daha ərtaflı məlumat əldə edəndən sonra yazdı ki, bu qətl baş verməməli idi və elə bil ki mümkün də deyil idi. Lakin o, baş verdi. O da inrtiqanı araşdırandan sonra bu məqaləni yazdı.

Sizə bir cümlə oxumaq istəyirəm. Həmin cümlə mənə o qədər təsir etdi ki, mən kreslomdan qəfildən ayağa qalxdım. Stiv Seynt dedi:

Yerlilər öz xatirələrini mənə danışarkən, palma sahilindəki qətlin baş tutmasının necə də inanılmaz və qeyri-mümkün göründüyünü düşündüm. Bu, qeyri-adi hadisədir, mən onu yalnız Allahın işi kimi izah edə bilirəm.

"Mən atamın nizə ilə vurulmasını yalnız Allahın işi kimi izah edə bilirəm.” Bu oğlun nə dediyini anlayırsınız? “Atamı Allah öldürüb.” O, buna inanır; mən də buna inanıram.

Vəhy 6:11-də yazılıb ki, İlahi taxt olan zalda Müjdə uğrunda qanları axıdılmış şəhidlər deyirlər: “Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?” Onların sualına cavabən “hər birinə ağ xalat verilib deyildi ki, özləri ilə birgə qulluq edən, onlar kimi öldürüləcək bacı-qardaşlarının sayı tamam olana qədər bir az vaxt da rahat olsunlar.” Allah deyir: “Təyin etdiyim say tamam olana qədər gözləyin.” Allah müəyyən qədər şəhidlər təyin etmişdir. Onların sayı tamam olanda, dünyanın sonu gələcək.

Bunun bahası əzab-əziyyətdir

Bunun bahası əzab-əziyyətdir və bu gün dünyada imanlılar cəmiyyətinə qarşı qeyri-müəyyən münasibət heç də azalmır. Əksinə, artır, xüsusilə Müjdəyə böyük ehtiyacı olan qruplara qarşı münasibət pisdir. Bağlı ölkə deyə bir şey yoxdur. Bu, səhv anlayışdır. Müqəddəs Kitabda onun üçün əsas və ya dəstək yoxdur və həvari Paul bu sözü heç anlamazdı. Həvari Paul getdiyi hər şəhərdə canını verirdi. Deməli, bu zalda belə şəhidlər vardır.

Statistika baxımından bunu təxmin etmək asandır. Bu yaxınlarda bazar günlərinin birində əzab-əziyyət çəkən imanlılar cəmiyyəti ilə bağlı bir tədbir keçirilib və çoxunuz onda iştirak etmisiniz. Dünya missiya cəmiyyətinin fəal iştirakı ilə keçirilən bu tədbirdə siz hamınız Sudan kimi yerlər barəsində videolara baxmısınız, xəbərlər eşitmisiniz. Sudanda hakimiyyətdə olan müsəlman rejimi məsihçiləri müntəzəm surətdə qovur, xüsusi yerlərə yığır, aclıqla məhv edir. Beləliklə, Sudanda hər gün təqribən 500 nəfər məsihçi şəhid olur.

Mən cəmiyyətimdə vəfizəyə düzəlmək istəyən adamlardan artıq yorulmuşam. Məsələ ondadır ki, bizim məbədimiz şəhərin mərkəzində (ən təhlükəli yerdə - tərcüməçinin qeydi) yerləşir və işə düzəlmək istəyənlər ilk əvvəl “Uşaqlarım təhlükəsiz olacaqlarmı?” – deyə, sual verirlər. Mənim ürəyimdən də onlara belə cavab vermək arzusu keçir: “Bu sualınız, heç olmasa, sırada birinci deyil, onuncu olaydı!” Bunu eşitməkdən yoruldum. Amerikalıların üstünlüklərindən yoruldum. Kim sizə deyib ki, Allahın sizi çağırdığı yerdə uşaqlarınız mütləq təhlükəsiz olmalıdırlar?

YWAM (“Missiya ilə Gənclər”) mənim çox sevdiyim, ciddi bir cəmiyyətdir. Sentyabrın 1-də mən onlardan belə məktub aldım:

Maçetelərlə silahlanmış yüz əlli nəfər Hindistandakı YWAM komandasının yerini mühasirəyə almışdılar. Bu izdiham başqa dini qrupların təsiri ilə məsihçiləri qovmağa cəhd edirdi. İzdiham hücum etməyə başlayarkən bir məqam oldu – kimsə komandanın adından danışdı və onlara oranı tərk etmələri üçün 30 gün möhlət verməyi qərara aldılar. Komanda düşünür ki, oranı tərk etmək olmaz, çünki onların o şəhərdə xidmətləri bundan asılıdır. Əvvəl Müjdənin yayılmadığı regionda çox səmərə olub və daha çox səmərə ola bilər. Keçmişdə rəqib dini qrupların arasında baş verən toqquşmalarda insanlar həyatlarını itirmişlər. Xahiş edirik, onların müdrik olmaları üçün dua edin.

Bu sözlər mənim tez-tez eşitdiyim sözlərin tam əksidir. Misal üçün, Amerikada insanlar harada yaşayacaqlarını qərara alarkən tamamilə əksinə düşünürlər. Onlar demirlər ki, "Mən buranı tərk etmək istəmirəm, çünki burada olmağa çağırıldım və burada olmağıma ehtiyac vardır." Siz mənimlə razısınızmı ki, Amerikan müjdəçi məsihçilərinin üstünlükləri dəyişməlidir? Rahatlığa, təhlükəsizliyə, asanlığa, əmin-amanlığa can atmaq, stresdən, dərddən, təhlükədən qaçmaq meyli bizim istehlakçı mədəniyyətimizin elə bil qanına hopmuşdur. Bunun tam əksi olmalıdır! “Mənim ardımca gəlmək istəyən çarmıxını götürsün və ölsün!”

Buna görə də, mən bunu heç anlaya bilmirəm! İstehlakçı, rahatlıq, asanlıq mədəniyyəti imanlılar cəmiyyətinə nüfuz edir və insanların bir-biri üçün təhlükəsiz, qorxusuz, gözəl işlər gördükləri kiçik xidmətlər və cəmiyyətlər əmələ gətirir. İmansızlardan bir neçəsini xilas etməyə kömək etmək məqsədilə kiçik təhlükəsiz ekskursiyalar təşkil olunur. Bir az qorxulu yerlərə gəlincə - amandır, orada yaşaya bilmərik, orada qala bilmərik. Səudiyyə Ərəbistanı kimi yerlərə getmək heç ağlımıza gəlmir, biz Amerikanın bəzi yerlərindən belə qaçırıq!

İki həftə bundan əvvəl mən Amsterdamda idim, “Frontiers” (Hüdud) adlı başqa ciddi bir missiyanın qonağı oldum, rəhbəri Qreq Livinqstoun ilə görüşdüm. Əla qrup idi. Gündən-günə müsəlmanların arasında həyatlarını təhlükəyə atan beş yüz nəfər önümdə oturmuşdu. Onlara qulaq asmaq necə gözəl idi! Onlar konfrans əsnasında ayağa qalxıb e-poçt ilə gələn məktubları oxuyurdular: “Filankəs üçün dua edin. Dünən onu üç dəfə bıçaqla vurdular və ən pis budur ki, uşaqları da bunu gördülər. İndi o, xəstəxanadadır, vəziyyəti ağırdır.” Arada kimsə "Müsəlman dünyasında yaşayan bu missioner üçün dua edək" deyirdi və biz duaya başlayırdıq. Ertəsi gün e-poçtla gələn məktub Mərakeşdə altı qardaşın həbs edildiyini xəbər verdi. "Onlar üçün dua edək" çağırışı ilə biz onlar üçün də dua etdik. Konfrans başdan-başa belə keçdi. Konfransdan sonra missionerlər öz yerlərinə qayıtmağa hazır idilər.

Sizcə, bundan sonra mən Amerikaya qayıdıb əvvəl olduğum kimi qala bilərəm? Sizcə, mən toplantıda durub belə deyə bilərəmmi: “Gəlin gözəl, rahat, asan toplantılar keçirək. Gəlin rahat və təhlükəsiz yaşayaq.” Qolqota Yerusəlimin içində deyildir: “Buna görə Onun gördüyü təhqiri daşıyaraq düşərgənin kənarına çıxıb Onun yanına gedək” (İbr. 13:13).

Əzab-əziyyət bir yoldur

Aramızda şəhidlər olacağını və əzab-əziyyət çəkəcəyimizi desəm də, bu işi başa çatdırmağın bizə nəyə başa gələcəyini hələ deməmişəm. Çünki əzab-əziyyətlərimiz xilasın bahası deyil, yoludur.

İndi mən sizə çox mühüm bir ayə oxuyacağam - Kol. 1:24. Bir neçə il əvvəl onun mənası mənə çox təsir etdi. Onu necə dərk etdiyimi göstərəcəyəm.

“İndi sizin üçün əzab çəkdiyimə sevinirəm” – deyir Paul. Paul qeyri-adi insan olub. “Əzab çəkdiyimə sevinirəm” mədəniyyətə zidd, Amerikaya zidd, insan təbiətinə zidd sözlərdir. “İndi sizin üçün əzab çəkdiyimə sevinirəm və Məsihin Öz bədəni olan imanlılar cəmiyyəti (Allahın seçdikləri) uğrunda çəkdiyi əziyyətlərin qalanını canıma cəfa verərək tamamlayıram.” Bu sözlər adama az qala küfr kimi gələ bilər. O, böyük Allahımız və Xilaskarımız İsa Məsihin çəkdiyi “əziyyətlərin qalanını tamamlayıram" dedikdə nəyi nəzərdə tuturdu?

İsanın qanının təsirini və xilasedici qiymətini tamamladığını nəzərdə tutmurdu. Bu sözlərin mənası belə deyildir. Onda nədir bunların mənası?

Mən kompyuterimdəki Müqəddəs Kitab proqramında “tamamlamaq” və "qalan" sözlərini axtarışa verdim və Müqəddəs Kitabda bunların hər ikisinin birlikdə işləndiyi bircə ayə tapdım – Fil. 2:30.

Vəziyyət belə idi ki, Filipidəki cəmiyyət Epafroditi Romaya, Paulun yanına göndərdi. O, Paulun yanına gəlmək üçün öz həyatını təhlükəyə atdı və Paul onu buna görə təriflədi. Paul dedi ki, filipililər belə adamı hörmətlə qəbul etməlidirlər, çünki o, onların xidmətlərini tamamlamaq üçün az qala öləcəkdi. Son dərəcə önəmli olan bu ayə belədir:

Çünki o, Məsihin işi uğrunda az qala öləcəkdi. Sizin mənə edə bilmədiyiniz köməyi etmək üçün canını təhlükəyə atdı.

Haqqında danışılan iki sözün yanaşı işləndiyi yeganə başqa ayə budur: “Sizin mənə edə bilmədiyiniz köməyi (əziyyətlərin qalanı) etmək (yəni tamamlamaq) üçün canını təhlükəyə atdı.” Məndə qədim yüz illik kitab var – Vinsentin Filipililərə şərh kitabı. Orada mən sözügedən ayənin şərhini oxudum. Məncə, bu, Kol. 1:24-ün mükəmməl bir şərhidir. Vinsent belə dedi:

Paula göndərilən hədiyyə cəmiyyətin bir bədən olaraq göndərdiyi hədiyyə idi, məhəbbətdən gələn fədakar təqdim idi. Əskik olan və həm Paul, həm də cəmiyyət üçün ən yaxşısı o olardı ki, cəmiyyət ona bu hədiyyəni şəxsən təqdim etsin. Bu, mümkün deyildi və Paul Epafroditin səy və qeyrətlə dolu xidməti ilə bu əskikliyi tamamladığını söyləyir.

Burada biz pul hədiyyəsi ilə Romaya məhəbbətini ifadə etmək istəyən, amma imkan tapmayan imanlılar cəmiyyətini görürük. Onlar çoxdurlar və Roma onlardan uzaqdır. Lap uzaqdır. Onda onlar belə qərara gəlirlər: “Epafrodit bizi təmsil etsin və məhəbbətimizin “əskikliyini” (=qalanını) tamamlasın. Məhəbbətimizdə heç əskiklik yoxdur, yalnız məhəbbətimizin orada bir nəfər vasitəsilə ifadə edilməsi əskikdir. Ey Epafrodit, sən bunu götür və Paula çatdır.”

Məncə, Kol. 1:24-ün mənası elə budur. İsa öldü və bütün dünyada, hər millətdə olan insanlar uğrunda əziyyət çəkdi. Sonra Onu dəfn etdilər və Yazıya görə O, üçüncü gün dirildi. Sonra O, göyə qalxdı və göydən dünyada hökm sürür. Qalan işləri isə O, bizə tapşırır.

Paul öz missiyasını belə anlayırdı ki, İsanın əziyyətlərində bir əskiklik vardır. Məsihin məhəbbət hədiyyəsi uğrunda öldüyü millətlərə missionerlər tərəfindən təqdim olunur. Paul deyir: “Mən bunu öz əziyyətlərimlə edirəm. Öz əziyyətlərimlə Məsihin çəkdiyi əziyyətlərin qalanını tamamlayıram.” Beləliklə, Məsihin Böyük tapşırığı belə məna verir ki, Onun çəkdiyi əziyyətlər xalqının çəkəcəyi əziyyətlərlə millətlərə təqdim edilsin. Bu yolla Onun Böyük tapşırığı tamamlanacaq. Əgər siz Böyük tapşırığı ciddi qəbul edirsinizsə, onda əziyyətlərə çağırışı da ciddi qəbul etməlisiniz.

Üç il bundan əvvəl “Millətlər sevinsin” kitabımı yazdığım zaman İllinoys ştatı, Dierfilddəki Üçlük Seminariyasında (Trinity Seminary in Deerfield, IL) gizlənmişdim. Heç kimin məni narahat etməməsi üçün harada olduğumu bilmələrini istəmirdim, buna görə gizlənmişdim. Həyat yoldaşım və uşaqlarım evdə idilər, mən də gündə 18 saat işləyirdim.

O zaman C.Osuald Sandersin oradakı məbədə gələcəyini öyrəndim. O, səksən doqquz yaşında qoca veteran, böyük missiya rəhbəri idi. Mən öz-özümə dedim: “Görəsən, gedimmi? Bir çox insanlar məni görə bilər, o zaman söhbət etməyə başlayarlar, məni yeməyə çağırarlar, axırda mən işimi tamamlaya bilmərəm.” Bununla belə, mən ona qulaq asmaq istəyirdim, odur ki, gizlincə məbədin arxasında dayandım və qulaq asdım. 89 yaşlı bu adam durub danışırdı, mən də böyük həvəslə ona baxıb 89 yaşında onun kimi olmaq istəyirdim. O zaman Sanders Kol. 1:24-ü təsvir edən bir əhvalat danışdı.

O dedi ki, Hindistanda bir müjdəçi müxtəlif kəndlərə yalınayaq gedib Müjdəni yayırdı. O, sadə bir adam idi, təhsil görməmişdi, İsanı ürəkdən sevirdi və canını qurban verməyə hazır idi. Günlərin birində o, Müjdəni eşitməyən bir kəndə gəldi. Axşam idi və o, çox yorulmuşdu. Lakin o, kəndə girib səsini ucaltdı və meydanda toplanan insanlarla Müjdəni bölüşdü. Onlar isə müjdəçini lağa qoyub kənddən qovdular. O, yorğun və ruhdan düşmüş halda bir ağacın altında oturdu. Müjdəçi oyanıb-oyanmayacağını bilmədən oradaca yuxuya getdi. Ola bilsin ki, insanlar onu öldürərlər.

Hava qaralanda müjdəçi qəfildən oyandı. Bütün kənd əhalisinin onun ətrafında toplandığını gördü. Onu öldürəcəklərini düşünərək, qorxudan titrəməyə başladı. O zaman kəndin böyük adamlarından biri ona üz tutub dedi: “Biz buraya çıxdıq ki, görək, sən necə adamsan. Suluqlu ayaqlarını görən kimi bildik ki, sən müqəddəs adamsan. Bu suluqlu ayaqlarınla bizə nə danışmağa gəldiyini bilmək istəyirik.” O, Müjdəni vəz etdi və C.Osuald Sandersin dediyinə görə, bütün kənd İsaya iman gətirdi. Paul “Məsihin Öz bədəni olan imanlılar cəmiyyəti uğrunda çəkdiyi əziyyətlərin qalanını canıma cəfa verərək tamamlayıram” dedikdə, bunu nəzərdə tuturdu.

C.Osuald Sanders haqqında daha bir şey söyləmək istəyirəm. 89 yaşında bu adam belə deyirdi: “70 yaşım tamam olandan bəri ildə bir kitab yazmışam.” 70 yaşı tamam olandan sonra 18 kitab yazıb! Mənim cəmiyyətimdə və Amerikanın hər yerində 65 yaşında fəal həyatdan imtina edən və Nevadada qolf oynayarkən ölən çox adam vardır. Halbuki onlar Raymund Lulliy kimi müsəlmanların arasında canlarını verməlidirlər.

Raymund Lulliy XIII əsrdə yaşayan, müsəlmanların arasında missioner olan bir şərqsünas idi. Qocalanda Lulliy İtaliyaya qayıtdı. Bir müddət şərq dillərini öyrənməklə məşğul oldu, axırda bundan əl çəkərək öz-özündən soruşmağa başladı: “Mən nə edirəm? Mən onsuz da burada – İtaliyada öləcəyəm. Dənizin o biri tərəfində – Əlcəzairdə niyə ölməyim ki?” Açıqca Müjdəni yaymasının bununla nəticələnəcəyini bilə-bilə, o, səksən yaşından da qoca bir adam, gəmiyə minib Aralıq dənizini keçdi. Bir müddət gizlicə imanlıları ruhlandırdıqdan sonra o, vaxtının gəldiyini düşündü, şəhərə gedib açıqca vəz etdi və onu öldürdülər. Görün, bu adam necə öldü!

Siz, 60 yaşında olanlar, qulaq asın, mənim 50 yaşım var, mənim vaxtım az qalıb. Mənə artıq amerikalı təqaüdçülər assosiasiyasından məktublar gəlir, qatar və təyyarə biletlərini endirimli ala bilməyim üçün məni siyahılarına salmağa çalışırlar. Mənim ömrüm az qaldı və mən bu gün burada öz-özümə müraciət edirəm (indi cəmiyyətim də bunu eşidib və məni atəşə tutacaq!). Mən dedikdə ki, siz yaşlısınız və şəhid olmaqla heç nə itirmirsiniz, daha da endirim qazanırsınız, ilk əvvəl öz-özümə müraciət edirəm.

Biz niyə düşünürük ki, 40, yaxud 50 il iş yerimizdə zəhmət çəkəndən sonra Padşahımızın yanına getməmişdən əvvəl ömrümüzün son 15 ilini oynayaraq keçirməliyik? Mən bunu anlaya bilmirəm. Bu, Amerikanın yalanıdır, vəssalam. Biz 65 yaşında hələ güclüyük, 70 yaşında da güclüyük. Atamın 77 yaşı var. Anamın öldüyü gün yadımdadır. Anam İsraildə avtobus qəzasında vəfat etdi, atam da onun yanında idi və az qala o da öləcəkdi. 10 gün sonra mən atamı qarşıladım, anamın cənazəsi də yanında idi. Təcili yardım maşını ilə Atlantadan Qrinvildəki evimizə getdik. Yolda atam qarnı üstünə uzanmışdı, çünki kürəyindəki yaralar o qədər böyük idi ki, onları tikə bilməmişdilər. Atam yol boyunca təkrar-təkrar: “Allahın mənim üçün bir məqsədi var! Mütləq bir məqsədi var!” – deyirdi.

İndi o gündən 22 il keçib və atamın həyatı xidmətlə doludur! İndi o, 77 yaşında millətlər uğrunda əvvəlkindən də artıq zəhmət çəkir. O, Cənubi Karolina ştatında İsli şəhərində dərslərini hazırlayır, həm də səsini kasetə yazdırır. Onlar 60 ölkədədirlər, hər il təqribən 10 min nəfər İsaya iman gətirir, çünki Allah atamın həyatını qorudu və təqaüdçülüyə inanmamağa inandırdı.

Mükafata görə məmnunluq

İndi son məqama keçək: Bu cür sevgi ilə necə sevmək olar? Bunu necə əldə etmək olar? Siz özünüzü buna hazır hiss edirsinizmi? Sizcə, buna dözmək əlinizdən gələcəkmi?

Stiven Neilin “Məsihçi missiyasının tarixi” kitabında, 161-ci səhifədə Müjdənin XVI əsrdə Yaponiyaya gəlməsi ilə baş verən olaylar təsvir olunur. İmperator məsihçi inancının ölkənin dini sahəsinə daxil olmasını son dərəcə təhlükəli hesab edərək, buna son qoymalı olduqlarını qərarlaşdırdı. O, həqiqətən də, buna son qoydu, həm də tam inanılmaz qəddarlıqla bu məqsədinə nail oldu! Yaponiyadakı imanlılar cəmiyyətinə son qoyuldu. Mən heç şübhə etmirəm ki, iblisin XVII əsrin əvvəllərində Yaponiyada (qısa müddətli olsa da) kütləvi surətdə çaldığı qələbələrin bu millətin hal-hazırda sərtliyinə, problemlərinə böyük təsiri olmuşdur.

İyirmi yeddi nəfər iyezuit, on beş nəfər yoxsul rahib, beş ruhani sürgün əmrindən qaçmağı bacardı. Yalnız 1617-ci ilin aprel ayında ilk avropalılar şəhid oldular – o zaman bir iyezuitin və bir fransiskanın Omurada boyunları vuruldu; bir müddət sonra bir dominikan və bir avqustinian da öldürüldü. Təqibin yazıq qurbanları ilə amansızcasına hər cür pis rəftar etdilər. Yapon məsihçiləri, adətən, çarmıxa çəkilərək edam edilirdilər. Bir gün Yedoda 70 yapon suyun üstündə başıaşağı çarmıxa çəkildilər və su artanda boğuldular.

Mən bunu oxuyandan sonra 3 gün ağladım, çünki bir tərəfdə həyat yoldaşım, digər tərəfdə on altı yaşında qızım ilə birlikdə başıaşağı asılıb suda boğulduğumu təsəvvürümə gətirirdim.

Siz hazırsınızmı? Sizcə, bu, ürəyinizdə varmı? Yoxdur. Bu qüvvə heç kəsin ürəyində yoxdur. Bəs onu necə əldə etmək olar? Mən axırda elə bundan danışacağam.

Bunu Allahın vədlərinə inanaraq əldə etmək olar. İbr. 10:32-34 bu cür yaşamaq üçün qüvvəni necə əldə etmək haqqında ən sevdiyim ayədir.

Siz əvvəlki günləri xatırlayın. O vaxt Allahın nuru üzərinizə saçandan sonra əzablı, böyük mübarizəyə tab gətirdiniz. Bəzən təhqir və əziyyətlərə uğrayıb tamaşaya qoyuldunuz, bəzənsə eyni rəftara məruz qalanların dərdinə şərik oldunuz.

İndi mən sizə burada bəhs olunan vəziyyəti necə gördüyümü danışacağam. İmanlılar cəmiyyətinin ilk günlərində təqiblər başlandı. Onlardan bəziləri xalqın qarşısında əziyyət çəkirdilər və insanların onlara rəhmi gəlirdi. Bundan sonrakı ayədə görəcəyiniz kimi, o məsihçilərdən bəzisi həbs edildi, bəzisi həbsdə olanlara baş çəkməyə başladı. Onlar bir qərara gəlməyə məcbur idilər. O günlərdə həbsdə olanlar, yəqin ki, yeməyə, suya, köməyə ehtiyaclarında başqalarından asılı idilər, lakin onların yanına gələn dost-tanış onlarla əlaqəsini açıqca göstərirdi. Məsihçi olduğuna görə həbs olunmaq ciddi bir məsələ idi. Bu səbəbdən azadlıqda qalanlar gizli yığışaraq “Biz nə edəcəyik?” sualını müzakirə edirdilər. O zaman onlardan biri dedi: "Zəb. 63:3-də yazılıb ki, 'Allahın məhəbbəti bu həyatdan gözəldir'. O, bu həyatdan da gözəldir. Durun, gedək!"

Martin Lüter orada olsaydı, belə deyərdi:

Mal-mülk itsə, qohum ölsə əgər,
Beş günlük ömrümüz bitsə əgər,
Fani bədənimiz ölüb-gedər,
Rəbbin həqiqətiysə baqidir.
Onun Padşahlığı əbədidir.
Durun, gedək!

Onların etdiyi elə bu idi. Qalanını oxuyaq. 34-cü ayə: “Siz məhbusların çəkdiyi əzablara şərik oldunuz, …əmlakınızın talan edilməsini sevinclə qəbul etdiniz.”

Görün, nə baş verdi. Bunun üçün heç o qədər təsəvvür gücü lazım deyildir. Mən bu işi dəqiq bilməsəm də, o, təxminən belə oldu: onların məhbuslara rəhmi gəldi və onlar məhbusların yanına getdilər. O zaman onların mal-mülkləri: evləri, arabaları, atları, öküzləri, dülgərlik alətləri, stulları, – hər şeyləri izdiham tərəfindən yandırıldı və ya küçədə gəzən silahlı adamlar tərəfindən oğurlandı. Onlar geri qayıdıb nə baş verdiyini görəndə, sevindilər.

Əgər siz belə deyilsinizsə, - əgər siz kiməsə xidmət etməyə çalışarkən, o, sizin kompyuterinizi sındıranda, maşınla xidmətə gedərkən pəncərənizi daşla sındıranda, radionuzu oğurlayanda, təkərlərinizi deşib kəsəndə, siz bu cür sevinclə reaksiya verməsəniz, şəhid olmaq üçün yaxşı namizəd ola bilməyəcəksiniz. Sualımız belədir: “Siz necə bu cür reaksiya verən adam ola bilərsiniz?” Mən bu cür reaksiya verən adam olmaq istəyirəm. Buna görə bu ayələri sevirəm! Belə olmaq istəyirəm.

Bunu mükəmməl surətdə yerinə yetirdiyimi iddia etmirəm. Lakin belə adam olmaq istəyirəm ki, mətbəx pəncərəmdən daş gəlsə, şüşələr tökülsə, arvad-uşaq bunun güllə, yaxud qumbara olduğundan qorxub yerə yıxılsa (əslində, son aylarda iki dəfə belə oldu), mən bütün bunlara baxmayaraq: “Belə bir yerdə yaşamaq yaxşı deyilmi?” - deyə bilim. Məhz belə yerlərdə ehtiyac var. Yanınızdan 5 yeniyetmə keçir – onlara İsa lazımdır. Mən də buradan köçsəm, onlara İsa haqqında kim danışacaq?

Balaca oğlum velosiped sürərkən, xuliqanlar onu itələyib velosipedi əlindən aldıqları zaman mən ağlayan oğlumu qucaqlayıb: “Barnaba, oğlum, missioner həyatı belədir. Sən bu yolla missiyaya hazırlanırsan! Bu, əladır!” – deyə biləcəyimi ümid edirəm.

İki il əvvəl Florida ştatının Pensakola şəhərində Kol. 1:24 haqqında vəz etdim. 16 yaşında Abraham da mənim yanımda idi, mənim bu gün dediyim sözlərdən çoxunu eşitdi. Əzab-əziyyət haqqında ağır təlimi eşitdi. Biz maşınla evə qayıdanda həyat yoldaşım Abrahamdan “Oğlum, sən nə düşünürsən, Allah burada nə etdi?” – deyə, soruşanda, o, ona belə cavab verdi: “Mən dünyanın ən çətin ölkəsinə tək gediş biletini alıb gedəcəyəm.” Elə bunu dedi. Mən elə həyəcanlandım ki, başım tavana dəydi. Ay Allah! Necə gözəldir! Abraham üçün, bu uşağın həyatında etdiyin iş üçün Sənə minnətdaram.

Amma mən hələ mətnin əsas nöqtəsinə gəlib çatmamışam. Onların əmlakı talan edildikdən, həyatları təhlükəyə düşdükdən sonra nəyi var idi ki, onlar sevinə bilirdilər? Bu sualın cavabını həmin bu ayədə görürük: “özünüzün daha yaxşı və daimi malınız olduğunu bilərək…” Mən buna gələcək lütfə inam deyirəm.

Əgər siz məsihçisinizsə, Allah sizə təsviredilməz dərəcədə gözəl vədlər verir. "Allah Özü demişdir: “Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm.” Buna görə biz arxayınlıqla deyirik: “Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?”" (İbr. 13:5-6). Doğrusu, insan sizi öldürə bilər. Ancaq bu, o demək deyil ki, siz məğlub ola bilərsiniz. Rom. 8:36-39-da belə yazılmışdır:

“Biz gün boyu… qurbanlıq qoyunlar sayılırıq.” Lakin… əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq.

Buna görə də, heç bir şey sizə zərər verə bilməz. İsanın Luk. 21:12-19-da dediyi sözləri yada salın: “Bəzinizi edam etdirəcək… və zindanlara təslim edəcəklər... Amma başınızdan bir tük belə, əskik olmayacaq.” “Bəzinizi edam etdirəcək… Amma başınızdan bir tük belə, əskik olmayacaq”. Bu sözlər Rom. 8-ə oxşayır. Hər şey, hətta ölüm belə sizin xeyrinizə olur. Siz öləndən sonra məhv olmayacaqsınız. Sizin üçün ölüm qazancdır.

Ölümü qazanc sayaraq missiyada yaşanan həyat bu dünyada ən uca həyatdır.

Buna görə mən dua edirəm ki, siz də bizə qoşulub Amerikanın təhlükəsizlik, rahatlıq, asanlıq, əziyyətdən qaçma və mənəvi boşluq yolundan imtina edəsiniz. Bu boş şeylərdən əl çəkin və bu inanılmaz dərəcədə qüvvətli hərəkata qoşulun. Dünyanın hər yerində, məsələn, Cənubi Koreyada, ayağa qalxıb canlarını Məsih yolunda qurban verməyə hazır olan tələbələr vardır. Mən sizi də bunu etməyə dəvət edirəm.

©2014 Desiring God Foundation. Used by Permission.

Permissions: You are permitted and encouraged to reproduce and distribute this material in its entirety or in unaltered excerpts, as long as you do not charge a fee. For Internet posting, please use only unaltered excerpts (not the content in its entirety) and provide a hyperlink to this page. Any exceptions to the above must be approved by Desiring God.

Please include the following statement on any distributed copy: By John Piper. ©2014 Desiring God Foundation. Website: desiringGod.org